Əsas Səhifə > Ana xəbər / Güney Press > Sərtləşən “Rusiya küləyi”: Bakının yeni hazırlığı

Sərtləşən “Rusiya küləyi”: Bakının yeni hazırlığı


9-01-2026, 08:04

2026-cı ildə də Azərbaycan-Rusiya münasibətlərində problemlərin davam edəcəyi gözlənilir

2026-cı il Azərbaycan üçün xarici siyasətdə həm möhkəmlənmə, həm də yeni mərhələyə keçid ili kimi xarakterizə olunur. Qarabağ məsələsinin həllindən sonra formalaşan yeni geosiyasi reallıq Bakının regional və qlobal səviyyədə prioritetlərini daha aydın şəkildə ön plana çıxarır.
Ermənistanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiya-demarkasiyası prosesi 2026-cı ildə də Bakının diplomatik gündəmində mühüm yer tutur Türkiyə–Azərbaycan münasibətləri 2026-cı ildə də xarici siyasətin dayaqlarından biri olaraq qalır.
Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə praqmatik xətti davam etdirir. Xüsusilə enerji təhlükəsizliyi, “yaşıl enerji” ixracı və nəqliyyat-logistika sahəsində əməkdaşlıq 2026-cı ilin əsas gündəm mövzularındandır. Bakı Avropanın enerji xəritəsində etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirməyi hədəfləyir.

Ən çox Rusiya ilə münasibətlər Azərbaycanın çoxvektorlu xarici siyasətinin mühüm komponenti olaraq qalır. 2026-cı ildə Bakı Moskva ilə dialoqu qorumaqla yanaşı, regional proseslərdə müstəqil mövqeyini və milli maraqlarını əsas prinsip kimi saxlayır. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də İslam Əməkdaşlıq Təşkilatı daxilində fəallığın artırılması Azərbaycanın xarici siyasətində önəmli istiqamətlərdəndir. Bu il xarici siyasətimizdə əsas problemli istiqamətlərin hamısı mühüm olsa da, əsas problemli istiqamət Rusiya hesab oluna bilər. Üstəlik, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin AZAL-ın təyyarəsi ilə bağlı cinayət işinə xitam verilməsinin səbəbləri haqda Baş prokuror Kamran Əliyevə göndərdiyi iddia edilən məktubun üzə çıxması Bakı-Moskva xəttində hələ də problemlərin davam edəcəyinin göstəricisidir.

Politoloq Züriyə Qarayevanın sözlərinə görə, əgər təyyarənin vurulması faktı və ardınca Rusiyadakı azərbaycanlılara zorakılıq olmasaydı, Moskva ilə münasibətlər də rəvan gedəcəkdi. Onun fikrincə, münasibətlərdə hər şeyi korlayan Rusiya olub və bir ildən çoxdur ki, qaydasına düşmür: "Bu da Azərbaycanın yürütdüyü siyasətdən irəli gələrək üzləşdiyimiz təzyiqlərdir. Rusiya hesab edir ki, Azərbaycan onun təsiri altında olmalı idi. Ancaq bizim müstəqil mövqeyimiz, Kremlin orbitindən uzaqlaşmağımız, Zəngəzur dəhlizinə nəzarət üçün Rusiyanın kobud arzularını ifadə etməməyimiz, Türkiyə ilə müttəfiqliyi gücləndirməyimiz nəticə etibarı ilə təyyarəmizin vurulması və digər təzyiqlərlə üzləşməyə səbəb oldu. Yəni Rusiya Azərbaycanda qoşunlarını saxlamaq istəyirdi, sülh danışıqları, delimitasiya prosesi, Zəngəzur dəhlizi ilə bağlı məsələlərin onun moderatorluğu, əslində monopoliyasında olmasını tələb edirdi, amma bunların heç biri olmadı, vasitəçiliyi itirdi, bu da onu qəzəbləndirdi".
Ekspertə görə, Rusiyanın Ukraynada uğursuzluğu Cənubi Qafqazda təsirini göstərdi: "Ona görə təhdid yolunu seçdi. Amma bu da əks effekt verdi və bu günə qədər münasibətlər yaxşılaşmır. Belə demək olarsa, Azərbaycanın 2026-cı ildə xarici siyasətində problemli istiqamət Rusiyadır. Hazırda Bakı Tehranla əlaqələri normallaşdırıb, İrəvanla sülh prosesi gedir, ABŞ və Çinlə yüksək səviyyəli tərəfdaşlıq, var, Avropa İttifaqının bəzi qolları ilə siyasi ziddiyyətlər olsa da, ümumən münasibətlər inkişafdadır, müttəfiqlərlə də əməkdaşlığımızın sahələri genişlənir. Məncə, bu il Rusiya Azərbaycanla problemlərə son qoymalıdır. Xüsusən də təyyarə mövzusunda son addımlar anlaşılmazdır. Lavrovun müavini Qaluzinlə İstintaq Komitəsinin mövqeyi üst-üstə düşmür. Odur ki, Rusiya Azərbaycan siyasətinə yenidən baxmağa məcburdur".

Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin AZAL-ın təyyarəsi ilə bağlı cinayət işinə xitam verilməsinin səbəbləri haqda Azərbaycanın Baş prokuroru Kamran Əliyevə göndərdiyi iddia edilən məktub təyyarə böhranı ətrafında yeni suallar yaradır. Onun bildirdiyinə görə,
məktubda AZAL-ın təyyarəsinin hava şəraitinə görə marşrutunu dəyişdirdiyi, qəzanın da buna görə baş verdiyi qeyd olunur, atəş açılmasından bəhs edilmir. "Xarici işlər naziri Ceyhun Bayramov da ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirdi ki, Rusiya İstintaq Komitəsi təəccüb doğuran məktub göndərib. Məktubda cinayət işinə xitam verildiyi bildirilir.

Bastrıkinin məktubu qəza ilə bağlı Rusiyanın da yer aldığı komissiyanın ilkin araşdırmasının nəticələrinə, eləcə də Putinin Əliyevlə Düşənbə görüşündə dediklərinə ziddir", - deyə analitik bildirib.

Onun sözlərinə görə, komissiya təyyarəyə kənar müdaxiləni təsdiq edir, Putin də Əliyevə təyyarənin Rusiya hava hücumundan müdafiə sistemlərinin açdığı atəşə tuş gəldiyini deyib və buna görə kompensasiyanın ödəniləcəyini, məsuliyyətli şəxslərlə bağlı hüquqi qiymət veriləcəyini bildirib: "Bunun fonunda Rusiya İstintaq Komitəsinin əsassız mövqeyi Bakıda suallar yaradır. Bastrıkin Putinə qarşı çıxır?

Mümkün ehtimaldır, Rusiyanın hərbi-siyasi elitasında qruplaşmaların olduğunu nəzərə alsaq, təyyarənin vurulmasına görə məsuliyyət daşıyan şəxsləri qorumaq istəyən qrupların rol oynadığı versiyası ön plana çıxır. Cinayət işinə xitam verilməsi ilə Putinin də mövqeyinə təsir etmək istəyə bilərlər. Hərçənd, mümkün görünən bu ehtimal belə bir qərarın birbaşa Kreml – Putin tərəfindən verilməsi versiyası ilə müqayisədə zəif görünür. Moskva da beynəlxalq komissiyanın araşdırdığı qəzada atəş açıldığı faktının təsdiqlənəcəyini və Azərbaycanın tələblərindən geri çəkilməyəcəyini anlayır. Lakin Bakı ilə pərdəarxası danışıqlarda bundan (Moskva üçün Cənubi Qafqazda zəifləyən mövqelərini yenidən bərpa etmək məqsədilə açılacaq kommunikasiyalardan pay almaq istəyi prioritetə çevrilib) “bazarlıq” üçün istifadə etmək istəyi də müşahidə olunur".

Musavat.com


Geri qayıt