Əsas Səhifə > Ana xəbər / Güney Press > ““Azəriqaz” “vətəndaşlardan əsassız şəkil tutulmuş vəsaitlər geri qaytarılacaqmı?” sualına cavab verməlidir”

““Azəriqaz” “vətəndaşlardan əsassız şəkil tutulmuş vəsaitlər geri qaytarılacaqmı?” sualına cavab verməlidir”


Bu gün, 11:18

“Son günlər qaz sayğaclarının kartlarına vəsait yüklənərkən müəyyən məbləğin çıxılması ilə bağlı vətəndaşlardan daxil olan müraciətləri və sosial şəbəkələrdə səslənən narazılıqları biz də izləyirik. Bu, cəmiyyət üçün həssas məsələdir və tam aydınlıq gətirilməsi vacibdir. Qeyd etmək lazımdır ki, “Azəriqaz” bu istiqamətdə açıqlama yayıb və yaranmış vəziyyəti texniki problemlərlə izah edib. Lakin hazırkı mərhələdə problem tam aradan qaldırılmayıb. Vətəndaşları narahat edən əsas sual açıq qalır: tutulmuş vəsaitlər geri qaytarılacaqmı? Daha konkret və aydın mövqe ortaya qoyulmalıdır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputat bildirib ki, vəsait texniki nasazlıq nəticəsində əsassız şəkildə çıxılıbsa, məbləğlərin vətəndaşlara qaytarılması təmin edilməlidir: “Bu barədə rəsmi, şəffaf və birmənalı izah verilməsi vacibdir ki, insanlar həm öz hüquqlarını bilsinlər, həm də yaranmış narazılıq aradan qalxsın. Hesab edirəm ki, “Azəriqaz” tərəfindən bu məsələ ətraflı şəkildə araşdırılmalı, bütün mexanizm açıq və sadə dildə izah edilməli, vətəndaşlara dürüst və dolğun informasiya təqdim olunmalıdır. Əks halda, belə hallar haqlı narazılıqlara səbəb olur və sualların sayı artır. Mövzunu diqqətdə saxlayacaq və aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacaq. Vətəndaşların hüquqlarının qorunması və şəffaflığın təmin olunması hər bir kəs prioritet olmalıdır”.


Geri qayıt