Əsas Səhifə > Ana xəbər / Güney Press > Alimsiz cəmiyyət, ya cəmiyyətsiz alim?
Alimsiz cəmiyyət, ya cəmiyyətsiz alim?Bu gün, 05:44 |
|
Üləma haqqını riayət qıl,
Əhli-elmə həmişə hörmət qıl.
Demə bu kafər, ol müsəlmandır,
Hər kimin elmi var, o insandır…
S.Ə.Şirvani
Polyak əsilli görkəmli dilçi, ABŞ-nin Massaçusets Texnologiya Universitetinin professoru 98 yaşlı Noam Xomski 1955-ci ildə çap etdirdiyi Linqvistik nəzəriyyənin məntiqi strukturu” əsərində qrammatik qaydalar və anlayışların köməyilə insanların heç vaxt heç kimin demədiyi sonsuz sayda cümlələr qura bilməsini dildə danışmağın anadangəlmə qabiliyyət olması ilə izah etmişdir. Onun fikrincə, dilin mənimsənməsi mexanizmi mümkün qrammatik konstruksiyaların həcmini müəyyənləşdirir və uşağa eşitdiyi nitqdən yeni qrammatik konstruksiyaları mənimsəməyə kömək edir. 1957-ci ildə çap etdirdiyi “Sintaktik strukturlar” əsərində N. Xomski bu nəzəriyyəni bir qədər genişləndirsə də, yenə də uşağın yalnız öz ana dilini deyil, düşdüyü mühitdən asılı olaraq istənilən dili necə mənimsəyə bilməsini tam şəkildə izah etmir. O, belə bir fikri deməklə kifayətlənir ki, dillərin əsasını təşkil edən qrammatik prinsiplər anadangəlmə və dəyişməzdir və dünya dilləri arasındakı fərqlər beyində keçidlərlə müqayisə oluna bilən parametrik mexanizmlər baxımından izah edilə bilər. Əslində, bu hələ XVII əsrin ikinci yarısında “Por-Royal qarammatikası” və ya “Ümumi rasional qrammatika”nın müəllifləri A.Arno və K.Lanslonun universal qrammatika haqqında fikirlərinin dolayı şəkildə təsdiqidir.
N.Xomskinin dilin mənimsənməsinin anadangəlmə qabiliyyət olması fikrini qəbul edərək, uşağın istənilən dili necə mənimsəyə bilməsini, fikrimcə, belə şərh etmək olar: Uşaq doğulduqda onun genetik proqramında dünyanın bütün dillərinin strukturları artıq kodlaşdırılmış olur. Sonra uşaq hansı dil mühitinə düşürsə, onun beynində həmin dilin strukturları aktivləşir. Eyni zamanda bir neçə dil mühitinə düşmüş uşağın həmin dillərin hər birini təbii şəkildə mənimsəyə bilməsini də məhz bununla izah etmək olar. Başqa dil mühitinə düşmüş yetkin insan belə, həmin dili elə bu səbəbdən, asanlıqla mənimsəyə bilir.
Etiraf edək ki, bizim genetik proqramımızda dil ilə yanaşı, kodlaşdırılmış xeyli başqa anadangəlmə “qabiliyyət”lərimiz də vardır. Münbit mühitə düşdükdə həmin “qabilyyət”lərimiz dərhal özünü büruzə verir. Məsələn, yaltaqlıq, badalaq vurma, paxıllıq, məsxərəyə qoyma, fürsətcillik belə “qabiliyyət”lərimizdəndir.
Ayrı-ayrı fərdlərə və qruplara xas olan qabiliyyətlərimiz, xüsusiyyətlərimiz də vardır. Məsələn, mən universitetdə təhsil alarkən hər gün müxtəlif dillər üzrə mətnlərdən seçdiyim iki yüzdən çox sözü yadda saxlaya bilirdim. Qalın dəftərlərdə yazılmış və hər ilin sonunda bir neçə belə dəftərdə toplanmış minlərlə sözün hansının hansı dəftərdə və hansı səhifədə olduğu göz yaddaşımda həkk olunduğundan onları dərhal tapa bilirdim.
Qulaq yaddaşım isə zəifdir. Lakin başqasının nitqini gözlərimi yumaraq dinlədikdə bu yaddaşım ciddi şəkildə güclənir. Tərcüməçi kimi fəaliyyət göstərdiyim rəsmi danışıqlarda çəkilmiş foto-şəkillərimin çoxunda gözlərimin yumulu olması da bu səbəbdəndir.
Bütün bunları AMEA-da keçirilmiş tədbirdən alimlərin çəkilib montaj edilmiş və sosial şəbəkələrdə paylaşılmış foto-şəkillərini gördükdən sonra xatırladım. Tədbirdə kimlərsə doğrudan da yatmış ola bilər. Lakin bunu bütün alimlərin adına yazaraq onları məsxərəyə qoymuş paparassilər həmin alimləri lazımınca tanıyırmı, onların iclasda gözlərini nə üçün yumduqlarını bilirmi?! Paparassilərin, məsələn, foto-şəkilləri paylaşılmış Əkrəm Bağırovun, Qəzənfər Paşayevin Azərbaycan ədəbiyyatı üçün etdiklərindən xəbəri vardırmı, yoxsa onlar üçün bu alimlərin gözlərinin yumulu olması daha maraqlıdır?!
Hansı müxbir ictimaiyyət üçün AMEA-nın institutlarında, məsələn, şöbə müdirinin 700-800 manat arasında məvacib aldığı, nə qədər alimin təqaüd yaşına çatsa da, hələ kirayədə yaşadığı, kitabxanalarda araşdırmalar aparmaq əvəzinə, əməkdaşların stolların sayı onların sayından az olan otaqda 8 saat oturmağa məcbur qaldığı, ölkədə elmin inkişafı üçün nə qədər vəsait ayrıldığı barədə yazılar paylaşır?!
Elm çətin sahədir. Bu sahədə əzmlə çalışanlar, elm fədailəri ilə yanaşı, əlbəttə, buraya ad naminə soxulmuş, təsadüfi insanlar da vardır. İsmin hallarını bilməyən test akademikləri, müxtəlif ölkələrin ictimai akdemiyalarından 100 dollara alınmış diplomla özünü akademik elan etmiş “alimlər”, xarici universitetlərdən əldə edilmiş saxta diplomlu elmlər doktorları, professorlar da yox deyildir. Bu, cəmiyyətimizin acı reallığıdır, lakin heç də bütün alimləri məsxərəyə qoymağa əsas vermir.
Aliminə qiymət verməyən, onu hörmətsiz edən cəmiyyətin gələcəyi yaxşı heç nə vəd etmir. Elm alim üçün deyil, məhz elə cəmiyyət üçündür. Cəmiyyət alimindən faydalanmalı, onun öyrəndiklərindən öyrənməlidir. Bizim cəmiyyətimiz isə alimini sanki özündən hesab etmir. Halbuki Məhəmməd peyğəmbərin (صلی الله علیه و آله و سلم) dediyi اطلب العلم من المهد الى اللحد /Utlub-al’ilma min- al-mahdi ila-l-lahdi/ ‘Beşikdən məzara qədər elm öyrən’ kəlamı cəmiyyətin şüarı olmalıdır.
Həbib Zərbəliyev - dilçi-alim
"DİA-AZ"
Geri qayıt |