Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıdakı rus səfirin MƏCHUL susqunluğu

Bakıdakı rus səfirin MƏCHUL susqunluğu


13-01-2026, 08:46

Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycan Milli QHT Forumu Rusiyanın Bakıdakı səfiri Mixail Yevdokimova etiraz məktubu ünvanlayıb. Səbəb Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin az öncə AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verildiyini bəyan etməsidir.

Məktubda bildirilir ki, Azərbaycan ictimaiyyəti AZAL təyyarəsi ilə bağlı Rusiyanın istintaq orqanlarının günahkarları müəyyən edərək onlara ən ağır cəza kəsməsini gözlədiyi bir vaxtda A.Bastrıkinin bu cinayət işinə xitam verildiyini elan etməsi anlaşılmaz və qəbuledilməzdir.

“Bütün fotofakt və videosübutları heçə sayaraq, təyyarənin guya əlverişsiz hava şəraiti səbəbindən Qroznıya eniş edə bilmədiyini iddia etmək hadisədə ölən və yaralanan günahsız insanların qanını batırmaq, onlara atəş açanları alqışlamaq deməkdir. Azərbaycan ictimaiyyəti bunu dərin hiddətlə qarşılayır və rədd edir”, - məktubda vurğulanır.

Bu arada isə Minval.az AZAL reysi ilə bağlı Moskvada keçirilmiş qapalı “xüsusi müşavirə” ilə bağlı senasion məlumat yayıb. Bildirilir ki, 2025-ci il sentyabrın 2-də Rusiya Hava-Kosmik Qüvvələrinin baş komandanının rəhbərliyi ilə AZAL təyyarəsinin vurulması ilə bağlı formal xarakterli “xüsusi müşavirə” keçirilib. Həmin toplantıda AZAL təyyarəsinin vurulması əmrini verən general-mayor Aleksandr Tolopilo da iştirak edib. Saytın məlumatına əsasən, Tolopilo ilə bağlı bütün xidməti araşdırmalar dayandırılıb. Bu isə Rusiyada qəza ilə bağlı cinayət işinin faktiki ört-basdır edildiyini göstərir.

Sözügedən cinayət işi ilə bağlı Rusiya İstintaq Komitəsinin rəsmi saytında da heç bir məlumat yoxdur. Həmçinin, Komitənin “Rezonanslı cinayət işləri” bölməsində bu cinayət işinin materialları, müstəntiqlərin “araşdırması” və nəhayət, məlum yekun yerləşdirilməyib.

Bəs rusiyalı səfir, nəhayət, susqunluğu pozacaqmı? Proseslər hara aparır, Bakının bu il Beynəlxalq Məhkəməyə müraciət etməsi gözlənilirmi?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a deyib ki, Bakıdakı səfir Mixail Yevdokimovun AZAL təyyarəsi ilə bağlı yaranmış qalmaqallı proses fonunda nümayiş etdirdiyi susqunluq təsadüfi deyil:

“Bu, düşünülmüş və mərkəzdən idarə olunan siyasi pauzadır. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL reysi ilə bağlı cinayət işinə xitam verildiyini açıqlaması faktiki olaraq Moskvanın mövqeyini yekunlaşdırdı: Rusiya hadisəyə görə məsuliyyət daşımadığını elan etdi. Halbuki, hadisə ilə bağlı açıq mənbələrdə yayımlanmış fotolar, videolar, təyyarənin zədələnmə xarakteri və uçuş trayektoriyası bu mövqenin hüquqi və texniki baxımdan son dərəcə zəif olduğunu göstərir.

Bu qərar hüquqi aktdan daha çox, siyasi bəyanatdır. Moskva açıq şəkildə demək istəyir ki, bu məsələ Rusiya üçün bağlanıb. Nə cinayət işi var, nə günahkar, nə də cavabdehlik. Minval.az-ın yaydığı və artıq təkzib olunmayan məlumatlar isə prosesin mahiyyətini daha açıq göstərir. Rusiya Hava-Kosmik Qüvvələrinin rəhbərliyi səviyyəsində keçirilmiş qapalı “xüsusi müşavirə”, həmin müşavirədə AZAL təyyarəsinin vurulması əmrini verdiyi deyilən general-mayor Aleksandr Tolopilonun iştirakı və onunla bağlı bütün xidməti araşdırmaların dayandırılması göstərir ki, istintaq imitasiya olunub, qərar isə əvvəlcədən verilib.

Rusiya İstintaq Komitəsinin rəsmi saytında bu cinayət işinə dair heç bir məlumatın yer almaması da təsadüfi deyil. Bu, Moskvanın hadisəni maksimum qapalı saxlamaq, ictimai müzakirədən çıxarmaq və zamanla unutdurmaq istəyindən irəli gələn addımdır. Eyni taktika keçmişdə MH17, Gürcüstan müharibəsi və digər analoji hadisələrdə də müşahidə olunub. Bu kontekstdə Bakıdakı Rusiya səfirinin susqunluğu aydın olur. Səfir danışmırsa, deməli, danışmaq üçün səlahiyyəti yoxdur. Çünki bu məsələ artıq diplomatik səviyyədən çıxıb və strateji qərar səviyyəsinə qaldırılıb. Kreml bu mövzuda manevr imkanını minimuma endirib”.

Çingiz Qənizadəyə görə, Rusiya Bakının məsələni ikitərəfli münasibətlərin ümumi kontekstinə qurban verəcəyinə ümid edir:

“Yəni, Moskva strateji tərəfdaşlıq, regional təhlükəsizlik, enerji layihələri kimi arqumentlərlə bu məsələnin arxa plana keçəcəyini hesablayır. Lakin bu, ciddi bir səhv hesablama ola bilər. Burada söhbət Azərbaycana məxsus mülki təyyarənin hərbi hədəf olaraq vurulmasından, Azərbaycan vətəndaşlarının həyatından, dövlətin suveren hüquqlarından və beynəlxalq hüququn açıq şəkildə pozulmasından gedir. Bu isə artıq daxili siyasi məsələ deyil, beynəlxalq məsuliyyət məsələsidir. Bu baxımdan Azərbaycanın Beynəlxalq Məhkəməyə müraciət ehtimalı real və məntiqidir. Belə bir addım emosional reaksiya yox, hüquqi və siyasi alətdir. Moskva məsuliyyətdən yayınmağa çalışdıqca Bakı üçün beynəlxalq platformalar daha aktual və zəruri hala gəlir”.

Ekspertin qənaətincə, beynəlxalq münasibətlərdə hörmət emosiyadan yox, hesabdan və ardıcıllıqdan doğur:

“Əgər Rusiya bu məsələni bağladığını düşünürsə, yanılır. Çünki susqunluq problemi aradan qaldırmır, əksinə, onu daha təhlükəli mərhələyə daşıyır. Bu gün səfir susur. Sabah bu susqunluğun cavabı beynəlxalq tribunalarda, rəsmi sənədlərdə və hüquqi iddialarda yer alacaq”.

Musavat.com


Geri qayıt