Əsas Səhifə > Ana xəbər / Güney Press > Dollar dəyərini itirir: Manat bahalaşacaq?

Dollar dəyərini itirir: Manat bahalaşacaq?


Bu gün, 17:21

ABŞ Prezidenti Donald Tramp ABŞ dollarının çox dəyər itirdiyi fikri ilə razılaşmadığını, dolların “əla vəziyyətdə” olduğunu bildirib.

Tramp Ayova ştatında jurnalistlərə açıqlamasında ABŞ dollarının dəyəri ilə bağlı fikirlərini səsləndirib.

Dolların ucuzlaşması ilə bağlı suala cavab verən Tramp, onun fikrincə, dolların həddindən artıq dəyər itirmədiyini deyib.

Tramp, “Xeyr, məncə əladır. Gördüyümüz işlərə baxın. Xeyr, dollar çox yaxşı gedir”, – deyə qeyd edib.

Trampın açıqlamalarından sonra ABŞ dollarının avro, İsveçrə frankı, Yapon yeni, Kanada dolları, Britaniya funt sterlinqi və İsveç kronu qarşısındakı dəyərini ölçən dollar indeksi 95,6 səviyyəsinə enərək son 4 ilin ən aşağı həddini görüb.

Hazırda Azərbaycanda 1 ABŞ dollarının kursu 1.7000, 1 avro isə 2.0401 manat təşkil edir. Dollar dəyər itirirsə, manat möhkəmlənib, devalvasiya təhlükəsi ilə üzləşməyə bilər?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, əgər dollar dəyərdən düşürsə, yaxud da düşəcəksə iqtisadi qanunlara görə, devalvasiya (milli valyutanın dəyərsizləşməsi) yox, revalvasiya (hər hansı bir valyutanın digər valyutalara və ya qızıla münasibətdə dəyərinin artması) olmalıdır:

“Yəni əksinə, manat möhkəmlənməlidir. Ancaq real şəraitdə Azərbaycanda bu baş verməyəcək. Çünki Azərbaycan manatı təsis olunan gündən dollara bağlı olub. Bu, qeyri-rəsmi olsa da, bir faktdır. Bizim manatın digər valyutalarla mübadilə məzənnəsi, dolların həmin valyutalara mübadilə məzənnəsinə uyğundur.

Yəni 2015-ci ilin devalvasiyasına qədər bizdə 1 dollar 78 qəpik idi. Ancaq 2017-ci ilin əvvəlindən 1 dollar 1 manat 70 qəpikdir. Belə şəraitdə əgər dünyada dollar, avroya, funta, rubla münasibətdə bahalaşırsa, demək bizim valyutamız həmin valyutalara nisbətdə bahalaşmağa başlayır.

Əksinə, əgər dollar avroya qarşı ucuzlaşırsa, bizim manat da avroya qarşı ucuzlaşır. Biz ona görə dollara bağlamışıq ki, Azərbaycanın əsas valyuta ehtiyatları, neftdən, qazdan gələn gəlir, dollara bağlıdır.

Ekspertlər deyirlər ki, dolların ucuzlaşma ehtimalı çoxdur və bu da Amerikanın dövlət büdcəsinin kəsiri ilə bağlıdır.

Əgər indiki şəraitdə dollar ucuzlaşacaqsa, manat dollara nisbətdə qalacaq. Ancaq digər valyutalara nisbətdə manat ucuzlaşmağa başlayacaq. Ən pis hal avro ilə bağlı ola bilər. Onsuzda avro bizdə xeyli bahalaşıb.

Bundan sonra da bahalaşsa, bu o deməkdir ki, Azərbaycanın Avropadan aldığı malların, xidmətlərin qiyməti qalxacaq. Yəni manat dollara münasibətdə devalvasiya olmayacaq, ancaq o valyutalar ki, dollara nisbətdə bahalaşacaq, onlara qarşı manat devalvasiya olacaq”.


Geri qayıt