Əsas Səhifə > Ana xəbər / Güney Press > İranla müharibəyə görə tarixi ssenari: Bakı gözləmədə!
İranla müharibəyə görə tarixi ssenari: Bakı gözləmədə!17-03-2026, 07:47 |
|
Regionda artan gərginlik fonunda neftin qiymətinin yaxın günlərdə 200 dollara qədər yüksələ biləcəyi iddia edilir. Bildirilir ki, belə bir artım Azərbaycan neftinin qiymətində də ciddi sıçrayışa səbəb olacaq. Bu ssenari nə dərəcədə mümkündür? Proses Azərbaycan neftinə təsir edə bilərmi? Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, ekspert Akif Nəsirli deyib ki, regionda baş verən geosiyasi gərginliklər qlobal neft bazarında qiymətlərin qısa müddətdə kəskin dəyişməsinə səbəb ola bilər:
“Xüsusilə Yaxın Şərqdə münaqişələrin genişlənməsi və əsas nəqliyyat marşrutlarının risk altına düşməsi bazarda “risk mükafatı” adlanan əlavə qiymət artımını yaradır. Məsələn, dünyada daşınan neftin təxminən 20 faizi keçən Hörmüz boğazı ətrafında baş verən hərbi gərginlik artıq qiymətlərin artmasına təsir göstərib və bazarda ciddi narahatlıq yaradıb. Hazırda neftin qiymətinin artacağı istisna olunmasa da, bir barelin 200 dollara çatmasını daha çox ekstremal ssenari hesab edirəm. Belə bir qiymət səviyyəsi yalnız böyük miqyaslı hərbi münaqişə nəticəsində dünya bazarına ciddi təchizat kəsintisi yaranarsa mümkün ola bilər.
Mövcud qiymətlər artıq artım göstərsə də, əsas proqnozlar daha aşağı səviyyələri nəzərdə tutur. Məsələn, bir sıra beynəlxalq maliyyə institutları 2026-cı ildə “Brent” markalı neftin orta qiymətinin təxminən 60 dollar ətrafında olacağını proqnozlaşdırır. Digər tərəfdən, bazarda neft təklifinin kifayət qədər olması və bəzi ölkələrin hasilatı artırması qiymətlərin çox yüksək səviyyədə qalmasını məhdudlaşdıra bilər”. İqtisadçı bildirib ki, neft qiymətlərində baş verən hər hansı bahalaşma Azərbaycanın ixrac etdiyi neftə də təsir göstərir: “Çünki Azərbaycan əsasən dünya bazarında formalaşan “Brent” qiymətlərinə yaxın indekslərlə satış həyata keçirir. Buna görə qlobal bazarda qiymət qalxarsa, Azərbaycan neftinin də bahalaşması ehtimalı artır və bu, ölkənin neft gəlirlərinin artmasına şərait yaradır. Lakin qiymət artımının davamlı olub-olmaması əsasən geosiyasi vəziyyətin necə inkişaf etməsindən asılıdır. Gərginlik qısa müddətdə azalarsa, qiymətlər yenidən sabitləşə və hətta aşağı düşə bilər. Ona görə də 200 dollarlıq qiymət ssenarisi nəzəri olaraq mümkün sayılsa da, hazırkı şəraitdə çox yüksək ehtimallı variant kimi qiymətləndirilmir”. Qeyd edək ki, dünya bazarında neftin rekord qiyməti 11 iyul 2008-də olub. Bu zaman qiymət təxminən 147,27 dollar/barrel səviyyəsinə çatmışdı. Geri qayıt |