Əsas Səhifə > Ana xəbər / Güney Press > İrana hücumdan sonra regionu gözləyək risk: Bakı hərəkətə keçir?
İrana hücumdan sonra regionu gözləyək risk: Bakı hərəkətə keçir?3-03-2026, 07:08 |
|
ABŞ və İsrailin İrana hücumu fonunda radiasiya təhlükəsi yenidən gündəmə gəlib. Bundan əvvəl 12 günlük İran-İsrail qarşıdurması zamanı cənub bölgəsində radiasiya ilə bağlı xüsusi monitorinqlər aparılıb və müvafiq ölçmələr həyata keçirilib. Bu proses indi də baş verəcək? Azərbaycana və ümumilikdə Cənubi Qafqaza radiasiya təhlükəsi varmı? Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, müharibənin indiyədək məlum olan xronologiyasına əsasən, nüvə başlıqlı kütləvi qırğın silahlarından istifadə edilməyib: “Döyüş əməliyyatları əsasən artilleriya və ballistik raketlər vasitəsilə aparılır. Bu hal birbaşa radiasiya təhlükəsini istisna etsə də, region ölkəsi kimi müharibənin ekoloji fəsadlarının Azərbaycana təsiri kifayət qədər realdır. Belə risklərə turşu və qara yağışların yaranması, atmosferdə asılı maddələrin konsentrasiyasının artması, su anbarlarının vurulması nəticəsində subasmalar misal ola bilər. Eyni zamanda, real risklərə heyvanların məcburi miqrasiyası və dağıdılmış kimya müəssisələrindən sızan maddələrin su hövzələrini, o cümlədən Araz çayını çirkləndirməsi daxildir. Bu ssenarilərin hər biri real ehtimal kimi qiymətləndirilə bilər”. Ekspert bildirib ki, bütün bunlar baş vermədən müharibənin tezliklə başa çatması məqsədəuyğundur: “Çünki döyüşlərin getdiyi ərazilərin bir hissəsi tarixi və coğrafi baxımdan vahid Azərbaycan məkanının tərkib hissəsidir. Orada baş verə biləcək hər hansı ekoloji və sosial problem eyni xalqın bir parçası olaraq bizi də birbaşa narahat edir”. Geri qayıt |