Əsas Səhifə > Ana xəbər / Güney Press > Mən özüm iranpərəst deyiləm, amma...

Mən özüm iranpərəst deyiləm, amma...


29-03-2026, 01:33

Son vaxtlar sosial şəbəkələrdə maraqlı bir tendensiya müşahidə edirəm. İranla bağlı müzakirələrdə bəzi istifadəçilər fikirlərinə “Mən özüm İranpərəst deyiləm…”, "Mən özüm İran tərəfdarı deyiləm..." kimi cümlələrlə başlayırlar.
Bu, sizcə, təsadüfdürmü? Mənə görə yox. Çünki bu adamlar açıq şəkildə İranı müdafiə etdikdə, İranı müdafiə edən şərhlər yazdıqda, cəmiyyətdə ciddi şəkildə tənqid olunurlar, troll, agent və s. kimi daha sərt ittihamlarla qarşılaşırlar və yazdıqlarının təsir gücü zəif olur. Çünki insanlar İran agenti hesab etdiklərinin yazdıqlarına doğru olsa belə inanmırlar, hətta doğrularını belə nifrətlə qarşılayırlar. Buna görə də “obyektiv” və neytral görünmək üçün belə üslub seçmək məcburiyyətində qalıblar.
Şəxsən mənə eyni vaxtda sözünə "Mən İranpərəst deyiləm" sözüylə başlayan bir dəstə adamın ortaya çıxması şübhəli gəlir. Bu, daha çox koordinasiya olunduqları ehtimalını gücləndirir. Ən yaxşı halda belə düşünmək olardı ki, təhlükəsizlik orqanlarının hədəfinə tuş gəlməmək üçün belə edirlər. Məsələn, o gün eyni vaxtda Şəkidən olan xeyli dindar İran haqda yazdığım statusa təhqiramiz şərhlər yazmağa başladı. Aydın məsələdir ki, yazımı rayonda operativ fəaliyyət göstərmək üçün istifadə etdikləri votsap qruplarına atmışdılar. Çoxunun profilinə də girib baxdım. Elə bil İranda mədrəsəyə girirsən. Paylaşdıqları ancaq İranı, Rusiyanı müdafiə-təbliğ edən paylaşımlardır. Bəzilərinin də profili bağlıdır. Ancaq gəlib sənin yazına şərh yazanda "Mən İranpərəst deyiləm"lə cümləsinə başlayır.
Ola bilər bunu yazanların bəziləri həqiqətən təsadüfən sözə belə başlayır, amma kütləvi şəkildə bu cür maskalanmaq təsadüf ola bilməz.
Müəllif: Fərəc Kərimli - Mənbə: "DİA-AZ"

Geri qayıt