Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıda məşhur tikinti şirkəti adını dəyişib

Bakıda məşhur tikinti şirkəti adını dəyişib


31-03-2026, 10:31

Təmir-tikinti sektorunda fəaliyyət göstərən “Var Construction” şirkəti adını dəyişib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkət hazırda fəaliyyətini “Azdev Engineering Construction” adı altında davam etdirir.

Şirkətin adının dəyişdirilməsinin səbəbləri məlum deyil.

Qeyd edək ki, sözügedən şirkət 2020-ci ilədək “Turqay” MMC adı altında fəaliyyət göstərib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, şirkət 2001-ci ilin avqustun 28-də dövlət qeydiyyatına alınıb və 2005-cı ilin yanvarın 6-da isə vöen verilib. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 125, mənzil 90-da yerləşən şirkətin qanuni təmsilçisi Orucov Rafət Güləli oğludur. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Kərimov Alim Möhsün oğlu olub.

Məlumat üçün onu da bildirək ki, dövlət satınalmalarının vahid internet portalında ictimaiyyətə təqdim olunmuş məlumatlara əsasən, sözügedən şirkət 2022-ci ildən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin təmir işləri ilə bağlı nəhəng tenderlərin qalibi olub. Şirkətlə 2023-cü ilin avqustunda Nərimanov Tibb Mərkəzinin tabeliyindəki 5 nömrəli Şəhər Kliniki Xəstəxananın binası, korpusları və köməkçi binalarının yenidənqurulması (avadanlıq daxil) işlərinin satın alınması ilə bağlı 19 milyon 128 min manatlıq, 2024-cü ilin avqustunda həmin xəstəxana binasına bitişik qəbul qeydiyyat binasında və ərazidə görüləcək əlavə işlərin satın alınması ilə bağlı 4 milyon 363 min manatlıq, 2024-cü ilin oktyabrında isə Respublika Klinik Xəstəxanasının yenidən qurulması işlərinin satın alınması ilə bağlı 18 milyon 257 min manatlıq müqavilələr bağlanılıb.


Geri qayıt