Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda repetitorluq ləğv edilir?

Azərbaycanda repetitorluq ləğv edilir?


Bu gün, 05:47

“Repetitorluq gələcəkdə tamamilə aradan qalxa bilər”.

Bunu yerli mediaya müsahibəsində İctimai Şuranın sədri, pedaqogika üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasının professoru Hikmət Əlizadə deyib.

O, şagirdlərin repetitorların yanına getməsini məqsədəuyğun hesab etmir:

"Fikrimcə, müəllim biləndə ki, şagirdi başqa bir müəllimin yanına hazırlığa gedir, bu, həmin müəllim üçün utanc olmalıdır. Deməli, müəllim öyrədə bilmir, amma başqası öyrədə bilir. Bəs o zaman müəllim sinfə niyə daxil olur? Bu gün təhsil sahəsində çox böyük islahatlar aparılır.

Hələ ki, bununla bağlı məlumat vermək istəmirəm. Düşünürəm ki, həmin islahatların həyata keçirilməsi repetitorluğun tədricən aradan qalxmasına kömək edəcək. Düzdür, bunun üçün ilk növbədə valideynlərin psixologiyasını dəyişmək lazımdır".

Bəs repetitorluğun aradan qaldırılması realdırmı, yoxsa bu daha çox nəzəri yanaşmadır?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, repetitorluq probleminin kökü imtahan tələbləri ilə məktəbdə verilən biliklərin tam üst-üstə düşməməsidir:

"Repetitorluğun aradan qaldırılması ilə bağlı hazırda real tətbiqlər mövcud deyil. Bu istiqamətdə nəticə əldə etmək üçün ilk növbədə qəbul imtahanı modelində müəyyən dəyişikliklər edilməlidir, fənlərin sayı minimallaşdırılmalıdır.

Eyni zamanda, yuxarı sinifləri əhatə etməyən tapşırıqları yenidən nəzərdən keçirilməli, əsas diqqət 10 və 11-ci siniflərə yönəldilməli və hazırlığın məktəb daxilində keçirilməsinə imkan yaradılmalıdır. Yalnız bundan sonra müəyyən dəyişikliklər müşahidə oluna bilər. Həmçinin qaydalar bir qədər sərtləşdirilməlidir. Repetitor fəaliyyəti ilə məşğul olan şəxslərin bir qismi vergidən yayınır.

Əgər onlar bu sahədə fəaliyyət göstərirlərsə, təbii ki, qanunvericilik çərçivəsində işləməlidirlər. Qeyd edim ki, dövlət tərəfindən bu istiqamətdə müəyyən tədbirlər görülür və ehtimal ki, 4–5 il sonra bu addımların real nəticələrini daha aydın görə biləcəyik".

Onun sözlərinə görə, hazırda da bu sahədə işlər aparılır:

"Məsələn, məktəblərdə təmayülləşmə sinifləri yaradılır və 10–11-ci sinif şagirdləri məhz həmin siniflərdə ixtisas qrupları üzrə hazırlıq keçə bilirlər. Düzdür, hələlik bunun tam effektini görmürük, lakin yenə də dövlət tərəfindən müəyyən addımlar atılır.

Qarşıdakı dövrdə müəllimlərin vahid iş rejiminin tətbiqindən sonra ən azı məktəbdaxili hazırlığın təşkili nəzərdə tutulur. Yəni dərsdən sonrakı fəaliyyət çərçivəsində ali məktəblərə və ya kolleclərə hazırlaşan şagirdlərin hazırlığı məktəbdə həyata keçirilə bilər.

Hesab edirəm ki, repetitorluq sahəsində xarici təcrübədən daha çox yararlanmalıyıq. Məsələn, xarici ölkələrdə valideynlər övladının hansı fəndə daha yaxşı olduğunu müəyyənləşdirir və məhz həmin fənn üzrə hazırlığa yönləndirirlər.

Bizdə isə bəzən uşaq hansısa fənni mənimsəyə bilməsə belə, məcburi şəkildə həmin fəndən repetitor yanına göndərilir. Nəticədə, bir çox valideynlər övladlarını 6–7 fənn üzrə hazırlığa qoyur və bu da repetitor bazarının daha da genişlənməsinə səbəb olur".

Ekspert qeyd edib ki, bu baxımdan dövlət müdaxiləsi vacibdir:

"Qaydalar sərtləşdirilməli və qəbul edilən qərarlar effektiv şəkildə tətbiq olunmalıdır. Əslində mövcud təhsil sistemi şagirdin əlavə hazırlığa ehtiyac duymaması üçün kifayət qədər imkanlar yaradır.

Sadəcə, imtahan sualları yuxarı sinif proqramına uyğun tərtib edilməli, xüsusilə 10–11-ci sinifləri əhatə etməlidir. Bu halda məktəbdə verilən biliklər əsasında hər bir şagird normal hazırlaşaraq ali məktəbə qəbul ola bilər".


Geri qayıt