Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanın qoşulmaq istədiyi “orta güclər liqası” nədir?
Azərbaycanın qoşulmaq istədiyi “orta güclər liqası” nədir?3-01-2026, 10:36 |
|
Xəbər verdiyimiz kimi , rusiyalı politoloq Sergey Markedonov özünün “Donskoy Kavkaz” Telegram kanalında 2026-cı ildə Cənubi Qafqazın üç ölkəsi ilə bağlı təhlillə çıxış edib. Professor Elxan Mirzəyevin sözlərinə görə, "Orta güclər liqası" geosiyasi kontekstdə işlənən termindir, yəni böyük güclərlə kiçik dövlətlər arasında yerləşən, müəyyən iqtisadi, hərbi və siyasi təsirə malik, regional və ya qlobal səviyyədə aktiv olan ölkələri ifadə edir: “Azərbaycan bu mənada aktiv regional oyunçudur. Bu da Qarabağdakı qələbədən sonra bölgədə yaranmış reallığın diktəsidir. Azərbaycan supergüc ABŞ, Çin kimi nəhənglərlə əməkdaşlıq edir, Orta dəhlizin Zəngəzur hissəsi ilə bağlı əsas aktordur, Yaxın Şərq və Cənubi Qafqaz siyasətində Türkiyə ilə həmahəng hərəkət edir, Rusiya və İran kimi ölkələrlə isə normal qonşuluq əlaqələri qurmağa üstünlük verir. Markedonov düzgün təsbit edib ki, Azərbaycan çoxşaxəli xarici siyasət kursu ilə özünün müttəfiqlərlə əlaqələrini gücləndirir, böyük dövlətlərlə əməkdaşlığını genişləndirir və özünə təhdid gördüyü nöqtələrdən isə məsafəli dayanmağa çalışır". Siyasi ekspert Ramiyə Məmmədova isə rusiyalı analitikin Ermənistanda keçiriləcək seçkilərlə bağlı Bakı və Ankaranın oynayacağı rol haqda söylədiklərini belə şərh edib: “İlk dəfə Ermənistanın Rusiyanın caynağından qoparmaq üçün bu şərait yaranıb. Paşinyan hökuməti hər iki türk dövləti ilə münasibətləri normallaşdırmağa çalışır. Bu da özlüyündə keçmiş forpost Ermənistanın Rusiyadan daha da uzaqlaşmasına hesablanıb. Təbii ki, söhbət siyasi müstəvidə gedir. Rusiya-Ermənistan arasında ticarət genişlənməkdədir. Amma Putinin Sərkisyan və Köçəryana bayram təbriki bir daha göstərir ki, Rusiya Ermənistanda siyasi hakimiyyət dəyişikliyi etməkdə istəklidir. Sadəcə, bu güc və real şərait yoxdur. Ona görə də Azərbaycan və Türkiyə Ermənistan seçkilərində Paşinyana dəstəyi gücləndirməlidir ki, qalib olsun. Bu da siyasi-diplomatik, iqtisadi jestlərdən ibarət ola bilər. Azərbaycan artıq iki addım atıb: tranziz qadağasının ləğvi və neft məhsullarının daşınması”.
Geri qayıt |