|

Bakı Apellyasiya Məhkəməsində adam oğurluğu, soyğunçuluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Hüseyn İmanov, Babək Əhmədov və Nurəddin Şıxəliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə külli miqdarda əmlak əldə etmək məqsədilə zərərçəkmiş Həsən Əhmədova qarşı ağır cinayət əməlləri törədib. Belə ki, onlar zərərçəkmiş şəxsə zor tətbiq etməklə onu iradəsindən kənar və iradəsinə zidd olaraq bir yerdən başqa yerə qanunsuz apararaq oğurlayıb saxlayıb, eyni zamanda şəxsiyyəti üzərində zor tətbiq edəcəyi ilə hədələməklə külli miqdarda əmlak tələb ediblər. Bundan əlavə, təqsirləndirilən şəxslər bir qrup şəxs halında özgənin əmlakını həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə açıq talayıb.
Müəyyən edilib ki, Nurəddin Şıxəliyev əvvəllər tanıdığı təqsirləndirilən şəxslər - Hüseyn İmanov, Babək Əhmədov, Xəlil adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. Onlar 2023-cü ilin may ayında Türkiyədə törətdikləri cinayət nəticəsində əldə etdikləri və zərərçəkmiş Həsən Əhmədova saxlanılması üçün verdikləri 100 min ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını geri almaq məqsədilə həmin şəxsə qarşı hədə-qorxu tətbiq etməyi qərara alıblar.
Cinayət planına uyğun olaraq, qrup üzvləri arasında aparılmış vəzifə bölgüsünə əsasən, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsin kirayə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsindəki ünvanı müəyyən ediblər. 29 iyul 2023-cü il tarixdə həmin ünvana gedərək Həsənlə görüşüb, onu söhbət etmək adı ilə yaxınlıqda yerləşən kafeyə dəvət ediblər. Daha sonra qrup üzvləri qızıl-zinət əşyalarının yerini tələb edib. Zərərçəkmiş şəxs isə qızılların onda olmadığını, Türkiyədə yaşayan qardaşı tərəfindən götürüldüyünü bildirib.
Həmin gün saat 23:50 radələrində təqsirləndirilən şəxslər Həsəni şəxsiyyəti üzərində zor tətbiq edəcəkləri ilə hədələyərək onu iradəsinə zidd olaraq “Ford Transit” markalı avtomobilə əyləşdiriblər. Avtomobildə hərəkəti məhdudlaşdırılan zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə aparılıb. Həmin ünvanda Həsənin üzərində olan “Redmi” markalı mobil telefonu əlindən alınaraq açıq talanıb. Daha sonra ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edilib, yumruqla sifət nahiyəsindən, şillə ilə baş nahiyəsindən vurulub. Nəticədə zərərçəkmiş şəxs sağ almacıq nahiyəsində qançırlar və sağ gözün ağ qişasının qansızması ilə müşayiət olunan şişkinliklər şəklində xəsarətlər alıb.
Qrup üzvləri Həsənin azad edilməsi müqabilində 50 min ABŞ dolları məbləğində külli miqdarda pul tələb edərək onu bir neçə saat iradəsinə zidd olaraq saxlayıblar. Daha sonra həmin ünvanda uzun müddət saxlanılmasının mümkün olmaması səbəbindən 30 iyul 2023-cü il tarixində gecə saat 02:00 radələrində Həsəni yenidən zorla avtomobilə mindirilərək başqa ünvana aparılıb və qanunsuz saxlanılması davam etdirilib.
İstintaqla həmçinin müəyyən olunub ki, qrup üzvləri, o cümlədən həmin vaxt Türkiyədə olan Xəlil adlı şəxs, mobil telefon vasitəsilə zərərçəkmiş şəxsin qardaşına dəfələrlə zəng edərək və səsli mesajlar göndərərək 50 min ABŞ dolları tələb edib. Pul verilmədiyi və polisə müraciət edildiyi təqdirdə Həsəni öldürəcəkləri ilə hədələyiblər.
Bundan başqa, açıq talama yolu ilə ələ keçirilmiş 210 manat dəyərində “Redmi” markalı mobil telefon satılması üçün üçüncü şəxsə verilib.
30 iyul 2023-cü il tarixdə, saat 17 radələrində qrup üzvləri zərərçəkmiş şəxsi saxladıqları mənzildən çıxararaq başqa ünvana aparmaq istəyərkən, Həsən həmin şəxslərin diqqətinin yayınmasından istifadə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində avtomobildən qaçmağa nail olub və hadisə yerindən uzaqlaşıb.
Hadisədən sonra qrup üzvləri - Hüseyn İmanov, Babək Əhmədov və Nurəddin Şıxəliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn İmanovla Babək Əhmədovun hər biri 10 il 6 ay və Nurəddin Şıxəliyev isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Geri qayıt
|