Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın SİRLİ mesajı

Paşinyanın SİRLİ mesajı


Bu gün, 10:42

“Biz iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyuruq və bu, Ermənistanla Azərbaycan arasında qurulan sülh prosesi ilə bağlıdır. Yaxın gələcəkdə TRİPP layihəsinin (Zəngəzur dəhlizi - red) başlanması ilə əlaqədar mühüm hadisələr gözləyirik”. Musavat.com bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan belə deyib. Baş nazir qeyd edib ki, Ermənistan blokadanı qaldırıb. “Azərbaycan vasitəsilə Ermənistana yük daşıması mümkün olub, lakin bu, Gürcüstan vasitəsilə oldu. TRİPP reallaşdıqdan sonra bu, Azərbaycan və Ermənistan arasında birbaşa reallaşacaq”, - o deyib.

Zəngəzurla bağlı yaxın zamanlarda hansı hadisələr gerçəkləşə bilər? İranın belə ərəfədə əngəl olması mümkündürmü?

Siyasi ekspert Züriyə Qarayeva dəmiryolu ilə yükdaşımalarının reallaşmasını regionda yeni iqtisadi-logistik dirçəliş və blokadada olan kommunikasiyaların açılmasının bir modeli kimi qiymətləndirir. Ermənistan üçün daha böyük dividendlərin vəd olunduğunu deyən ekspertin fikrincə, Paşinyan seçkiqabağı xalqa müsbət nailiyyətlər təqdim edir: "Təbii ki, yolların açılması, neft və digər məhsulların daşınması bölgədə müharibə risklərini sıfırlayır. Hər bir qatarın gedişi eskalasiya təhlükəsini azaldır. Ona görə erməni cəmiyyəti bu yeniliklərdən nəticə çıxarmalıdır. Zəngəzur dəhlizi də Ermənistanın suverenliyini əlindən almır, əksinə, iqtisadi blokadadan çıxış üçün imkanlar açır. Paşinyanın "Tramp marşrutu" ilə bağlı son açıqlaması göstərir ki, layihənin icrası üçün bəzi addımlar atılacaq. Xüsusən, amerikalılarla yolun texniki tərəflərini müzakirə etməyi sürətləndirmək lazımdır. Görünür ki, baş nazir seçki ərəfəsində cəmiyyətə daha bir pozitiv hesabat vermək hədəfindədir".

Ekspertə görə, İran bu logistikaya mane olacaq gücə malik deyil və Paşinyan hakimiyyəti reallığı təhlil edir: "Dövlət Departamenti bəyan etdi ki, TRIPP nəqliyyat dəhlizi proqramı ABŞ üçün prioritetlərdən biri olaraq qalır. Azərbaycan və Türkiyə də prosesi dəstəkləyir. İranı narazı salan hər hansı addım atılmır. Hətta Araz dəhlizi var və Tehran narahat olmamalıdır. Sadəcə, son günlər TRIPP-ə qarşı cəbhə formalaşıb. Daha doğrusu, hər zaman mövcud olan əks cinah təbliğatını gücləndirib. Bu qütbün söykəndiyi başlıca məqam isə İranda yaşananlar, daha dəqiq desək, ABŞ və İsrailin İrana qarşı hərbi müdaxiləsi fonunda yaranmış durumdur. İranda de-eskalasiya mühitinin hökm sürdüyü hazırkı şəraitdə müxtəlif ekspert dairələri tərəfindən, xüsusən Ermənistandakı bəzi başbilənlərin dili ilə TRİPP layihəsinin icrasının qeyri-mümkünlüyü və ya uzanacağı söylənilir”.

Z.Qarayevanın sözlərinə görə, bu mülahizəni ortaya atanlar müharibədən sonra güclənmiş İran amili üzərində dayanırlar. “Onlar bildirirlər ki, İslam respublikası ərəb ölkələrində ABŞ-a məxsus obyektləri hədəfə almışdı və TRIPP də eyni aqibətlə üzləşə bilər. Hətta İran diplomatiyasının layihənin reallaşmasına daha sərt formada mane olacağı önə çəkilir. Ancaq Zəngəzur dəhlizi ideyası fonunda meydana çıxmış TRIPP iqtisadi layihədir və onda hansısa hərbi element yoxdur. Deməli, layihənin nəinki İrana, bütövlükdə regionun hansısa dövlətinə qarşı yönəlməsi qeyri-mümkündür. Müvafiq olaraq, İslam respublikasının ona hərbi həmlələr etməsinə dair düşüncələr cəfəngiyatdan başqa bir şey deyil. Bəs bu ideyalar nəyə görə vüsət almaqdadır? Səbəb çox sadədir: məsələ Ermənistandakı parlament seçkiləri ilə bağlıdır. O seçkilər ki, gərgin keçəcəyi indidən müşahidə olunmaqdadır".

Musavat.com


Geri qayıt