Əsas Səhifə > Ana xəbər / Güney Press > Saleh Məmmədov necə yadda qaldı?
Saleh Məmmədov necə yadda qaldı?7-02-2026, 03:47 |
|
Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi əslində gözlənilməz olmadı. Onun fəaliyyəti uzun illərdir ki, həm mütəxəssislər, həm də ictimaiyyət tərəfindən ciddi tənqid olunurdu. Bizimesr.az bildirir ki, Saleh Məmmədovun karyera yoluna nəzər saldıqda, onun yol təsərrüfatı sistemində onilliklər boyu əsas fiqurlardan biri olduğu görünür. Lakin bu uzunmüddətli fəaliyyət dövrü yol infrastrukturunda keyfiyyətli dönüşlə deyil, daha çox tender qalmaqalları, qeyri-şəffaf maliyyə bölgüsü, qohumbazlıq iddiaları ilə yadda qalır. Onun rəhbərliyi dövründə AAYDA-da aparılan struktur dəyişiklikləri də ayrıca tənqid mövzusudur. Qurumun tabeliyində 100-dən artıq MMC-nin yaradılması yol təsərrüfatında rəqabətin artmasına yox, əksinə, dövlət vəsaitlərinin müəyyən qruplar arasında bölüşdürülməsi mexanizminə çevrildiyi barədə ciddi şübhələr yaradırdı. Bu MMC-lərin əksəriyyətinin real istehsal və icra fəaliyyəti ilə deyil, formal işlərlə - “yerli əhəmiyyətli yolların süpürülməsi” kimi simvolik fəaliyyətlərlə məşğul olduğu iddia olunurdu. Ən ciddi problemlərdən biri isə rayonlarda yol təmiri və yenidənqurma işlərinin ədalətsiz bölgüsü ilə bağlı səslənirdi. Məsələ ondadır ki, təmirə və yenidənqurmaya ehtiyacı olan yolların maliyyələşdirilməməsi dövlət vəsaitinə qənaət məqsədi daşımır. Əksinə, bu, sifarişlərin “öz adamları”na yönləndirilməsi üçün süni şəkildə yaradılan maneələr kimi görünür. Nəticədə, vətəndaş keyfiyyətsiz yollarla üz-üzə qalır, büdcə vəsaiti isə real nəticə verməyən layihələrə xərclənirdi. Saleh Məmmədovun vəzifədən uzaqlaşdırılması bir mərhələnin sonu olsa da, əsas məsələ bundan sonrakı prosesdir. Onun dövründə yol təsərrüfatında formalaşmış qapalı sistem, qeyri-şəffaf münasibətlər və maraqlar şəbəkəsi ləğv edilməzsə, ad dəyişikliyi real dəyişiklik anlamına gəlməyəcək. Geri qayıt |