Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyana qarşı TƏHLÜKƏLİ hərəkətlənmə

Paşinyana qarşı TƏHLÜKƏLİ hərəkətlənmə


13-01-2026, 08:51

Həlledici parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda yavaş-yavaş siyasi hərarət qalxır. Artıq radikal müxalifət düşərgəsində də hərəkətlənmə başlayıb. Opponentlərin ən böyük problemi isə hələ ki, hakimiyyətə qarşı vahid cəbhədən çıxış edə bilməməsidir. “Hələ Yeni il bayramından əvvəl mən müsahibəbəmdə hakimiyyət dəyişikliyi üçün “yol xəritəsi”ni ətraflı şəkildə izah etmişəm. Tam məsuliyyətlə bildirirəm ki, qəti qələbəyə aparan yeganə yol bütün müxalifət qüvvələrinin birləşərək, vahid seçki siyahısı əsasənda mübarizə aparmaqdır”. Bunu “İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan bildirib.

Xatırladaq ki, Marukyan yaxınlaradək Baş nazir Nikol Paşinyanın xüsusi tapşırıqlar üzrə nümayəndəsi olub. Lakin istefa verərək, müxalifətə keçib.
Ermənistan müxalifəti iyun seçkilərinədək iqtidara qarşı koalisiya qura biləcəkmi? Yaradarsa, qələbə şansı necə olacaq?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan seçkiqabağı müxtəlif qüvvələrlə mübarizə aparır: “Revanşistlər, radikal müxalifət, Kilsə və Moskvanın dəstəklədiyi adamlar, keçmiş “Qarabağ klanı” və digər qüvvələrə qarşı Paşinyan hələ ki, uğurla mübarizə aparır. Uğurlu mübarizəni şərtləndirən bir neçə səbəb var: Birincisi, Paşinyan sülh quruculuğu ilə məşğuldur. Paşinyan təbliğatı elə aparır ki, həmin qüvvələrdən hansı hakimiyyətə gəlsə Ermənistan yenidən müharibəyə cəlb olunacaq. Paşinyan haqlıdır bu məsələdə, çünki həqiqətən də elə olacaq. Paşinyanın uğurunu şərtləndirən digər amil müxalifətin dağınıq olması, birləşə bilməməsi, seçkiyə vahid blokla gedə bilməməsidir”.

Politoloq qeyd edib ki, vaxt gedir və müxalifət qüvvələrinin birləşməsi də mümkün görünmür: “Ermənistan müxalifətin birləşə bilməsi şansı yoxdur. Çünki fərqli qüvvələrdir, fərqli, bir-biri ilə ziddiyyətli adamlardan ibarətdir. Keçmiş “Qarabağ klanı”nın əsas iki öndə olan siması var-Robert Köçəryan və Serj Sərkisyan. Bunlar Azərbaycan torpaqlarını birlikdə işğal ediblər, öz xalqlarına qarşı birlikdə amansızlıqlar həyata keçiriblər, bir yerdə çox cinayətlər törədiblər, birlikdə iqtidarda olublar, birlikdə Rusiyanın əlaltısı olublar. Bütün bunlara baxmayaraq indi onlar arasında belə, fikir ayrılığı var. Ona görə də bütün müxalifətin bir yerə toplanıb Paşinyana alternativ blokla çıxış etməsi ehtimalı azdır. Bu da Paşinyanın seçkidə qələbə qazanmaq ehtimalını artırır”.

Musavat.com


Geri qayıt