Əsas Səhifə > Ana xəbər / Güney Press > Evləri də olub, pulları da, vəzifələri də...
Evləri də olub, pulları da, vəzifələri də...7-03-2026, 08:01 |
|
"Bir vaxtlar akademşəbəkə ilə mübarizənin qızğın çağında mənə bəzi "dostlar"ın: "İdris, səni alacaqlar. Çalış, özünü baha sat!" demələrini sadəcə zarafat, lağlağı kimi anlamışdım..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor İdris Abbasov bildirib.
O daha sonra fikrini belə davam etdirir: "Sonradan bunun ciddi olduğunu gördüm və düzü, xeyli təsirləndim və ümidsizləşdim. İnsan üçün ləyaqətini, kimliyini, mənliyini satmaqdan alçaq şey nə ola bilər?! Bu faillər, təsəvvür edin, mənəviyyatdan, dəyərlərdən, millətdən, dövlətdən, ədalətdən, istiqlaliyyətdən, qurucu babalardan, vətənpərvərlikdən dil-dil ötür, əlləri çatan gəncləri də özləri kimi edir və bu idbar əməli cəmiyyətə norma kimi sırıyırlar.
Bu zəhərli vərdiş və ya əxlaqı yayanlar, doğrudanmı, insan şəklində, tutuquşu nitqində 62 xromosom daşıyıcılarıdır?! Bundan böyük alçaqlıq nə ola bilər?! Özünü satanların söz sahibinə çevrilmələri cəmiyyətin tənəzzülü deyilmi?!
İnsanlıqdan uzaq, özünü saf xalqın gözündə nurlu alim, fədakar ziyalı, düz yol göstərən ictimai xadim, məsum qələm adamı kimi göstərən, əslində isə millətin kəfənini biçən bu 31 cüt xromosomlular, doğrudan da, bir mənzilə, bir avtomobilə, vəzifəyə,eyş-işrətə, paket pula özlərini (ləyaqətlərini, vicdanlarını, nəhayət, insanlıqlarını) satıblar! Evləri də olub, pulları da, vəzifələri də. Ancaq varlıqlarını itiriblər. İnsan olduqalrının fərqinə varmadıqları üçün bəşəriyyət üçün ciddi təhdidə çevriliblər.
PS. Həmin vaxtlar bəzən məni "like" atəşləri ilə müdafiəyə də qalxıblar. Azğınlaşmış bir akademik haqqında tənqidi yazı yazanda, sən demə, mənliyini qarnına satmış bu kəslər elə bilirlərmiş ki, bəlli bölgədən olduğum üçün mənim lap yuxarıda vəzifəli adamlarım var və onların göstərişi ilə yazıram. Tfu! Ləyaqətsizliyin dərəcəsinə baxın!
"Like" yaltaqlanması ilə faydalanmaq istəyirlərmiş. Əsl həqiqəti biləndə ki, əşi yox e, bu İdris onlar dedikləri adam deyil, yerlibazlıq, tayfabazlıq və dostbazlıqdan, alış-veriş əməliyyatlarından, rüşvətdən, mənimsəmədən uzaqdır, onların təbirincə, "yanan barmağa bir sarğı deyil", aradan çıxıb özlərinə uyğun başqa obyekt axtardılar. Sayları az da deyil. Belələri ilə indi hansı rifah dövləti, hansı ədalətli cəmiyyət qurmaqdan danışaq?! Bu düşüncə yiyələri ilə yalnız bədbəxt bir cəmiyyətə nail olmaq olar. O da göz qabağındadır.
Raketlərin dağıtmadığı evləri özünü satmağa vərdiş edərək iç düşmənə çevrilmiş bu zatlar səssiz-küysüz dağıdırlar. Bundan böyük düşmənlik nə ola bilər?!"
Geri qayıt |