Əsas Səhifə > Ana xəbər / Güney Press > “Sürmədiyim maşına üçün məndən 20 min tələb edirlər...”
“Sürmədiyim maşına üçün məndən 20 min tələb edirlər...”Bu gün, 15:38 |
|
Azərbaycanda minlərlə sürücü avtomobil alqı-satqısında hələ də etibarnaməyə üstünlük verir. Lakin bu arxayınlıq illər sonra ciddi hüquqi problemlərə səbəb olur. Paytaxt sakini Ceyhun Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, illər əvvəl etdiyi səhv onu 20 min manatlıq borcla üz-üzə qoyub: “Hadisəni Bəhruz Əlibala törədib. Amma məndən 20 min pul istəyirlər ki, sənin adında 30 illik etibarnamə qalıb, sən ödəməlisən. Sığorta şirkəti məndən 20 min istəyir”. Ceyhun Məmmədov 2008-ci ildə “Hyundai” markalı avtomobili 30 illik etibarnamə ilə alıb. Bir neçə ay sonra maşını satmaq qərarına gəlib və nəqliyyat vasitəsini əvvəlki sahibi Nəsrullah Hüseynova qaytarıb. Daha sonra avtomobil üçüncü şəxslərə keçib və nəhayət, 2014-cü ildə idarəetmə hüququ olmayan Bəhruz Mehdiyevin əlinə düşüb. Bəhruz Mehdiyev Nizami rayonunda qəza törədib və nəticədə digər nəqliyyat vasitəsinə 20 min manatlıq ziyan dəyib. Zərərçəkmiş avtomobil “Bakı Sığorta” şirkətində sığortalı olduğundan, sığorta ödənişi həyata keçirilib. Lakin 2023-cü ildə sığorta şirkəti məhkəməyə müraciət edərək, zərəri avtomobilin əvvəlki sahibindən tələb edib. Ceyhun Məmmədov buna etiraz edir: “Bakı Sığorta məndən 7 min manat istədi. Mən imtina etdim, çünki bunu etməmişəm. Niyə axı mən ödəməliyəm?! Nə hadisəni törədən var, nə texniki pasport sənədi. Amma mənə deyirlər ki, ödəməlisən”. Vəkil Ramil Süleymanov mövzu ilə bağlı açıqlama verib: “Avtomobil yüksək təhlükə mənbəyi hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108-ci maddəsinə görə, yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitələri, mexanizmlər və digər oxşar vasitələr nəticəsində mülki pozuntu törədən fiziki və hüquqi şəxslər dəymiş zərərin əvəzini ödəməlidirlər. Zərərin ödənilməsi vəzifəsi avtomobilə mülkiyyət hüququ ilə və ya digər qanunlarla (məsələn, etibarnamə ilə icarə hüququ əsasında) sahib olan şəxslərin üzərinə qoyulur. 1108.3-cü maddəyə əsasən, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində üçüncü şəxsə dəymiş zərər də sahib tərəfindən ödənilir”. Vəkil digər mühüm bir məqama da toxunub: “Əgər avtomobil sahibi faktiki olaraq sübut edə bilsə ki, onun nəzarəti olmadan maşın bir şəxsə etibar edilib, həmin şəxsdən başqa birinə keçib və oradan da digər şəxsə ötürülüb, yəni mülkiyyətçinin faktiki nəzarət imkanı olmayıb, məhkəmə bu halda onun vurulmuş zərərlə bağlı ödəniş etməsini tələb etməyəcək. Lakin ümumi qaydalar çərçivəsində yüksək təhlükə mənbəyi olan avtomobilin sahibi vurulmuş zərərlə bağlı məsuliyyəti, zərər yetirənlə birlikdə daşıyır”. Qeyd edək ki, Azərbaycanda sürücülər avtomobil alqı-satqısında hələ də uzunmüddətli (bəzən 30 il) etibarnaməyə üstünlük verir. Qanunlarda etibarnamənin uzunmüddətli hüquqi nəticələrinin dəqiq tənzimlənməsi yoxdur. Mülkiyyətçi faktiki nəzarət imkanı olmadığını sübut edə bilsə belə, məhkəmə bunu həmişə tanımır. Azərbaycanda “Bakı Sığorta” misalında göründüyü kimi, sığorta ödənişi baş verəndən sonra şirkət ödənişi əvvəlki sahibdən tələb edə bilir. Sığorta müqavilələrində və qanunvericilikdə belə halların konkret mexanizmi, müddəti və məsuliyyət bölgüsü aydın deyil. Bu, mülkiyyətçinin hüquqlarının qorunmasında problem yaradır. Geri qayıt |