Əsas Səhifə > Ana xəbər / Güney Press > Lerikdə sirli maşın yanğını
Lerikdə sirli maşın yanğınıBu gün, 14:06 |
|
Lerik rayonunun Bobla kəndində "HOWO" markalı, Az 90 DT 485 dövlət qeydiyyat nişanlı yük avtomaşını gecəyarısı yandırılıb. Avtomaşın qəsdən yandırılma nəticəsində yararsız hala düşərək külə dönüb. Musavat.com-a müraciət edən avtomaşının sahibi Etibar Quliyev cinayətin üstünün açılmamasından şikayətçidir. O, dəyəri 60 min manat olan yük avtomaşınının qəsdən yandırılması haqda ortada konkret ekspert rəylərinin olmasına baxmayaraq, cinayət işinin açılmamasına etiraz edir. Hadisə 31 iyul 2024-cü ildə Lerik rayonunun Bobla kəndində qeydə alınıb. Vətəndaş Etibar Quliyevə məxsus avtomaşın gecə saatlarında qəfil alışıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssisləri ilkin aktda yanğının "kənardan gətirilən od mənbəyi" tərəfindən törədildiyini, yəni maşının qəsdən yandırıldığını təsdiq ediblər. Zərərçəkmiş Etibar Quliyevin təqdim etdiyi sənədlərdən aydın olur ki, iş üzrə bir neçə ekspert rəyi hazırlanıb və bu rəylər bir-birini təkzib edir. İlkin rəydə yanğının kənardan müdaxilə ilə başladığı qeyd olunub. 20 noyabr 2024-cü ildə verilən rəydə isə iddia olunur ki, avtomaşında yanğına səbəb elektrik naqillərindəki qısaqapanma olub. 11 aprel 2025-ci il tarixli ekspertiza sensasion faktı üzə çıxarıb. Məlum olub ki, avtomobilin elektrik sistemini batareyadan ayıran "massa" açarı söndürülmüş (ayrılmış) vəziyyətdə olub. Bu isə o deməkdir ki, elektrik naqillərində gərginlik olmadığı üçün qısaqapanma baş verə bilməzdi. Ekspert bir daha təsdiqləyib ki, yanğın kənardan gətirilmiş alışdırma mənbəyindən başlayıb. Şikayətçinin sözlərinə görə, Lerik Rayon Polis Şöbəsinin müstəntiqinə bu təkzibolunmaz faktları təqdim etməsinə baxmayaraq, naməlum səbəbdən cinayət işinin başlanması baş tutmur, hər dəfə cinayət işinin başlanması rədd olunur. Hətta Baş Prokurorluğun göstərişi ilə rədd qərarları ləğv edilsə də, cinayət işi başlanmır. Daha bir maraqlı məqam isə Lerik Rayon Məhkəməsinin mövqeyidir. Məhkəmə nəzarəti qaydasında verilən şikayətə baxan hakim ekspert rəyləri arasındakı ciddi ziddiyyəti və "massa" açarının sönülü olması faktını araşdırmadan müstəntiqin qərarını qüvvədə saxlayıb. "Son ümid Şirvan Apellyasiya Məhkəməsinədir" Hazırda Etibar Quliyev Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək ədalətin bərpasını tələb edir. O, 60 min manatlıq əmlakını yandıran şəxslərin kimliyi barədə hüquq-mühafizə orqanlarına məlumat verildiyini, lakin yenə də nəticə olmadığından şikayətlənir. Etibar Quliyev Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edərək məsələnin nəzarətə götürülməsini xahiş edib: "Hörmətli cənab nazir Vilayət Eyvazovdan xahiş edirəm ki, avtomaşınımın yandırılması cinayətini nəzarətə götürməklə DİN İstintaq İdarəsində üstünün açılmasına göstəriş versin". Geri qayıt |