Əsas Səhifə > Ana xəbər / Güney Press > İrandan sonra NÖVBƏTİ HƏDƏF KİMDİR?
İrandan sonra NÖVBƏTİ HƏDƏF KİMDİR?24-03-2026, 06:59 |
|
"İran rejiminə mənfi münasibət bəsləmək olar (mənim də münasibətim mənfidir). Amma rejim xadimlərinin və son nəticədə İran xalqının ondan qat-qat güclü yadelli təcavüzlə mətanətlə mübarizə aparması nəinki müasir dövrün, ümumiyyətlə bəşər tarixinin nadir fenomenlərindən biridir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra bildirir "Bilirlər ki, məğlub olacaqlar, amma vuruşurlar. Rejim xadimləri qaçmır, hər an həlak ola bilmələrinə rəğmən cəsarətli çıxışlar edirlər, həlak olanların yerinə dərhal yeni rəhbərlər gəlir və nizam pozulmur. Belə mərdliyi, kişiliyi ancaq uzaq tarixə dair kitablarda oxumuşuq. Məsələn, Babək Xilafətlə, Şeyx Şamil və Cavad xan Rusiya ilə belə vuruşurdu. Digər misal: eramızdan 480 il əvvəl 300 spartalı Fermopildə canı bahasına 3 gün yüzminlərlə fars ordusuna qarşı vuruşurdu. 73-cü ildə isə 960 yəhudi Masad qalasında aylarla romalı işğalçılara müqavimət göstərib həlak oldular. Ukrayna xalqı da hazırda Rusiyaya qarşı möhtəşəm müqavimət göstərir. Amma ukraynalıları aşkar şəkildə Qərb dəstəkləyir. İranlılar isə demək olar ki, meydanda təkdilər. Buna baxmayaraq, rejim əleyhdarları (o cümlədən bizdəkilər) sadaladığım tarixi misalları tərənnüm etsələr də, iranlıların qəhrəmanlığını paxıllıqdan və indiyədək dediklərinin (guya iranlıların əksəriyyəti rejimin devrilməsini istəyir) altüst olduğu səbəbindən dilə gətirmirlər. Halbuki, düşmənçiliyi də kişi kimi aparmaq lazımdır. Hazırda dünyada nə qədər dövlət var ki, vəzifəliləri övladları ilə birgə canı bahasına düşmənlə sonadək vuruşmağa qadirdir? Əksəriyyəti sadəcə qaçıb xaricdəki əmlakı hesabına firavan yaşamağa üstünlük verəcək! Bəli, İran rejiminin dəyərləri bizə yaddır, amma onların öz əqidəsi uğrunda sonadək vuruşması hörmətə layiqdir. Dəyərlərini bölüşməsəm də, fəxr edirəm ki, tarixin bu şanlı səhifəsini (o cümlədən ona görə ki, Ukrayna Rusiyanı durdurduğu kimi İran da ABŞ və İsraili ən azı elə zəiflədir ki, başda Türkiyə olmaqla növbəti hədəf olan digər müsəlman ölkələri sionist həmləsinə hazırlaşa bilsinlər) hazırda həmçinin İran azərbaycanlıları yazır. Bu dünyada ən təhlükəli insanlar əqidəsini bəyənmədiyimiz (məgər biz Babəkin və ya Cavad xanın dini və siyasi dəyərlərini bəyənirik indi? Xeyr!) yox, əqidəsizlərdir, çünki o cümlədən Vətəni də ucuz satıb qaçarlar…
Heç vaxt İran haqda müsbət yazmamışam. Amma indi yazıram. Çünki iki pisdən daha yaxşısını seçmək lazımdır. Həm də mərdin və məzlumun yanında olmaq lazımdır, o yekunda qaçılmaz olaraq məğlub olacaqsa belə. Nəhayət, aydındır ki, növbəti hədəf Türkiyədir, deməli, həm də bizik, üzümüzə gülmələrinə rəğmən. Üzümüzə gülənlərin yerli tərəfdarlarının canfəşanlığına isə fikir verməyin: onlardan aldıqları vəsait hesabına sabah sadəcə onların yanına yaşamağa gedib lüks həyat tərzi sürəcəklər. Biz isə burada qalacağıq, o cümlədən qonşularımızın yanında…"
Geri qayıt |