Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan deputatlarının AŞPA-ya qayıtması üçün...

Azərbaycan deputatlarının AŞPA-ya qayıtması üçün...


3-01-2026, 10:43

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası 2026-cı ilin yanvarında Strasburqda keçiriləcək. Musavat.com bildirir ki, sessiyanın əsas məqamları sırasında Moldova Prezidenti Maya Sandunun, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın və Almaniyanın ədliyyə naziri Ştefani Hubiqin çıxışları yer alır.

Ştefani Hubiqin “beynəlxalq ədalət sisteminin qorunması” mövzusunda cari məsələlər üzrə debat çərçivəsində çıxış etməsi gözlənilir.

Bəllidir ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti səsvermə hüququna veto qoyulduğu üçün fəaliyyətini dayandırıb. AŞ PA Azərbaycanın “Qarabağa hücum”, “erməniləri etnik təmizləməyə məruz qoymaqda” ittihamları ilə səsvermə hüququnu əlindən alıb. Nümayəndə heyəti də etiraz olaraq iclaslarda iştirakını dondurub. Hazırda münasibətlərdə irəliləyiş olmadığına görə bu qış sessiyasında da Azərbaycanın iştirak etməyəcəyi məlumdur.

O zaman bu vəziyyət nə qədər davam edəcək? Avropa İttifaqı və Avropa Parlamentinin Azərbaycan əleyhinə sərgilədiyi mövqelərin ardınca daha nələr gözlənilir? Strasburq ölkəmizə qarşı səhvini düzəltməyə cəhd edə bilərmi?

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bu mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bir sıra vacib məqamlara toxundu: “Əvvəla onu qeyd edim ki, Avropa Şurasının 4 əsas orqanı mövcuddur, onların da ikisi Avropa Şurasının nizamnaməsinə əsasən, ikisi isə Konvensiya və Xartiya əsasında yaradılıb. Azərbaycan Avropa Şurasının üzvü olaraq qalır və 4 orqandan yalnız biri ilə qeyd etdiyiniz problem mövcuddur. Təəssüf ki, Avropa İttifaqının parlamenti kimi Avropa Şurasının da parlamenti müxtəlif lobbi qruplarının təsiri altıdadır. Bu baxımdan Azərbaycanla bağlı AŞPA-nın qərarı ədalətsizdir. Azərbaycan ərazilərinin 20%-ni 30 il işğal altında saxlamış və işğal edilən ərazilərdə genosid, ekosid və etnosid (mədəni soyqırım) aparan bir dövlətə qarşı həmişə loyallıq nümayiş etdirdiyi halda, Azərbaycana qarşı qərəzli mövqe tutub. Ona görə də yəqin ki, yaxın dövrlərdə Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıdacağı real görünmür”.

S.Məmmədov Strasburqda Azərbaycanla bağlı müzakirələrin aparılıb-aparılmayacağına gəldikdə, hüquqşünas bunları söylədi: “Biz olmadan bizi müzakirə etmək yumşaq desək, ədalətsizlikdir.

AŞPA-nın öz sessiyalarına müxtəlif dövlətlərin rəhbərlərini yaxud xarici işlər nazirlərini dəvət etmək ənənəsi var. Bu, adətən, sədrlik edəcək ölkənin rəhbəri yaxud naziri olur. Adi vaxtlarda isə AŞPA - ya demokratiya sahəsində nailiyyəti olan dövlətləri dəvət edirlər. Amma nə Moldova, nə də Ermənistan demokratik dövlət deyil. Moldovanın Avropa İttifaqına üzv olmaq məsələsi real olduğu üçün yenə onların prezidentinin dəvət olunması başadüşüləndir. Həm də Avropa İttifaqı Moldovanı Rusiyadan tam qoparmaq üçün müəyyən məsələlərə göz yumur”.

S.Məmmədov qeyd etdi ki, Ermənistan Xarici İşlər nazirinin hansı demokratik naliyyətlərdən bəhs edəcəyi bəlli deyil: “Çünki bu ölkədə insan hüquqları total və sistematik pozulmaqdadır”.

STM icraçı direktoru bir məqama da diqqət çəkdi: “AŞPA deyəndə Avropa Şurasının yalnız bir orqanının Azərbaycana olan qərəzli münasibəti kimi qəbul etməliyik. Ötən ilin sentyabr-oktyabr aylarında Avropa İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsi (CPT) Azərbaycanda oldu və azadlıqdan məhrumetmə yerlərinə başçəkmələr həyata keçirdi. Bu, o deməkdir ki, Azərbaycan Avropa Şurasının digər orqanları ilə, o cümlədən əsas orqan olan Nazirlər Komitəsi ilə əməkdaşlığı davam etdirir. Azərbaycan deputatlarının AŞPA-ya qayıtması üçün ilk addımı da AŞPA atmalıdır. Əks halda, Azərbaycan nümayəndə heyətinin PA-nı tərk etməsinin səbəbi aradan qalxmayana qədər orda iştirakın mənası yoxdur”.


Geri qayıt