Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan haqda “vanqasayağı” qorxulu proqnoz
Paşinyan haqda “vanqasayağı” qorxulu proqnozBu gün, 09:50 |
|
Amerikanın “Stratfor” analitik mərkəzinin 2026-cı il üçün illik proqnozu Ermənistanın baş naziri Nikol Paşinyanı qorxuda bilər. Çünki beyin mərkəzinin proqnozları Paşinyana yaxşı heç nə vəd etmir, hətta Vanqanın dəhşətli gələcək proqnozlarına bənzəyir. Doğrudur, proqnoza görə, Ermənistan ötən il əldə olunmuş sülh razılaşmalarının icrası istiqamətində məhdud addımlar atdığı üçün yeni müharibə riskini azaldıb. Amma “Stratfor”un qiymətləndirməsinə əsasən, Ermənistanın baş naziri Nikol Paşinyan daxili siyasətdə artan ictimai narazılıqla üzləşəcək. Bu narazılığın əsas səbəbləri kimi Azərbaycana ehtimal olunan güzəştlər və erməni kilsəsi ilə gərgin münasibətlər göstərilir. Bildirilir ki, Azərbaycanın yekun sülh sazişinin imzalanması üçün ilkin şərt kimi irəli sürdüyü konstitusiya dəyişikliyi də ölkədə güclü ictimai narazılıq doğurmaqda davam edəcək. Bu səbəbdən, Paşinyanın həmin məsələ ilə bağlı referendumu iyun ayında gözlənilən parlament seçkilərindən sonrakı dövrə təxirə salmağa məcbur olacağı ehtimal olunur. Analitiklərin fikrincə, əgər Paşinyan yenidən seçilməzsə, sülh sazişinin taleyi daha da qeyri-müəyyən olacaq. Proqnozdan o da aydın olur ki, Rusiya “Tramp yolu” layihəsinin həyata keçirilməsinə mane olmağa çalışacaq, çünki Moskva regionda öz təsirini qorumaq və həm Ermənistanın, həm də Azərbaycanın Qərbə yaxınlaşmasının qarşısını almaq istəyir. Məsələ ilə bağlı politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın mövqeyi onsuz da əvvəldən bəllidir. Rusiya Zəngəzur dəhlizinin açılmasını istəmədiyi açıq-aşkar görünür: “Amma Rusiyanın bu layihənin qarşısını almağa gücü çatacaqmı? Rusiya ”Tramp yolu"nun açılmasına mane olmaq iqtidarındadırmı? Hesab edirəm bu sualın cavabı Moskvanı sevindirəcək cavab deyil. Rusiya “Tramp yolu”nun açılmasının qarşısını ala bilməyəcək. Çünki birincisi, Zəngəzur dəhlizinin açılmasını imzası ilə təsdiqləyən tərəf olub. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda Rusiya prezidenti Putin bu dəhlizin açılmasını qəbul etdiyini imzası ilə təsdiqləyib. İkincisi, “Tramp yolu” layihəsi beynəlxalq əhəmiyyətli nəqliyyat-kommunikasiya, logistika qovşağıdır və burada çoxlu sayda dövlətlərin marağı var. Ermənistanda Rusiyanın mövcudluğu hələ ki qalır. Bu baxımdan hesab edirəm ki, Moskva Tramp Yolunun açılmasına Ermənistan vasitəsilə mane olmağa çalışa bilər. Rusiyaya bağlı qüvvələri hakimiyyətə gətirməklə bunu etmək niyyətinə düşə bilər. Lakin bu da Rusiya üçün elə də asan deyil. Çünki rusiyayönlü qüvvələrin Ermənistan cəmiyyətində nüfuzu azdır. Üçüncüsü, Rusiya Donald Trampla hesablaşmaq məcburiyyətindədir. Kreml Trampın adı ilə bağlı olan bir layihənin həyata keçməsi üçün indiki dövrdə ciddi addımlar atmaqdan çəkinər. "Tramp yolu"na mane olmaq artıq Azərbaycana və Ermənistana qarşı addımlar atmaqla yanaşı, ABŞ-yə qarşı addımlar atmaq kimi qəbul olunacaq. Bunu isə Trampın qəbul edəcəyi ehtimalı yoxdur. “Tramp yolu” layihəsi artıq xeyli mərhələni arxada qoyub və bundan sonra Rusiyanın istəsə belə, buna mane ola bilməsi dövrü keçib". Ekspert hesab edir ki, Rusiya bundan sonrakı mərhələdə “Tramp yolu”na mane olmaq niyyətlərini və planlarını açıq şəkildə deyil, fərqli formada, başqa qüvvələrin əli ilə həyata keçirmək istəyəcək: “Rusiya İran vasitəsilə, Ermənistanda hakimiyyəti dəyişməyə nail olmaq vasitəsilə etməyə çalışacaq. Amma istədiyinə nail olacağı ehtimalı çox azdır, hətta sıfıra yaxındır”. Son 5 ildə Nikol Paşinyanın qorxularının demək olar ki, kosmik həddə çataraq azalmadığı, əksinə, hər keçən gün daha da artdığı müşahidə olunur. Bu barədə isə “Qraparak” qəzeti yazıb. Nəşrin məlumatına görə, Paşinyan İrəvan şəhərində və ölkə ərazisində hərəkət edən zaman təkcə iri polis qüvvələri deyil, həm də Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları cəlb olunur, gücləndirilmiş mühafizə tədbirləri tətbiq edilir. Hətta öz komanda üzvləri ilə görüşlər zamanı belə ciddi təhlükəsizlik qaydalarına əməl olunur. Məsələn, iştirakçıların telefonları toplanır. Lakin məlum olur ki, təkcə Paşinyan komandasına etibar etmir, komanda üzvləri də ona güvənmir. Hökumət üzvlərindən əldə edilən məlumata görə, bir müddət əvvəl Nazirlər Kabinetinin iclaslarına mobil telefon olmadan gəlmələri tapşırılıb. “İclas iştirakçılarının telefonları yığılaraq baş nazirlik binasının girişində yerləşən, supermarketlərdəki bağlanan qutulara bənzər xüsusi seyflərdə saxlanılır. Ancaq çoxları bu qutulara və Paşinyanın özünə etibar etmədiyindən, iclasa gələn nazirlər telefonlarını avtomobillərində saxlamağa başlayıblar. Mənbə bildirib ki, onlar bu müddət ərzində telefonlarının dinləniləcəyindən və ya məlumatların açılacağından ehtiyat edirlər. Ovik Ağazaryanla bağlı hadisəni heç kim unutmayıb və heç kim baş nazirin dürüstlüyünə ümid bəsləmir”. Geri qayıt |