Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya “Tramp yolu”na nəzarət iştəhasında

Rusiya “Tramp yolu”na nəzarət iştəhasında


3-01-2026, 15:06

Amerikalı jurnalistə görə, Moskvanın burada özünü əsas söz sahibi hesab etməsi dəhlizin gələcəkdə ABŞ şirkət tərəfindən idarəolunmasını sual altına alır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, erməni tərəfi regional kommunikasiyaların tezliklə açılmasında maraqlıdır və bu məqsədlə ABŞ-la fəal işləyir. O bildirib ki, yerlərdə praktiki tikinti işlərinin 2026-cı ilin ikinci yarısı üçün nəzərdə tutulub. Mirzoyan bu barədə Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.

Nazir bəyan edib ki, Ermənistan TRIPP (“Tramp yolu”) infrastrukturunun tezliklə işə salınmasında, o cümlədən dəmir yolu xidmətinin mümkün bərpasında maraqlıdır. "Biz Amerika tərəfi ilə çox intensiv işləyirik və 2026-cı ilin ikinci yarısında bizdə torpaq tikintisinə başlanacaq", - Mirzoyan qeyd edib.Bu arada Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının Ermənistan-İran sərhədi yaxınlığında “Tramp yolu” ərazisində reportaj hazırlayan amerikalı jurnalisti saxlaması isə bəzi haqlı suallar doğurub. Qeyd edək ki, ABŞ-ın “PBS News” un müxbiri Saymon Ostrovski bölgəyə televiziya reportajı hazırlamaq üçün gəlibmiş. Mehridə Saymon və prodüser Katya Patin FTX əməkdaşları tərəfindən saxlanılıblar. Amerikalı jurnalistlərə məlumat verilib ki, bu sərhəd zonasında foto və videoçəkiliş qadağandır. Ostrovski öz sosial şəbəkə hesabından hesabatında yazıb ki, “Tramp yolu”nun reallaşmazdan əvvəl Ermənistan-İran sərhədində bir çox ciddi maneələri dəf etmək lazımdır. Jurnalistə görə, Rusiyanın burada özünü əsas söz sahibi hesab etməsi “Tramp yolu”nun gələcəkdə amerikalı şirkət tərəfindən idarəolunmasını sual altına alır. O, haqlı olaraq Amerika şirlkətinin Rusiya sərhədçiləri ilə qarşılıqlı əlaqələrinin necə nizamlanacağı haqda qeyri-müəyyənlik qaldığını da yazıb. Jurnalistin fikrincə, bu, “Tramp yolu”nda həll olunmamış problemlərdən yalnız biridir.

Azərbaycan Hərbi Polisinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Rusiya “Tramp yolu”na-Zəngəzur dəhlizinə hansısa formada nəzarət imkanları əldə etmək istəyir. Lakin buna nail ola bilməsi mümkün deyil:

“Çünki TRIPP çərçivəsində Ermənistan sərhəd-buraxılış məntəqələrində Rusiya sərhədçiləri və ya hərbçiləri nəzarət və yoxlama həyata keçirməyəcək. Bunun əksinə olaraq, nəzarət Ermənistan dövlət orqanları tərəfindən yerinə yetiriləcək və bu, tərəflər arasında razılaşdırılıb. Ötən il 8 avqustda Vaşinqtonda imzalanmış müqavilə “Tramp yolu”nun iş prinsiplərini və nəzarət rejimini dəqiq müəyyən edir və bu çərçivədə bütün prosedurlar yerli dövlət xidmətləri tərəfindən həyata keçiriləcək. Sənəddə Ermənistan sərhədlərində xidmət keçən Rusiya sərhədçilərinin məntəqələrdə nəzarət və yoxlama aparacağını təmin edən heç bir müddəa yoxdur. Ümumiyyətlə, sözügedən layihədə Rusiyanın bu funksiyaya malik olması barədə heç bir rəsmi razılaşma olmayıb. Məlumatlara görə, hazırda Ermənistan sərhəd-keçid məntəqələrində artıq Azərbaycanla sərhəddə rus sərhədçiləri çıxarılıb və bu keçidlər Ermənistan tərəfinin sərhədçiləri tərəfindən idarə olunur”.

Ekspert hesab edir ki, ona görə də TRIPP-in sərhəd buraxılış məntəqələrində nəzarət və yoxlamalarını Rusiya sərhədçiləri həyata keçirə bilməz. Buna ABŞ tərəfi də razı olmaz: “Rusiyanın TRIPP üzərində nəzarət əldə etmək imkanı yoxdur. Çünki layihəyə daxil olacaq infrastrukturun-söhbət Ermənistan ərazisindən keçən hissədən gedir-üzərindəki nəzarət və idarəetmə hüquqları Ermənistan və ABŞ-ın birgə şirkətinə veriləcək. Ermənistan parlamenti və hökuməti bəyan edib ki, bu yolun hissəsi Rusiyanın nəzarətində olmayacaq və Rusiya şirkətlərinin layihəyə iştirakı planlaşdırılmır”.

Musavat.com


Geri qayıt