Əsas Səhifə > Ana xəbər / Güney Press > Neft gəliri necə xərclənməlidir?

Neft gəliri necə xərclənməlidir?


20-03-2026, 06:35

Dünya enerji bazarlarında qiymət artımı davam edir.

"Azeri Light" (CIF) markalı Azərbaycan nefti son günlərdə kəskin bahalaşaraq 118 dollara yaxınlaşıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 9,63 ABŞ dolları və ya 8,9% artaraq 117,79 ABŞ dolları olub. Azərbaycan neftinin əvvəlki qiyməti isə 108,16 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Göründüyü kimi, dövlət büdcəsində nəzərdə tutulan 65 dollarlıq baza qiymətini xeyli üstələyən bu artım Azərbaycanın gəlirlərinə müsbət təsir göstərir.

Bu, o deməkdir ki, büdcəyə planlaşdırılandan daha çox vəsait daxil olur. Bu vəziyyət yaranan əlavə vəsaitin necə idarə olunacağı və onun uzunmüddətli iqtisadi faydaya necə çevriləcəyi məsələsini gündəmə gətirir.

Bəs mövcud qiymət artımı fonunda hansı iqtisadi addımlar atılmalıdır ki, bu fürsətdən maksimum fayda əldə olunsun?

"Cebhenfo.az” - a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı Akif Nəsirli bildirib ki, neft qiymətlərinin artması ilk növbədə dövlət gəlirlərinin yüksəlməsinə səbəb olur. İqtisadçı əlavə edib ki, mövcud artımın müvəqqəti xarakter daşıdığını nəzərə almaq vacibdir:

"Əsas gəlir artımı Azərbaycan Dövləti Neft Fondu və vergi daxilolmaları vasitəsilə formalaşır. Nəticədə hökumətin sosial xərcləri artırmaq, infrastruktur layihələrini maliyyələşdirmək və ya ehtiyat toplamaq imkanları genişlənir.

Amma bu artımın müvəqqəti xarakter daşıdığını nəzərə almaq vacibdir. Neft qiymətləri çox dəyişkəndir və bugünkü yüksək qiymət sabah eyni səviyyədə qalmaya bilər. Ona görə də əlavə gəlirlərin hamısını cari xərclərə yönəltmək risklidir".

Akif Nəsirlinin sözlərinə görə, bu vəziyyətdə ən düzgün addımlardan biri əlavə gəlirlərin bir hissəsini ehtiyat fondlarına yönəltməkdir ki, gələcəkdə qiymətlər düşəndə iqtisadi sabitlik qorunsun:

"Eyni zamanda, qeyri-neft sektoruna investisiyaların artırılması vacibdir. Kənd təsərrüfatı, texnologiya, sənaye və turizm kimi sahələrin inkişafı iqtisadiyyatın neftdən asılılığını azalda bilər.

Digər tərəfdən, infrastruktur və insan kapitalına yatırımların artırılması uzunmüddətli fayda verə bilər. Təhsil, səhiyyə və innovasiya sahələrinə yönəldilən vəsait gələcək iqtisadi artım üçün baza yaradır". O vurğulayıb ki, yüksək neft gəlirləri fonunda əsas məqsəd əlavə gəlirlərin səmərəli idarə olunmasıdır:

"Bununla yanaşı, fiskal intizam qorunmalıdır. Yəni xərclər sürətlə artırılmamalı, inflyasiya riski nəzərə alınmalıdır. Əks halda yüksək neft gəlirləri iqtisadiyyatda qiymət artımını daha da sürətləndirə bilər.

Nəticədə yüksək neft qiymətləri qısa müddətdə büdcə gəlirlərini artırsa da, əsas məqsəd bu vəsaiti düzgün idarə edib uzunmüddətli iqtisadi dayanıqlığı təmin etmək olmalıdır".


Geri qayıt