Əsas Səhifə > Ana xəbər / Güney Press > Taleh Kazımova niyə inana bilmərik...

Taleh Kazımova niyə inana bilmərik...


5-02-2026, 05:48

"Mərkəzi Bankın rəhbəri dünən mətbuata açıqlamasında deyib ki, neftin hətta 55 dollarlıq qiymət səviyyəsi ödəmələr balansının cari hesabında profisitin yaranması üçün yetərlidir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış iqtisadçı ekspert Rövşən Ağayev qeyd edib.
O daha sonra bildirir: "Mübahisəli hesablamadır. Çünki əgər hökumət qızıl idxalını dayandırmış olsa belə, ölkənin zəruri malların idxalı üçün valyuta ehtiyacları hazırkı şərtlərdə 18 milyard dollardan az deyil. Hələ onu demirəm ki, artıq xeyli müddətdir geriləyən aqrar sektorun hesabına ölkənin qida idxalının davamlı artırması riskləri var.
Əgər neft 55 dollar olsa, bu hazırkı xam neft hasilatı və ixracatı çərçivəsində təxminən 7,5 milyard dollar daxilolma deməkdir.
Təbii qazın hər 1000 kubmetri üçün 250-300 dollar qiymətə sabit satılsa, bu də hazırkı ixrac həcmləri çərçivəsində təxminən 6-6,5 milyard dollar ixrac gəliri deməkdir.
Bunların üzərinə 600-700 milyon dollarlıq neft məhsulları da gəldikdə, MB sədrinin dediyi qiymət səviyyəsində ölkəyə təbii resurs ixracatından daxilolmalar 15 milyard dolları ötmür.
Bunun üzərinə 3,5 milyard dollara yaxın qeyri-neft ixracatanı da əlavə etdikdə, maksimum ixracat həcmi 18-18,5 milyard dollar intervalında olur. Bu məbləğ də aşağı-yuxarı ölkənin real əmtəə idxalatına bərbərdir.
Resurs ixracatından daxilolmaların əhəmiyyətli bir hissəsini mənfəət formasında xarici neft-qaz şirkətləri ölkədən çıxarıldığı üçün ilkin gəlirlər balansında həmişə böyük kəsir yaranır. Məsələn, 2024-cü ildə 2,7 milyard dollarlıq defisit olmuşdu.
Xidmətlər balansında daima böyük kəsir qeydə alınır - məsələn, 2024-də 2 milyard dollardan çox defisit olub.
Belə şəraitdə cari hesablar balansında profisitin olması üçün xarici ticarət balansında ən azından 3-3,5 milyard dollar müsbət saldo olmalıdır. Xam neftin ixrac qiymətinin 65 dollardan yüksək olmadığı halda, bu məbləğdə profisit imkansızdır.
Maliyyə hesabı çərçivəsində ölkədən kənara yüksək xalis kapital çıxışı Azərbaycan üçün daima xarakterik haldır. Bunun davamlı olmasının səbəblərindən biri də xarici neft-qaz şirkətlərinin davamlı investisiya repatriasiyasıdır. Məsələn, ötən il bu çərçivədə ölkədən xalis kapital çıxışı 1,2 milyard dollar təşkil edib.
Belə vəziyyətdə hətta cari hesablarda kiçik məbləğdə (məsələn, 1 milard dollar) profisitin yaranması tədiyə balansının ümumi saldosunda kəsirin yaranmasının qarşısını ala bilmir. Defisitli tədiyə balansı isə valyuta bazarının davamı təzyiq altnda qalması və ehtiyatların əriməsi deməkdir..."


Geri qayıt