Əsas Səhifə > Ana xəbər / Güney Press > Qərbin sərhədimizdə “yumşaq nəzarət” qərarı
Qərbin sərhədimizdə “yumşaq nəzarət” qərarıBu gün, 08:05 |
|
Gələn həftə Avropa Birliyi ölkələrinin Xarici İşlər Nazirlərinin görüşündə Ermənistana mülki missiya göndərməklə bağlı yekun qərarın veriləcəyi gözlənilir. Sənədə əsasən, missiya nazirliklərə və təhlükəsizlik qurumlarına strateji və praktik məsləhət və dəstək verməklə Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirəcək. Bu qərar Avropa İttifaqının Cənubi Qafqazda təhlükəsizlik və siyasi təsir mexanizmlərini daha da genişləndirməsi kimi qiymətləndirilə bilər. Ermənistana “mülki missiya” göndərilməsi formal olaraq hibrid təhdidlərə qarşı dayanıqlığın artırılması məqsədi daşısa da, mahiyyət etibarilə İrəvanın təhlükəsizlik institutlarının Qərb standartlarına uyğunlaşdırılması istiqamətində sistemli bir inteqrasiya prosesinin tərkib hissəsidir. Missiyanın fəaliyyət istiqamətlərinə informasiya manipulyasiyası, kiberhücumlar və qanunsuz maliyyə axınları kimi həssas sahələrin daxil edilməsi göstərir ki, məsələ təkcə texniki dəstək deyil, həm də dövlət idarəçiliyinin strateji sütunlarına müdaxilə elementləri daşıyır. Bu isə Ermənistanın təhlükəsizlik modelinin tədricən Avropa metodologiyalarına bağlanması deməkdir. Eyni zamanda, bu addım regionda geosiyasi rəqabətin daha da dərinləşdiyini göstərir. Avropa İttifaqı özünü təhlükəsizlik təminatçısı və standart müəyyən edən aktor kimi möhkəmləndirməyə çalışır. Ermənistan isə bu prosesdə həm təhlükəsizlik boşluqlarını doldurmağa, həm də xarici dəstək hesabına institusional güc qazanmağa çalışır. Hərbi ekspert Ramil Məmmədli hibrid təhdidlərə qarşı Qərbin dəstəyini Rusiyaya yönəlik addım kimi qiymətləndirir. Onun qənaətinə görə, Avropa Birliyi Paşinyan hakimiyyətinə yardım əlini uzadır: "Sərhədimizdə olan jandarma qüvvələri hərbi təyinatlı missiyadır, sadəcə, mülki xarakter daşıdığı bildirilir. Avropa Birliyi indi isə hibrid təhlükələrə qarşı yeni addımlar atır. Əslində, bu da kəşfiyyat dəstəyinin bir hissəsidir. Belə demək mümkünsə, Paşinyan hökuməti Qərbin himayəsindədir və seçki kampaniyasında informasiya təhlükəsizliyi ilə bağlı dəstək göstərilir. Bu təhdidləri isə Rusiyadan görürlər. Ermənistandakı hakimiyyət və hamiləri hesab edirlər ki, Rusiya hərtərəfli təzyiqlərə başlayıb və bunun qarşısında duruş gətirmək üçün resurslar səfərbər olunmalıdır. Sərhəddəki missiya da Rusiyanın Ermənistanda təsirlərini azaltmağa hesablanıb və ola bilsin ki, vaxtı uzadılacaq. Rəsmi Moskva dəfələrlə bu ittihamı səsləndirib ki, Avropa Birliyi həm mülki missiya, həm kiberhücumlara qarşı mübarizədə dəstək adı ilə Ermənistana yerləşib, bu ölkə üzərindən Cənubi Qafqazda təsirlərini gücləndirir". “Amma bu da seçkilərin nəticələrindən asılıdır. Əgər hakim partiya qələbəni növbəti dəfə təmin edərsə, Qərb Ermənistanda Rusiya təsirlərinin azalması üçün yeni layihələr həyata keçirəcək. Ona görə də tezliklə yeni qərarın olacağı istisna deyil. Rusiya isə hələ də siyasi-iqtisadi və hərbi təsirlərini Ermənistan üzərində "Domokl qılıncı" kimi saxlamaqdadır. Elə ötən gün Paşinyan yarınaraq dedi ki, Rusiya ilə münasibətlər ən yüksək inkişaf dövrünü yaşamaqdadır. Bu da seçki ərəfəsində gözlənilən təzyiqləri neytrallaşdırmaq niyyəti güdür. Lakin Qərb sadəlövh deyil və Moskvanın İrəvanda seçki yolu ilə dəyişiklik arzusunu görür. Odur ki, hibrid təhlükəyə və kibürhücumlara qarşı mübarizə adı altında Ermənistanda iş aparır". Musavat.com Geri qayıt |