Əsas Səhifə > Ana xəbər / Güney Press > “A-Qroup Sığorta” batır: Şirkətin yığımları 55,32 faiz azalıb
“A-Qroup Sığorta” batır: Şirkətin yığımları 55,32 faiz azalıb4-03-2026, 05:37 |
|
Azərbaycanda sığorta bazarında ötən ay diqqətçəkən geriləmə qeydə alınıb. Ümumilikdə şirkətlər 2026-cı ilin yanvar ayında 156 milyon 604 min manat sığorta haqqı toplayıblar. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 54 min manat və ya 4,31 faiz azdır. Yəni bazarda ümumi yığım azalması müşahidə olunur. Ancaq əsas məsələ ümumi azalma deyil, hansı şirkətin daha çox zəifləməsidir. Statistikaya baxdıqda ən kəskin geriləmənin “A-Qroup Sığorta”da baş verdiyi görünür. Şirkətin yığımları 2 milyon 72 min manatdan 1 milyon 334 min manata düşüb. Bu isə 55,32 faiz azalma deməkdir. Faiz göstəricisinə görə bazarda ən ciddi geriləmə məhz bu şirkətdə qeydə alınıb. Belə bir azalma şirkətin bazar payında ciddi itki yaşadığını göstərir. Diqqətçəkən digər azalma isə “Qala Sığorta”dadır. Şirkət 24,53 faiz geriləyib. Həmçinin “Atəşgah Həyat” və “Atəşgah” da 20 faizdən çox azalma ilə siyahıda ön sıralardadır. Bu göstəricilər həmin şirkətlərin ötən ilin eyni dövrü ilə müqayisədə xeyli zəiflədiyini göstərir. Bazarın ən iri oyunçularından biri olan “Paşa Sığorta” da azalma yaşayan şirkətlər arasındadır. Şirkətin yığımları 3 milyon 549 min manat azalıb. Faiz olaraq geriləmə 5,14 faizdir. Rəqəm böyük görünsə də, şirkətin ümumi portfeli böyük olduğu üçün faizlə ifadədə azalma o qədər də kritik sayılmır. Nisbətən kiçik azalmalar “AzSığorta”, “Meqa Sığorta” və “Xalq Sığorta”da qeydə alınıb. Bu şirkətlərdə geriləmə 2–5 faiz aralığındadır. Bu isə bazar şərtləri fonunda daha stabil vəziyyət kimi qiymətləndirilə bilər. Ümumilikdə isə faiz göstəricisinə görə ən zəif nəticə “A-Qroup Sığorta”ya məxsusdur. Ən böyük məbləğ itkisi isə “Paşa Sığorta”dadır. Ancaq bazar payı və ümumi portfel həcmi nəzərə alındıqda vəziyyət fərqli görünür. Böyük şirkətlər üçün 5 faizlik azalma təhlükəli siqnal sayılmaya bilər, amma 50 faizdən artıq geriləmə artıq ciddi zəifləmə deməkdir. Beləliklə, statistikaya əsasən ən ağır vəziyyət “A-Qroup Sığorta”dadır. Digər şirkətlərdə isə azalma olsa da, bu geriləmə daha çox bazar dalğalanması kimi görünür. Yenicag.az Geri qayıt |