Əsas Səhifə > Ana xəbər / Güney Press > Şok iddialar: NZS və Keşlə köçürülür?
Şok iddialar: NZS və Keşlə köçürülür?12-04-2026, 06:50 |
|
Son günlər NZS və Keşlə qəsəbələrinin köçürüləcəyi ilə bağlı yayılan məlumatlar ictimaiyyətdə müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, bu ərazilərlə bağlı hazırda hər hansı rəsmi qərar mövcud deyil. Onun sözlərinə görə, qeyd olunan qəsəbələr vaxtilə sənaye zonası olub və ilkin olaraq yaşayış üçün nəzərdə tutulmayıb. Lakin sonradan burada tikinti prosesi başlayıb və ev fondunun böyük hissəsi sənədsiz, qeyri-qanuni şəkildə inşa olunub. Zaman keçdikcə həmin tikililərin bir qismi müvafiq qayda və normalara uyğunlaşdırılaraq sənədləşdirilsə də, hazırda evlərin təxminən 50 faizindən çoxu hələ də sənədsizdir. Vüqar Oruc qeyd edib ki, bu ərazilərin tam şəkildə köçürülməsi həm miqyas baxımından çox böyük proses olardı, həm də artıq həmin ərazilər yaşayış zonası kimi formalaşıb. “Orada evlər, marketlər, məscidlər və digər infrastruktur mövcuddur. Yəni, yaşayış üçün lazım olan bütün elementlər formalaşıb. Bu səbəbdən həmin ərazilərin əvvəlki sənaye zonası vəziyyətinə qaytarılması və ya tam köçürülməsi ilə bağlı plan yoxdur”, – deyə o vurğulayıb. Ekspert əlavə edib ki, gələcəkdə müəyyən infrastruktur layihələri, o cümlədən metro və ya Ağşəhər layihəsinin genişlənməsi ilə bağlı proseslər baş verərsə, bu ərazilərin bir hissəsində lokal söküntü işləri aparıla bilər. Bu halda bəzi ərazilərin böyük Ağşəhər layihəsinə daxil edilməsi ehtimalı istisna olunmur. Lakin onun sözlərinə görə, yaxın 10–15 il ərzində bu cür genişmiqyaslı layihənin həyata keçirilməsi real görünmür Eyni zamanda bildirilib ki, xüsusilə kanalizasiya kollektorlarının üzərində yerləşən və qeyri-qanuni tikilmiş evlər təhlükə yaratdığı üçün söküləcək. Bu addım həmin ərazilərdə mühüm infrastrukturun – xüsusilə kanalizasiya sisteminin bərpası və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi məqsədi daşıyır. Vüqar Oruc yekunda qeyd edib ki, bütövlükdə qəsəbələrin köçürülməsi və ya yeni iri layihələrin icrası ilə bağlı hazırda rəsmi qərar yoxdur. Geri qayıt |