Əsas Səhifə > Ana xəbər / Güney Press > ETN-nin Qazaxıstan səfəri nəyi dəyişdirəcək?

ETN-nin Qazaxıstan səfəri nəyi dəyişdirəcək?


10-04-2026, 07:45

Məlum olduğu kimi ETN-nin bir qrup məmuru Qazaxıstana işgüzar səfərə gedib. ETN-ə yaxın bəzi KİV-lərdə bu səfərlə əlaqədar məqalə dərc edilib, adı: “Azərbaycan təhsilində gələcəyə hesablanmış addım: Qazaxıstana səfərin strateji əhəmiyyəti”. Məqalə bəzi saytlarda var, maraqlananlar ətraflı tanış ola bilərlər. 
 
Maraqlıdır ki, 35 ildə normal təhsil strategiysı yarada bilməyən bir qurum, bu səfəri strateji əhəmiyyətli hesab edir. Bu səfərin "strateji" əhəmiyyəti hansı strategiya ilə təyin edilib? Strategiya varmı? Hanı o strategiya? Əgər strategiya yoxdursa, bu səfərin nə "strateji" əhəmiyyəti ola bilər?
 
Hara gedəcəyini bilməyən gəmi üçün heç bir külək səmt küləyi olmadığı kimi, nə edəcəyini bilməyən ali təhsil sistemi üçün heç bir addım strateji ola bilməz.
 
Məqalədə qeyd edilir ki, bəzi universitetlərimiz Qazaxıstan universitetləri ilə əməkdaşlıq müqavilələri imzalamışlar. Məmurlarımız bu səfərdən və bağlanan müqavilələrdən sanki, eyforiya hissi keçirirlər. Hesab edirlər ki, bu müqavilələr təhsilimizin 30-35 illik problemlərini tez bir zamanda həll edəcəkdir. Sanki, müqavilə varsa, inkişaf öz- özünə baş verəcək.
Universitetlərin QS reytinqində “irəliləməsi” də belə eyforiya yaratmışdı. Az sonra bu manipullyasiya ifşa olundu, eyforiya azaldı. Amma pokazuxa cəhdləri hələ də var, özü də bahalı və əhəmiyyətsiz cəhdləridir bunlar, quma su tökmək kimi.
 
Məqalədən belə görünür ki, məmurların Əl Farabi universitetinə ekskursiyası Azərbaycan universitetlərini avtomatik olaraq innovativ universitet edəcək, ali təhsildə intensiv inkişaf baş verəcək. Yazıdan hiss edilir ki, məmurlar proseslərə çox bəsit baxırlar, sanki, “innovasiya”lardan çox danışmaqla, “innovasiya”lar yaranacaqdır.
 
Biz 20 ildir azərbaycan mətbuatında “innovativ təhsil” haqqında məqalələr yazırıq (100+ sayda məqalə) , danışırıq, layihələr icra edirik, bu ideyaları təbliğ edirik, təkliflər veririk. Hətta 15 il əvvəl Qazaxıstanın bəzi universitetlərində "İnnovativ universitetlər" mövzusunda menecerlərə və müəllimlərə mühazirələr oxuruq, ETN işə hələ furğunluqdan çıxa bilmir. Çünki, proseslərə yanaşması səhvdir. Dəfələrlə xaricdə beynəlxalq konfranslarda bu mövzuda məruzələr etmişik (hətta UNESCO tədbirlərində), ETN isə bütün bunlara biganə qalıb. Amma indi hesab edirlər ki, bir səfər və ya bir müqavilə ilə 30 illik problemləri həll edəcəklər?
 
Əgər ETN-ə inkişaf lazım idisə, niyə səsini çıxarmırdı bu illər ərzində? Yox inkişaf lazım deyilsə (yəqin ki, belədir), onda bu nə hay-küydür?
Qeyd edilən yazı reallığı təsvir etmir. Reallıq ritorika ilə əvəz edilir. Məqalənin əsas məqsədi səfər yox, ona verilən PR xarakterli şərhdir. Məqalə oxucuya “səfər, inkişaf deməkdir” ideyasını təlqin etməkdir. Yəni, səfər oldu, müqavilələr imzalandı, sərgi keçirildi, deməli, inkişaf başlayıb. Bu yanaşma səhvdir. Real inkişaf müqavilə ilə yox, təşkilatı dəyişikliklərlə baş verir.
Məqalədə vurğulanan əsas məqamlar (memorandumlar, ikili diplomlar, əməkdaşlıq sənədləri) formalizmdir. Bu postsovet idarəetməsinin klassik əlamətidir. Heç nə etmə, fəaliyyətin imitasiyası kifayətdir. Əsas məsələ budur ki, müqavilə var , sənəd var, amma mexanizm, iş, nəticə olmasa da olar.
 
Modelin “görüntüsü” ilə modelin “qurulması” səhv salınıb. Məqalədə xüsusi vurğulanan obyekt “Əl Farabi Innovasiya Mərkəzi”dir. Məqalə bunu strateji uğur kimi təqdim edir. Amma “Əl Farabi Innovasiya Mərkəzi”nə məmurların ekskursiyası, hələ Bakıda (ya Ələtdə) yeni bir “Milli Innovasiya Mərkəzi”nin qurulması demək deyil.
“Əl Farabi Innovasiya Mərkəzi” kimi bir qurum yaratmaq 10–15 illik sistemli siyasətin, sistemli fəaliyyətin, böyük investisiyanın nəticəsidir. Bunlar bizim təhsildə 30 ildə olmayıb, indi bir səfərlə olacaqmı?
 
“Əl Farabi Innovasiya Mərkəzi” kimi qurumlar maliyyə, idarəetmə və akademik azadlıq üzərində qurulub, dostlara illərlə verilən milyonluq tender və qrantlar üzərində yox. Belə missiyası olan universitetlər 10 illər ərzində təmir-tikintiyə yönəltdiyi milyonları belə innovativ qurumların yaradılmasına və davamlı inkişafına yönəlltməli idi.
Məqalədə deyilir: “Azərbaycan universitetləri qlobal sistemə inteqrasiya olunur”. Reallıqda isə universitetləriminin maliyyə müstəqilliyi zəifdir, elmi məhsuldarlıq aşağıdır, qrant sistemi səmərəsizdir. Bizim universitetlərin diplomları heç qardaş Türkiyədə də tanınmır.
Qazaxıstan universitetlərinin elm-təhsil-innovasiya sistemində uğurunun konkret səbəbləri var, bu modeli təsadüfi deyil. Bu uğurun səbəbləri sistemli strategiya (“Qazaxıstan-2050” kimi uzunmüddətli plan), güclü maliyyə (universitetlərə real investisiya), keyfiyyətli idarəetmə, düzgün kadr siyasəti, hesabatlılıq (səhvlərin şəffaf təhlili).
 
Azərbaycan universitetlərinin əsas problemləri idarəetmə (qərarlar analitik deyil, şəxsi və inzibati yanaşma əsasında qəbul edilir), maliyyə problemləri (elm və təhsil az və səmərəsiz maliyyələşir), ümumən bütün resurslar səmərəsiz istifadə olunur, ictimai nəzarət çox zəifdir (tənqid qəbul edilmir, ekspertlərlə əməkdaşlıq yoxdur, beyin mərkəzləri yaradılmayıb, sistem özünü korreksiya etmir), “innovasiya” anlayışı səhv başa düşülür.
 
Məqalədə innovasiya dedikdə sərgi, təqdimat, əməkdaşlıq başa düşülür. Amma real innovasiya bazara çıxan məhsul, iqtisadi dəyər, texnologiya yaradılmasıdır.
ETN-nin əsas iş metodu- imitasiya metodu hər addımda aydın hiss edilir. Bu yanaşmada Qazaxıstan modelinə baxılır, amma onun yalnız zahiri tərəfi qəbul edilir. Bu “copy-paste innovasiya” modelidir. ETN-nin strateji səhvi ortaya çıxır, nəticə yoxdur, proses imitasiyadır.
 
Məqalədə nəticə kimi təqdim olunanlar (sərgi, görüş, memorandum) əslində nəticə deyil, hələ prosesin əvvəlidir.
Maraqlıdır, bu səfərdən sonra ali təhsildə hansı struktur islahatlar aparılacaq, universitetlərə hansı maliyyə dəstəyi veriləcək, hansı KPI-lər tətbiq olunacaq, bunlara kim məsuliyyət daşıyacaq, bu qədər peşəkarı haradan tapacaqlar? Bu sualların cavabı isə 30 ildir təhsilimizdə yoxdur.
 
Təhsil sistemində digər problem alternativ fikrin inkarıdır. Ekspertlər 20 ildir problemləri yazır, amma məmurlar görmürlər, eşitmirlər, qəbul etmirlər, bu səbəbdən sistem dəyişmir. Deməli, problem informasiya çatışmazlığında deyil, problem idarəetmədədir.
Real inkişaf üçün struktur islahatlar (universitet muxtariyyəti, maliyyə müstəqilliyi), şəffaf qrant sistemi ( real elmi layihələrə dəstək), peşəkar idarəçilik (təsadüfi yox, səriştə əsaslı seçim), hesabatlılıq (səhvlərin açıq təhlili və korreksiya) zəruridir.
 
Qazaxıstan səfəri potensial olaraq faydalıdır, amma belə yanaşma ilə simvolik hadisəyə, kompaniyaya çevrilir. Əgər düşüncə dəyişməzsə, səfərlər artacaq, müqavilələr çoxalacaq, amma nəticə dəyişməyəcək. 30 il məhz belə olub.
 
Görünən budur ki, Azərbaycan təhsil sistemi özünü yeniləmək, dəyişmək, inkişaf etmək istəmir çünki, menecerlər nəyi, nə vaxt və necə etməyi hələ də bilmirlər...
Müəllif: İlham Əhmədov (təhsil eksperti) - "DİA-AZ"

Geri qayıt