Əsas Səhifə > Ana xəbər / Güney Press > “Mehdiyev”çilər yola salınır
“Mehdiyev”çilər yola salınır12-01-2026, 13:34 |
|
Dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin uzun illər ərzində icra hakimiyyəti strukturlarına yerləşdirdiyi kadrların mövcudluğu artıq heç kim üçün sirr deyil. Onilliklər boyu kadr siyasətinə nəzarət edən Mehdiyev özünə sadiq şəxsləri müxtəlif dövlət qurumlarına, xüsusən də yerli icra hakimiyyətlərinə yerləşdirib. Həmin kadrların idarəetmə orqanlarından uzaqlaşdırılması prosesi aparılır. Musavat.com-a daxil olan məlumatlara görə, artıq ölkənin bütün rayonlarında icra başçılarının müavinləri, xüsusilə 2021-ci ilə qədər təyin olunan şəxslər vəzifələrindən azad ediliblər. Hər rayonda orta hesabla 3-4 müavin işdən çıxarılıb. 2021-ci ildən sonra təyin olunan başçı müavinləri isə vəzifələrində qalıblar. Lakin prosesin ən diqqətçəkən və suallar doğuran tərəfi odur ki, başçı müavinləri vəzifədən uzaqlaşdırılsalar da, onlara ayrılmış xidməti avtomobillərdən, sürücülərdən və digər inzibati resurslardan istifadə etməkdə davam edirlər. Başqa sözlə, kreslo gedib, imtiyaz qalır. İslahat dalğası təkcə icra başçılarının müavinləri ilə məhdudlaşmayıb. Rayonların İnzibati Ərazi İdarəetmə Nümayəndəliklərində çalışan mühasiblər, baş məsləhətçilər, təsərrüfat və uçot funksiyalarını icra edən əməkdaşlar da kütləvi şəkildə ixtisara düşüblər. Bu isə hər bir rayon üzrə təxminən 35-40 nəfər dövlət qulluqçusunun işsiz qalması deməkdir. Rəsmi göstərişlərə əsasən, icra hakimiyyətlərində 65 yaşına çatmış vəzifəli şəxslər təqaüdə göndərilməlidir. Ancaq yerlərdə tam fərqli mənzərə müşahidə olunur. Bir çox rayonda təqaüd yaşını çoxdan tamamlamış, faktiki olaraq icra başçılarının şəxsi təsərrüfatını, biznes maraqlarını və qeyri-rəsmi tapşırıqlarını icra edən şəxslər illərdir vəzifədə saxlanılır. Nəticədə Ramiz Mehdiyevlə heç bir bağlılığı olmayan, gənc və peşəkar kadrlar ixtisar olunur, köhnə və toxunulmaz fiqurlar isə sistemdə qalır. Halbuki Prezident İlham Əliyevin ötən ilin dekabrında yerli icra hakimiyyətlərinin strukturunun təkmilləşdirilməsi ilə bağlı imzaladığı Fərman qanunçuluq, şəffaflıq və sosial ədalət prinsiplərinə əsaslanırdı. Rəsmi məqsəd dövlət qulluğunun optimallaşdırılması, idarəetmədə səmərəliliyin artırılması idi. Lakin yerlərdə bu Fərmanın icrası zamanı sosial ədalət prinsipləri faktiki olaraq pozulur. Yeni Fərmanla 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Prezident Fərmanı faktiki olaraq yeni redaksiyada təsdiq edilib. Geri qayıt |