|
Dövlət Statistika Komitəsinin Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən paylaşdığı bəzi statistik göstəricilər mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Yeniavaz.com xəbər verir ki, açıqlanan rəsmi statistikada ötən ilin ilk 10 ayında Azərbaycana Çindən 8 ədəd “Ağac məmulatlarından tabutlar” idxal edildiyi göstərilib. Qeyd etdiyimiz kimi, bu məlumat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Çünki daha əvvəl açıqlanan statistik göstəricilərdə Azərbaycana bu adda məhsulun idxalı ilə bağlı məlumat olmayıb. Açıqlanan məlumatda diqqət çəkən məqamlardan biri də idxal olunan “Ağac məmulatlarından tabutlar”ın gömrük dəyəri ilə bağlıdır. Belə ki, rəsmi statistikada göstərilir ki, bu məhsulun bir ədədinin orta gömrük dəyəri, yəni ölkəyə daxil olma qiyməti 26,6 qəpik olub. Məlum məsələdir ki, dəfn üçün istifadə olunan tabutların qiyməti bu səviyyədə ola bilməz. Bu səbəbdən Dövlət Statistika Komitəsinin Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən paylaşdığı bu göstəricilərdə hansısa yanlışlığın olduğu görünür. Onu da bildirək ki, “Ağac məmulatlarından tabutlar” adlı məhsulun gömrük kodu “442120” olaraq göstərilib. Bu kod bir çox ölkələrdə ağacdan hazırlanan kiçik ölçülü qablara şamil olunur. Məsələn, ağacdan hazırlanan siqaret qablarını bəzi ölkələr bu kod ilə təsnif edirlər. Açıqlanan rəsmi statistikada digər bəzi məhsulların idxalı ilə bağlı məlumatlar da müzakirələrə səbəb olub. Məsələn, açıqlanan rəsmi statistikada göstərilir ki, ötən ilin ilk 10 ayında Azərbaycana alabalığın (forel) kiloqramı İrandan 7,3 manata, Niderlanddan isə 533 manata gətirilib. Bu məlumat da sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, Niderlanddan forel balığının bir kiloqramının 533 manata idxal edilməsi mümkün deyil. Məlumat üçün qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə aparılan müzakirələrə nə Dövlət Statistika Komitəsindən, nə də Dövlət Gömrük Komitəsindən münasibət bildirilməyib.


Geri qayıt
|