Əsas Səhifə > Ana xəbər / Güney Press > Qatilin fəryadı
Qatilin fəryadı12-02-2026, 06:55 |
|
Dünən Nizami Rayon Məhkəməsində gənc müəllimənin ölümü ilə bağlı məhkəmə prosesində iştirak etdim. Hakim Ramiz Mehdiyevin qardaşı oğlu Nəriman Mehdiyev idi. Sözüm onda deyil..
Hadisə ötən il 22 yanvarda baş verib, qəzanı 62 yaşlı şəxs törədib, səhər saatlarında məktəbə tələsən müəlliməni piyada keçidinin üzərində avtomobillə vuraraq həyatdan qoparıb.
Adam barəsində həbs-qətimkan tədbiri seçilməyib, bir ildi polis nəzarətindədir. 1 ildi məhkəmə hökm verməyib, uzada-uzada durublar...
Məhkəmədə sakitcə dayanmışdı, 3 vəkili, üzündə donuq bir ifadə vardı, hakimə peşiman olduğunu desə də, zərrə qədər peşimançılıq sezilmirdi.
Cibindən 20 min manat çıxarıb mərhumun atasına barışıq təklif etdi. Vəkilləri də utanmadan dedilər ki, bu yüngülləşdirci hal sayıldığına görə belə edirlər. Təbii ki, atası qətiyyətlə rədd etdi, qəhəri boğazından keçirə bilmədi, yumruqlarını düyünləyib dərindən nəfəs aldı...
Gənc prokuror çıxış etdi, dedi ki, çox işlərdə dövlət ittihamını müdafiə edib, amma ilk dəfədir, faciəni belə yaşayan, yanıb-yaxılan ata görür və bu ona çox pis təsir edir. Təqsirləndirilənin zalda həsbini və 5.9 il cəza verilməsini tələb etdi.
Hakim onuun və vəkillərinin prokurorun çıxışına münasibət bildirməsini istədi.
Vəkillər bəraət istədilər!
Və kluminasiya!
Gənc qızı həyatdan qoparan 62 yaşlı şəxs də özünə bəraət verilməsini istədi. Mənim bütün vücudum titrədi, amma onun, vəkillərinin tükü də tərpənmirdi, eyni donuq baxışla belə dedi: Mənə bəraət verilməlidir!
Hakim eynəyini çıxarıb qıyıq nəzərlə ona baxdı, prokuror üzünü yana çevirdi, mərhumun atası qəzəblə: "bunun heç günahı yox imiş ki!" dedi
Səhər erkəndən şagirdlərinin yanına tələsən pırıl-pırıl gənci, ürəyində nə qədər arzular bəsləyən gənc müəlliməni öldürən, onunla bərabər atasının, anasının, bacı-qardaşının həyatını qaraldan 62 yaşlı bir adamın, özü də cinayət törədəndən bir il sonra əlini-qolunu sallayıb gəzən adamın özünə bəraət istəməsi dəhşət idi.
Öz-özümə dedim:
Mən belə bir cinayət törətsəydim, hakimə deyərdim, mənə ən ağır cəza verin, mənim həyatda yaşamağa haqqım yoxdur!
Amma Azərbaycanda bəraəti həmişə sağ cibində olan belə adamların sayı çoxdur, lap çoxdur!...
Elçin Rüstəmli - "DİA-AZ"
Geri qayıt |