Əsas Səhifə > Ana xəbər / Güney Press > “Camaat Marsa uçur, bizimkilər avtobus problemini həll edə bilmirlər”
“Camaat Marsa uçur, bizimkilər avtobus problemini həll edə bilmirlər”17-01-2026, 02:01 |
Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin fəaliyyətə başlamasından 15 il keçir. 2011-ci ildə bu sistem yaradılanda deyirdilər ki, paytaxt sakinlərinin rahatlığı təmin olunacaq, Avropa şəhərlərində olduğu kimi, Bakıda da insanlar avtobusun nə vaxt gələcəyini biləcəklər. İctimai nəqliyyat vaxtlı-vaxtında işləyəcək.Proseslər göstərdi ki, bu deyilənlər elə söz olaraq qaldı. Üstündən 15 il keçməsinə baxmayaraq, Bakıda səhər işə gedən, axşam işdən qayıdan insanlar yenə də ictimai nəqliyyatla bağlı əziyyət çəkir. Pik saatlarda dayanacaqlarda sərnişinlər avtobus gözləyə-gözləyə qalır. Bakıda yollarda avtobus xətlərinin çəkilməsi də problemi həll etməyib. Xatirə Qasımova Bizimyol.info xəbər portalına danışır ki, iş yeri metronun “28 May” stansiyasının yaxınlığındadır. Özü isə 9-cu mikrorayonda yaşayır. O, işə gedib-gəlmək üçün 85 saylı marşrut avtobusundan istifadə edir. Xatirə Qasımova daimi istifadə etdiyi ictimai nəqliyyatın fəaliyyətindən razı deyil: “Axşam saat 8-də işdən çıxıram, bəzən yarım saat, 40 dəqiqə avtobus gözləyirəm. Gəlib çıxmır. Qonşu Gürcüstanda belə, dayanacaqda görürsən ki, avtobus nə vaxt gələcək. Bacım Avropada yaşayır, onlar internetdə baxırlar, bilirlər ki, yaşadıqları evin dayanacağından hansı avtobus nə vaxt keçəcək, ona uyğun da qərar verirlər. Biz isə işdən, yaxud evdən çıxırıq, Allaha ümid gözləyirik ki, avtobus nə vaxt gələcək. Bəzən ardıcıl gəlir, bəzən uzun müddət gəlmir, nəticədə dayanmağa belə, yer olmur. Camaat Marsa uçur, bizimkilər ictimai nəqliyyat problemini həll edə bilmirlər”. Ramanı qəsəbəsində yaşayan Taleh Quliyev hesab edir ki, daha çox Bakının mərkəzində hərəkət edən avtobusları nəzərə alırlar. Şəhərətrafı ictimai nəqliyyat diqqətdən kənarda qalır və nəticədə o qəsəbələrdə yaşayan insanlar daha çox əziyyət çəkir. Onun sözlərinə görə, bütün problemlərin kökü rüşvətxorluq və məmur özbaşınalığındadır: “Hələ Ziya Məmmədov nəqliyyat naziri olan vaxtlarda dayanacaqlarda televizorlar (monitorlar) quraşdırdılar. Guya orada həmin dayanacaqlardan keçən avtobusların nə vaxt gələcəyi, hərəkət cədvəli göstəriləcəkdi. Qarın-yağışın altında zay olub getdilər. Dövlətin milyonlarla pulu xərclənmişdi onları almağa. Bir adam da hesab istəmədi ki, ay qardaş, bunlar niyə alınmışdı, niyə zay oldu? Yaxşı, Ziya Məmmədov o işlərin öhdəsindən gələ bilmədi, ondan sonra gələnlər eləyəydi. Onlar da eləmədilər. Yenə də bu insanlar zülm çəkir, heç kimin də vecinə deyil”. 2011-ci il dekabrın 29-dan Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Sistemi fəaliyyətə başlayarkən nümunə kimi Cənubi Koreya modelinin tətbiqi nəzərdə tutulmuşdu. Lakin son nəticədə heç bir model tətbiq olunmadı və büdcədən 100 milyon manata yaxın vəsait səmərəsiz xərcləndi, yaxud da “yeyildi”. Geri qayıt |