Əsas Səhifə > Ana xəbər / Güney Press > Prezidentdən xalqa “HAZIR OLAQ” mesajı
Prezidentdən xalqa “HAZIR OLAQ” mesajıBu gün, 11:11 |
|
“Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq”. Musavat.com xatırladır ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə xalqa müraciətində deyib. "Regiondakı riskləri nəzərə alsaq..." Deputat Elşad Musayev Musavat.com-a deyib ki, Prezident beynəlxalq hüququn işləmədiyini demək istəyib və Ukrayna münaqişəsi, Qəzza hadisələri buna dair ən acı nümunələrdir. Onun sözlərinə görə, Azərbaycan dünya nizamının pozulduğu belə bir dövrdə 5 il əvvəl torpaqlarını işğaldan azad edib, lakin Ermənistanda revanşist qüvvələr, separatçı qruplar, lobbi və diaspor hələ də “Qarabağ uğrunda mübarizə” davam edəcəyini söyləyir, Rusiyada Kremlin ayrı-ayrı propoqandistləri məsələnin yarımçıq qaldığını bildirir ki, bu da regionda keçmiş münaqişənin yenidən alovlanmasında maraqlı qüvvələrin olduğunu göstərir: “Ona görə də 2026-cı il üçün Azərbaycanın müdafiə və milli təhlükəsizlik 8,7 milyard manat təşkil edəcək. Çünki Ermənistanla sülh quruculuğu istiqamətində mühüm addımlar atılsa da, regiondakı riskləri, Cənubi Qafqazda kövrək təhlükəsizliyi nəzərə alaraq müdafiə qabiliyyətimizi gücləndirməliyik. Bu, heç də Azərbaycanın müharibəyə hazırlığı mənasını daşımır. Cənab Prezident də çıxışında qeyd edib ki, biz müharibə istəmirik və buna hazırlaşmırıq. Sadəcə, postmünaqişə dönəmində regionda olan təhdidlərdən irəli gələrək müdafiə tədbirlərini gücləndirmək məcburiyyətindəyik”. E.Musayev bildirib ki, Qarabağ münaqişəsi keçmişdir və qapanıb, bunu yenidən başlamaq istəyən kənar güclər isə bölgədə dayanıqlı sülhü istəməyənlərdir: “Azərbaycan ötən il Ermənistanla sülh yolunda iri addımlar atıb. Əvvəlcə Vaşinqtonda sülh mətni paraflanıb, sonra tranzit qadağasını aradan qaldırmışıq, həmçinin neft məhsullarımızı Ermənistana göndərmişik, eyni zamanda, qarşılıqlı səfərlər, təmaslar olub... Bütün bunlar etimad mühitini möhkəmləndirir və hərbi eskalasiya risklərini sıfırlayır. Ümid edirik ki, Ermənistanda martda mətni hazır olacaq yeni konstitusiya tezliklə qəbul ediləcək, sonra yekun sülh müqaviləsi imzalanacaq. Azərbaycan Ordusu isə Ali Baş Komandanın dediyi kimi, hər bir vəziyyətə hazırdır”. Deputat əlavə edib ki, sadəcə, dünyada beynəlxalq münasibətlər korlanıb, BMT qərarlarına əməl olunmur, Rusiya Ukraynada beşinci ildir ki, hərbi cinayətlər törədir, cənub qonşumuz İranın hər an İsraillə növbəti müharibəsi başlaya bilər, bu da Azərbaycan üçün öz təhlükəsizliyini daha da gücləndirməyi zəruri edi. "Ordumuz əvvəlkindən də peşəkar və güclüdür" Hərbi ekspert Ramil Məmmədli isə ötən il Ordumuzun müxtəlif təlimlərdə iştirak etdiyini yada salaraq Silahlı Qüvvələrimizin ildən-ilə peşəkarlığının artdığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Pakistanla xüsusi təyinatlılarının birgə hərbi təlimləri olub, sonra İran, Pakistan və ərəb ölkələri ilə birlikdə təlimlər keçirilib: “Habelə, hərbi dəniz qüvvələrinin də təlimləri gerçəkləşib, türkdilli dövlətlərlə birgə hərbi təlimlərimiz olub. Bundan başqa, NATO ilə əməkdaşlığımız genişlənir, müxtəlif təcrübə proqramları keçirilir, məşğələlər təşkil olunur. Eyni zamanda, Azərbaycan hərbi sənaye kompleksini inkişaf etdirir. Ötən il özümün də iştirak etdiyi müxtəlif ölkələrdə keçirilən sərgilərdə silahlarımız nümayiş etdirilib, həmçinin müasir silahlar alınaraq arsenalımıza cəlb olunub. Bu addımların səbəbi müdafiə imkanlarımızı gücləndirməyə hesablanıb. Yəni məqsəd Ermənistanla yeni müharibə deyil. Buna zərurət də yoxdur. Çünki biz Ermənistandan yerdə qalan 4 anklav kəndi istəyirik, bu da delimitasiya prosesi ilə həllini tapacaq. Sadəcə, hər bir dövlət kimi müdafiəmizi gücləndiririk. Üstəlik, hansı regionda yaşadığımızı nəzərə almalıyıq. Yəni qonşularımız İsveçrə və ya Avstriya deyil”. R.Məmmədli 2026-cı ildə sərhəddə hər hansı həbri toqquşmalar gözləmir. Onun fikrincə, Ermənistan 44 günlük müharibədən sonra dərs çıxarıb və cəmiyyət də döyüş əhval-ruhiyyəsində deyil: "Onlar Ordumuzun qüdrətini gördülər. Bu gün qalib Ordumuz 5 il əvvəllə müqayisədə daha da qüdrətli və peşəkardır. Ermənilər anlamlıdırlar ki, bu 5 ildə əl-qolumuzu sallamamışıq. O baxımdan, erməni cəmiyyəti həm Ordumuzun qüdrətini görür, həm müttəfiqlərimizin gücünü, həm də beynəlxalq şəraitin nədən ibarət olduğunu hesablaya bilir. Bu mənada, Paşinyan xalqına göstərir ki, yeni müharibə növbəti fəlakət deməkdir, sülh isə Bakı neftinin Ermənistana göndərilməsi, Qazaxıstan taxılının tədarükü deməkdir..." Musavat.com Geri qayıt |