Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlət bankına rəhbər TƏYİN EDİLDİ
Dövlət bankına rəhbər TƏYİN EDİLDİ21-01-2026, 15:12 |
|
“Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin üzvü Günel Nəbiyeva Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. "DİA-AZ" banka istinadən xəbər verir ki, Günel Nəbiyeva 2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqində Baş hüquq inzibatçısı və digər rəhbər vəzifələrdə çalışıb. O, ölkənin bank sektorunda 15 ildən artıq zəngin təcrübəyə malikdir. 2006-cı ildən etibarən “Unibank” Kommersiya Bankı ASC-də, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasında (Mərkəzi Bank) müxtəlif rəhbər vəzifələr tutub. 2022-2025-ci illərdə “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının tərkibində yer alıb və 2025-ci ilin dekabr ayından Bankın İdarə Heyətinin üzvüdür. Bundan əlavə, Holdinqdəki fəaliyyəti dövründə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin müşahidə şuralarının üzvü təyin edilib. Günel Nəbiyeva 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2008-ci ildə isə magistr pilləsini bitirib. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 28 mart 2024-cü il tarixli Sərəncamı ilə Bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin 51%-i SOCAR-a ötürülmüşdür. Hazırda Bankın nizamnamə kapitalının ümumilikdə 75%-i dövlətə (51%-i SOCAR-da olmaqla), 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i “Qala Həyat Sığorta Şirkəti” ASC-yə, 12,37%-i “T.C. Ziraat Bankası” AŞ-yə və 1.08%-i “Ziraat Bank İnternational” AG-yə məxsusdur. Səhmdarların ümumi yığıncağında dövlət adından qərarların qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilir. Geri qayıt |