Əsas Səhifə > Ana xəbər / Güney Press > İsrail Xəzərə gəlir
İsrail Xəzərə gəlirBu gün, 09:42 |
|
Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin (BESA) rəsmi saytında politoloq Andrey Kazantsev-Vaysmanın İsrailin Orta Asiya və Xəzər hövzəsində artan geosiyasi və diplomatik fəallığına həsr olunmuş analitik məqaləsi dərc edilib. Məqalədə qeyd olunur ki, Qazaxıstanın “İbrahim sazişləri”nə qoşulmaq qərarı bu balansı dəyişə və İsrailin regiondakı diplomatik mövqelərini əhəmiyyətli dərəcədə gücləndirə bilər. Kazantsev-Vaysmanın fikrincə, Qazaxıstanın bu addımı İbrahim Sazişlərinin coğrafi əhatə dairəsini Yaxın Şərq və Şimali Afrika regionundan kənara çıxarır və İsrail üçün Orta Asiyanı yeni strateji istiqamətə çevirir. Müəllif vurğulayır ki, bu qərar Astananın İsrail üçün əhəmiyyətini yalnız iqtisadi tərəfdaş kimi deyil, həm də çoxtərəfli diplomatik və sülh təşəbbüslərində əsas oyunçu kimi artırır. Məqalədə qeyd olunur ki, İsrail-Qazaxıstan yaxınlaşması Azərbaycanla münasibətlərin daha da möhkəmləndirilməsi fonunda baş verir. Kazantsev-Vaysmanın fikrincə, Bakı bir neçə səbəbə görə Tel-Əviv üçün xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycan İsrailin əsas silah tədarükçülərindən biri hesab olunur. Eyni zamanda ölkə Cənubi Qafqaz və Xəzər hövzəsində İran və Rusiyanı kənarlaşdıran mühüm tranzit marşrutuna malikdir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regional təsir imkanları xeyli artıb. Bundan əlavə, İsrail-Azərbaycan iqtisadi əməkdaşlığı texnologiya, enerji və turizm sahələrində dinamik şəkildə genişlənir. Müəllif vurğulayır ki, İsrail Azərbaycanla sıx hərbi, strateji, kəşfiyyat və iqtisadi əlaqələr qurub, Qazaxıstanla münasibətlər isə daha çox çoxtərəfli diplomatiya və “yumşaq əməkdaşlıq” modeli üzərində formalaşır. Kazantsev-Vaysman hesab edir ki, İsrail Azərbaycan vasitəsilə Xəzər hövzəsindəki layihələrdə fəal iştirak imkanları qazanır, məqalədə Orta Asiyanın türk dövlətlərinin İsraillə əməkdaşlığın dərinləşməsinə müsbət yanaşacağı qeyd olunur. Əgər İsrail-Qazaxıstan tərəfdaşlığı uğurlu modelə çevrilərsə, digər regional dövlətlərin də bu nümunəni izləməsi mümkündür. Ən perspektivli ssenari kimi İsrailin mövcud C5+1 formatından istifadə etməsi göstərilir. Xatırladılır ki, 2025-ci ildə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə qoşulması ilə format C6 səviyyəsinə yüksəlib. Bu isə İsrailin Azərbaycan və Qazaxıstanı da əhatə edən C6+1 mexanizminin formalaşdırılması üçün imkan yaradır. Müəllifin qənaətinə görə, belə bir format İsrail üçün xüsusilə əlverişlidir, çünki Tel-Əvivin möhkəm və stabil münasibətlərə malik olduğu iki əsas regional tərəfdaşı - Azərbaycan və Qazaxıstan - eyni platformada birləşir. Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a mövcud durumu belə şərh etdi: “İsraildən olan politoloqun bu fikirlərində İsrailin Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının yeni müstəviyə daşınmasından söhbət gedir. Türk dünyası ölkələri bir qayda olaraq onlara normal tərəfdaşlıq çərçivəsində edilən təkliflərə pozitiv yanaşırlar. İsrailin Azərbaycanla əlaqələri yetərincə dərindir. Azərbaycanın son illərdə Mərkəzi Asiya ölkələri ilə yaxınlaşması İsrailin diqqətindən yayınmayıb. Bu səbəbdən İsrail Mərkəzi Asiya ölkələri ilə yeni münasibətlərin qurulmasında Azərbaycanın rolunu yüksək qiymətləndirir. Lakin bu münasibətlərin lazımi səviyyədə qurulmasını təmin edəcək ciddi düşündürücü bir məqam var. Bu da Türkiyə-İsrail münasibətləridir. Bütün hallar üçün Türk dünyası ölkələri ilə yaxınlıq etmək bu iki ölkə arasında münasibətlərin səviyyəsindən bilavasitə asılı olacaq. İsrail tərəfi bu məqamı diqqətdən qaçırmamalıdır. Nəzərə alaq ki, Avrasiya məkanında dünya nəhəngi ABŞ-nin ən yaxın tərəfdaşları da Türkiyə və İsraildir. Deməli, bu iki ölkə öz münasibətlərində soyuqluq yaradan məqamlar ətrafında ciddi düşünməli və bir-birinə qarşı güzəştə gedərək münasibətləri normallaşdırmalıdır. Bu baş verdikdə Türk dünyası ölkələri ilə İsrail arasında münasibətlər özünün yeni mərhələsinə qədəm qoya bilər". Geri qayıt |