Əsas Səhifə > Ana xəbər / Güney Press > “Yelo Bank”ın rəqəmlərlə dansı: Mənfəət əriyir, risk artır
“Yelo Bank”ın rəqəmlərlə dansı: Mənfəət əriyir, risk artır17-01-2026, 02:59 |
|
Hər ilin ilk ayı ötən ilin hesabat dövrüdür. Xüsusilə şirkətlər rəqəm oyunları ilə hər il inkişaf etdiklərini göstərməyə cəhd edirlər. Nə qədər çox rəqəm, o qədər sadə oxucunun fikrini qarışdırmaq deməkdir. Rusiyadan olan milyarder Vahid Ələkbərova məxsus “Yelo Bank” ASC də bu yolu tutub və N sayda rəqəmlərlə 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. Ən diqqətçəkən məqam ondan ibarətdir ki, aktivlər, kredit portfeli və depozitlər artdığı halda xalis mənfəət kəskin şəkildə azalıb. Bu mənzərə kreditlərin keyfiyyəti ilə bağlı suallar yaradır. Mənfəətin azalması ya problemli kreditlər üzrə ehtiyatların artdığını, ya da verilən kreditlərin aşağı gəlirliliklə müşayiət olunduğunu deməyə əsas verir. Hər iki hal bank üçün risklidir. Bir tərəfdən, problemli kreditlərin artması gələcək dövrlərdə mənfəətin daha da azalmasına gətirib çıxara bilər, digər tərəfdən isə aşağı marjalı kreditləşmə bankın resurslarından səmərəsiz istifadə edildiyini göstərir. Aktivlərin sürətlə böyüməsi fonunda gəlirliliyin zəifləməsi “kəmiyyət var, keyfiyyət yoxdur” yanaşmasının gücləndiyini deməyə əsas verir. Digər mühüm mənfi cəhət bankın depozitlərdən artan asılılığıdır. Depozit portfelinin 17,8 faiz artaraq 1,1 milyard manatı keçməsi ilk baxışdan müsbət görünsə də, bu vəsaitlərin yüksək faizlə cəlb olunması bankın xərclərini artırır. Faiz dərəcələrinin yüksəldiyi bir mühitdə depozitlər əsas maliyyə mənbəyinə çevrildikdə, bankın faiz marjası daralır və mənfəət üzərində təzyiq güclənir. Bu isə artıq rəqəmlərdə açıq şəkildə özünü göstərir. Kapital göstəricilərindəki artım da mahiyyət etibarilə suallar doğurur. Balans kapitalının 22,6 faiz artmasına baxmayaraq, nizamnamə kapitalının dəyişməməsi onu göstərir ki, bu artım yeni sərmayə qoyuluşu hesabına deyil, daha çox daxili mühasibat mexanizmləri və bölüşdürülməmiş mənfəət üzərindən formalaşıb. Belə kapital artımı real maliyyə dayanıqlığını gücləndirmir və potensial risklər qarşısında bankı tam sığortalamır. Ümumilikdə, ortaya çıxan tablo ondan ibarətdir ki, “Yelo Bank” sürətlə böyüməyə çalışsa da, bu böyümə mənfəətə və dayanıqlılığa çevrilmir. Bank daha çox kredit verir, daha çox depozit cəlb edir, lakin daha az qazanır. Bu tendensiya davam edərsə, yaxın illərdə bankın aktiv keyfiyyəti, gəlirliliyi və kapital mövqeyi ilə bağlı problemlərin daha qabarıq şəkildə üzə çıxması istisna deyil. Yenicag.az Geri qayıt |