Əsas Səhifə > Ana xəbər / Güney Press > “Qafqaz Putinin ərazisidir” bəyanatının kodları
“Qafqaz Putinin ərazisidir” bəyanatının kodlarıBu gün, 10:01 |
|
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinqdə yenidən Azərbaycan və Ermənistan arasındakı sülhyaratma missiyasından danışarkən diqqətçəkən ifadə işlədib. O, Putinin Ermənistan və Azərbaycanla bağlı ona belə dediyini yada salıb: “İnana bilmirəm ki, siz bu müharibəni həll etdiniz. Mən 10 ildir bu münaqişəni həll etməyə çalışıram”. Tramp qeyd edib ki, hər iki ölkə uzun illər müharibə vəziyyətində olub. “Bu, böyük bir sülh oldu”,- deyə Tramp əlavə edib. ABŞ prezidenti sözügedən çıxışında regionu “Putinin ərazisi” kimi təsvir edib. Bəzi təhlilçilərə görə, Trampın bəyanatı birbaşa hüquqi-siyasi iddiadan çox, geosiyasi reallıqların onun üslubunda sərt ifadəsi kimi qiymətləndirilməlidir. Yəni bu ifadə ABŞ-nin rəsmi siyasətini əks etdirmir. Tramp beynəlxalq hüquqdan deyil, faktiki təsir zonalarından çıxış edən realist yanaşmanı üstün tutur, Qafqazda Rusiyanın hələ də güclü təsir imkanlarına malik olduğunu vurğulayır. Bu yanaşma isə region dövlətləri üçün ehtiyat siqnalı rolunu oynayır: geopolitikada bəyanatlardan çox, güc balansı və manevr imkanları önəmlidir. Məsələ ilə bağlı Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, ABŞ prezidentinin sevimli mövzularından biri nail olduğu sülh razılaşmaları barədə eyni fikirləri dönə-dönə təkrar etməkdir. Burada Azərbaycan-Ermənistan münaqişəsinin özünəməxsus yeri var: “Tramp ad çəkmədən 35 illik münaqişəyə son qoyduğunu deyir. Bəzən adı yanlış çəkir. Ancaq bu məsələ tez-tez gündəmə gəlir. Putinlə telefon danışığında onun söylədiyi fikirlərin təkrarlanmasını da çox sevir. Görünür, Putin də Trampın xoşuna gəlmək üçün o ifadələri işlədib. Əslinə qalsa, Putin özü elə hesab eləmir. Hesab edir ki, münaqişə 2020-ci il 10 noyabrda başa çatdı və burada Rusiya həlledici rol oynadı. Ancaq Ukrayna danışıqlarında Trampı öz tərəfinə çəkmək üçün Putin Trampın xoşuna gələcək fikirlər səsləndirir, iltifat göstərir. Bu, bir daha Zelenskiyə dərs olmalıdır. Böyük dövlətlərin rəhbərləri ilə danışıqlar apararkən bəzən bu cür üsullardan istifadə etmək dövlətin maraqlarına xidmət eləyir və bunu siyasətçilər bilməlidirlər. Putinin onun fəaliyyətinə verdiyi qiyməti qabartmaq üçün Tramp bir ifadə də işlədir, Putini Qafqazın sahibi adlandırır. Güman edirəm ki, bu fikir, bu günə aid deyil, daha çox keçmiş dövrə işarədir. Cənubi Qafqazın Rusiyanın təsir zonası olduğunu bir daha diqqətə çatdırmaq cəhdidir”. Ekspert qeyd etdi ki, 44 günlük müharibəyə qədər, ola bilsin, hətta son illərə qədər Cənubi Qafqazın Rusiyanın təsir zonası sayıldığı heç kimə sirr deyil: “Türkiyə də türk siyasətçiləri Cənubi Qafqazı Rusiyanın arxa bağçası adlandırırdılar. Digər Qərb ölkələri də buna bənzər mövqe nümayiş etdiriblər. Rusiya da bu cür hesab edib. Ümid edək ki, artıq bu gün Tramp Putini Cənubi Qafqazın sahibi hesab eləmir. Baxmayaraq ki, ABŞ-də qəbul olunmuş yeni Milli təhlükəsizlik konsepsiyasında bu cür düşüncələrin ortaya çıxması üçün kifayət qədər əsas var. Həmin konsepsiyada açıq şəkildə yazılıb ki, Amerika ABŞ-nin təsir zonasıdır və digər ərazilərdə ola bilsin ki, başqa dövlətlərin bu hüququ tanınsın. Təbiidir ki, bizi bu baxımdan Cənubi Qafqaz məsələsi narahat edir. Ümidimiz bir tərəfdən ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı görəcəyi işlərdirsə, digər tərəfdən, Türkiyənin Cənubi Qafqazda rolunun artması Rusiyanın bu bölgədə söz sahibi olmayacağına ümidlərimizi də artırır. Ümid edirik ki, Rusiyanın Cənubi Qafqazda həlledici söz sahibi olması ABŞ və Türkiyə tərəfindən qətiyyən qəbul olunmayacaq və buna imkan verilməyəcək. Cəhdlər olacaqmı? Şübhəsiz ki, olacaq və bu, ilk növbədə Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrindən də asılıdır”. A.Səmədov hesab edir ki, rusiyayönümlü qüvvələrin Ermənistanda qələbəsi həm Ermənistan üçün, həm də bütövlükdə bölgə üçün ciddi problemlər yaradacaq: “ABŞ-nin vitse-prezidenti Vensin bölgəyə gözlənilən səfəri, aparılacaq danışıqlar, atılacaq addımlar belə bir ümid yaradır ki, Cənubi Qafqazın Rusiyanın təsir zonası olması fikri bundan sonra qəbul olunmayacaq və Rusiya tədricən Cənubi Qafqazdan çəkilib gedəcək”. Geri qayıt |