Əsas Səhifə > Ana xəbər / Güney Press > Vaşinqton insidenti: dinc, yoxsa nadinc aksiya?!

Vaşinqton insidenti: dinc, yoxsa nadinc aksiya?!


21-02-2026, 06:12

Vaşinqtonda Sülh Şurasının iclası oldu. Bunu artıq bilirsiniz. Azərbaycan Prezidenti İlham Əliyev də həmin iclasda iştirak etdi, bu da məlumdur. ABŞ administrasiyasının Azərbaycana xüsusi - isti münasibəti də bir daha göründü, bilindi.

Bu iclas, bu səfər Azərbaycan üçün çox mühüm idi; dövlət nəinki öz sərhədlərindən, hətta öz bölgəsindən kənarda da - qlobal miqyasda problemlərin müzakirəsində, həllində iştirak edir. Sözünün çəkisi artır.

Deyə bilərsiniz, bundan bizə nə?! Bu yazını oxuyanlar arasında belə düşünənlər yəqin ki var.

Məsələ ondadır ki, vətəndaşı olduğun dövlət beynəlxalq aləmdə gücləndikcə, sənin təhlükəsizliyin də artır. Ölkənin reytinqi yüksəlir,

investisiya üçün, səyahət üçün, işgüzar münasibətlər üçün cazibəsi çoxalır. Nəticədə bundan o ölkənin vətəndaşı qazanır.

Odur ki, ən yüksək səviyyədə görüşlər - dövlət səfərləri, rəsmi səfərlər, işgüzar səfərlər... bunlar ölkələri, xalqları bir-birinə yaxınlaşdırır, bağlayır, sevdirir. Əgər bu gün Azərbaycanın ABŞ-la münasibətləri daha da yüksələn xətlə inkişaf edirsə, bu ölkədə yaşayan Azərbaycanlılara da münasibət daha yaxşı olur. Bunu anlamağa nə var ki?!

Ancaq bunu anlamayanlar, yaxud fərqli yanaşanlar var. Azərbaycan prezidentinin xarici ölkəyə səfərləri zamanı onun rəsmi görüşlərdə olduğu, yaxud qonaqladığı məkanların qarşısında aksiya keçirənlər kimi.

Bu, təkcə Azərbaycan dövlətinin başçısına aid deyil, başqa liderlərin, o cümlədən, ABŞ prezidentinin səfərləri zamanı da belə aksiya cəhdləri, belə hadisələr olub. Bunlar Amerikada, Avropada adi hal sayılır. O hərəkətləri adətən diaspor qrupları, miürantlar, özlərini "insan hüquqlarını müdafiə fəalları" adlandıranlar törədir.

Bu cür aksiyalar əslində həm onu keçirənlər, həm çevrədəki insanlar, həm də etirazın yönəldiyi dövlət və ya hökumət rəhbəri üçün təhlükəlidir. Çünki bu qrupun içərisinə terrorçu da, hər cür təxribatçı da daxil ola bilər, "dinc" dediyiniz aksiya faciəli nəticələrlə də bitə bilər.

Ona görə də qəbul edən ölkənin xüsusi xidmət orqanları, təhlükəsizlik xidməti, polisi qonağın təhlükəsizliyini qorumalıdır. Onun olduğu binaların, yaxud gecələdiyi otellərin ətrafında təhlükəsizlik zonası yaradılmalıdır. Əlbəttə, rəsmi şəxsin mühafizəsi onu qorumaqla mükəlləfdir və bu şəxsin təhlükəsizliyinə hər hansı təhdidi dəf etmək üçün lazım oduqda güc tətbiq edir.

Vaşinqtonda bir dəstə Azərbaycanlı mühacirin aksiyasında Prezidentin mühafizəçiləri həmin vaxt, həmin yerdə - öz xidmət ərazisində onların üzərinə düşən vəzifəni icra ediblər. Çünki, dediyim kimi, "dinc" aksiyanın içərisində silahlı terrorçu da ola bilər, hər cür cinayətə meylli, cinayət törətməyi planlaşdırılmış şəxs də ola bilər. Əgər həmin "dinc" aksiyanın iştirakçıları Prezidentin yaşadığı otelin girişini bağlamağa, xüsusi mühafizə olunan zonaya daxil olmağa çalışırsa, təhlükəsizlik xidmətinin fiziki güc tətbiq etməsi təbiidir.

Niyə "dinc" sözünü dırnaq içərisində yazıram?! Çünki həmin aksiyaçılar meqafonla xüsusi mühafizə zolağına daxil olursa, artıq, necə deyərlər, nadinc hərəkətə yol vermiş sayılırlar.

Bu hadisəni həmin o nadinc aksiyaçılar sosial mediada "insan hüquqlarının pozulması", "zorakılıq" və sair kimi ifadələrlə şərh edirlər. Hüquq - qaydalar, normalar deməkdir. Bir normanın pozulmasına etiraz normaldır, ancaq başqa normaları pozmamaq şərtilə. Belə çıxır ki, sən özün qaydaları pozmaqla qayda yaratmaq istəyirsən. Videogörüntülərdən anladığım qədər Prezidentin mühafizəçiləri öz xidmət ərazisini tərk etmir, onlara həvalə edilmiş təhlükəsizlik zolağına daxil olanları uzaqlaşdırır. Kim dinc şəkildə uzaqlaşırsa, ona heç kim toxunmur, kim israrla irəli cumursa, müqavimət göstərirsə, ona qarşı güc tətbiq olunur. Burda qeyri-adi bir şey yoxdur. Həmin an həmin xidmət zonası həmin mühafizəçi üçün öz dövlətinin ərazisi deməkdir. Prezidentin mühafizəçiləri isə hərbi qulluqçulardır, öz dövlətini, onun atributlarını qorumağa and içmiş əsgərlərdir. Əsgər isə öz xidməti borcunu yerinə yetirir, bunu başa düşmək bu qədər çətin olmamalı idi. Aksiyaçılar icazə verilmiş həddə, qaydalar çərçivəsində hərəkət etsəydilər, bu hadisə yaşanmayacaqdı. Mənim, sadəcə, videogörüntülərdən gəldiyim nəticə budur.

O ki qaldı, aksiyanın şüarlarına, burda hər şey normaldır: hər kəs insan hüquqlarının qorunmasını, demokratiya və sair tələb edə bilər. Bir və ya çox sayda "siyasi" məhbusun azad olunmasını da tələb edə bilər. Ancaq bu tələblərin nə qədər əsaslı sayılıb-sayılmadığı, qəbul edilib-edilməyəcəyi başqa məsələdir.

Mən daha əvvəl dəfələrlə yazmışam, demişəm: "siyasi məhbus" anlayışını doğru saymıram. Məncə, "günahsız məhbus" anlayışı var. Müxalif düşərgəyə mənsub insanlar yalnız öz partiyadaşlarını "siyasi məhbus" adlandırır və onun azadlığa çıxması üçün çalışır. Bəs həbsxanada ən azı nəzəri çəhətdən məhkəmə səhvinin qurbanı olan başqa məhbuslar da var axı. Belə çıxır ki, hər hansı partiyanın üzvü olan, günahsız olduğu iddia edilən məhbusa xüsusi münasibət olmalıdır, heç bir partiyanın üzvü olmayanlar isə məhbəsdə çürüməkdə davam etməlidir?!

"Siyasi məhbus" anlayışı mənə görə məhbusları diskriminasiya edir. Belə çıxır ki, siyasətçilər, eləcə də, onları müdafiə edən başqa şəxslər toxunulmaz zümrədir, onlar apriori günahsız həbs olunublar, ancaq qalan bütün başqa məhbuslar mütləq təqsirkardır və kimsə də onların hüquqlarını müdafiə etməməlidir?!

Bu, yanlış və haqsız yanaşmadır. Özü haqq istəyən başqalarına haqsızlıq etməməlidir, elə deyilmi?

  Bahəddin Həzi, bizimyol.info



Geri qayıt