Əsas Səhifə > Ana xəbər / Güney Press > Kreml Xocalı qatillərinə sahib çıxdı...

Kreml Xocalı qatillərinə sahib çıxdı...


6-02-2026, 04:57

Bakıda Azərbaycan dövlətinə, onun suverenliyinə və ərazi bütövlüyünə qarşı ağır cinayətlər törətmiş erməni separatçıları barəsində çıxarılan məhkəmə hökmü Moskvanın açıq narazılığı ilə qarşılanıb.

Musavat.com xəbər verir ki, rəsmi Kremlin mövqeyi bu dəfə birbaşa Dövlət Dumasının deputatı, Kremlin Qarabağ mövzusunda uzun illərdir istifadə etdiyi simalardan biri – Konstantin Zatulin vasitəsilə ifadə olunub.

Zatulinə bağlı “Lazarevski klubu”nun yaydığı bəyanat faktiki olaraq Bakıda keçirilən məhkəmə prosesinə qarşı Kremlin siyasi sifarişli reaksiyası kimi qiymətləndirilir. Sözügedən sənəddə Xocalı soyqırımı da daxil olmaqla, Azərbaycan xalqına qarşı onilliklər boyu törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan separatçıların cəzalandırılması “məhkəmə yox, guya cəza aksiyası” kimi təqdim olunur.

Halbuki söhbət Azərbaycan xalqının qanına əli batmış, ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşı silahlı cinayətlər törətmiş şəxslərdən gedir. Bu şəxslər Azərbaycan qanunvericiliyinə uyğun şəkildə, Baş Hərbi Məhkəmənin hökmü ilə layiq olduqları cəzanı alıblar. Məhkəmə qərarları hüquqa, faktlara və sübutlara əsaslanıb.

Kremlin reaksiyası isə gecikməyib. Vaxtilə Azərbaycanın müstəqilliyinin ilk illərində ölkənin zəif durumundan istifadə edərək Qarabağın işğalına birbaşa siyasi və hərbi himayə göstərən Moskva indi də həmin cinayətkarları müdafiə etmək yolunu seçir. Bu dəfə isə bunu Zatulinin dili ilə edir. Faktiki olaraq, Vladimir Putin separatçıları məhz Zatulin vasitəsilə “sığallamağa”, onlara siyasi qalxan yaratmağa çalışır.

Ancaq zaman dəyişib. Artıq qarşılarında zəif Azərbaycan yoxdur. Bu gün güclü Azərbaycan dövləti və müstəqil Azərbaycan məhkəməsi var. Azərbaycan xalqına qarşı cinayət törətmiş hər kəs bilməlidir ki, onların aqibəti məhz belə olacaq – hüquq qarşısında cavab və layiqli cəza.

Əsrlər boyu Azərbaycan xalqına qarşı düşmənçilik mövqeyi sərgiləmiş Rusiya bu xəttindən yenə də geri çəkilmir. Bu gün də konkret olaraq Xocalı cinayətləri də daxil olmaqla, Azərbaycan xalqına qarşı qanlı əməllər törətmiş şəxsləri müdafiə etməklə məşğuldur. Bu siyasətin önündə isə Kremlin birbaşa adamı kimi tanınan Zatulin dayanır.

Putin Zatulinin dili ilə danışır, Zatulin isə Kremlin sifarişini icra edir. Amma Bakının verdiyi hökm dəyişməyəcək: Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törədənlərin yolu yalnız məhkəmədən və cəzadan keçir.


Geri qayıt