|
Mərkəzi Bankı 2026-cı il üçün pul-kredit siyasətinə dair bəyanatını açıqlayıb. "DİA-AZ"ın məlumatına görə, sənəddən görünən odur ki, qurum öz mandatına uyğun olaraq qiymət sabitliyinin qorunmasına nail olacağına ümid edir. "Bu ümidin də əsas bazası kimi məzənnə sabitliyinin olacağı çıxış edir. Belə olduqda Mərkəzi Bank faktiki olaraq inflyasiyanın deyil, məzənnənin hədəflənməsinə yönəlmiş olur". Bunu isə öz açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev qeyd edib. O daha sonra bildirir: "Bu çox riskli yanaşmadır, o baxımdan ki, məzənnə Mərkəzi Bankdan çox neftin əlindədir. Məsələn, Mərkəzi Bankın 2025-ci il bəyanatında 2 müxtəlif təşkilatın proqnozuna əsasən neftin qiymətinin 73-78 dollar intervalında olacağı qeyd edilmişdi. Amma artıq ilkin məlumatlar göstərir ki, Brent markalı neftin orta illik qiyməti 65 dollardan aşağı olacaq. Yəni hazırkı mərhələ enerji bazarlarının yüksək volatillik yaşadığı, proqnozların tutmadığı bir dövrdür, şoklara hazır olmağı zəruri edir. Məsələn, sənəddə enerji bazarında qiymət şoklarının olacağı üçün hansısa mümkün addımların ola biləcəyinə dair işarələr gözə dəymir.
2025-cı ildə ölkədə iqtisadi artım faktik olaraq yoxa çıxdı - 11 ayın nəticəsinə görə cəmi 1,6%. Güman ki, illik göstəricidə də ciddi kənarlaşma olmayacaq. Ölkədə məşğulluqla bağlı ciddi problemlər var, il ərzində rəsmi müqavilə ilə çalışanların sayı cəmi 10-15 min nəfər artıb. Amma Bəyanatda Mərkəzi Bankın əsas mandatı olan məsələ - inflyasiya ilə iqtisadi artım və əmək bazarı arasında qarşılıqlı əlaqə və təsirlərin necə nəzərə alınacağına dair mövqe ifadə edilmir. Bir daha qeyd etmək vacibdir: iqtisadi artım və məşğulluq Mərkəzi banklaırn birbaşa mandatı deyil. Lakin qiymət sabitliyinə nail olmaq şərtilə iqtisadi artımın və məşğulluğun təmin edilməsinə dəstək "törəmə mandat" kimi daima diqqətdə saxlanılır. Məsələn, FED qiymət sabitliyi və maksimum məşğulluq kimi ikili mandata sahibdir. Onun dövri olaraq açıqladığı sənədlərdə əmək bazarının göstəricilərinə xüsusi istinadlar olur, faiz qərarlarının verilməsində məşğulluq göstəriciləri xüsusi rol oynayır. Eyni yanaşmaya Avropa və İngiltərə mərkəzi banklarının da təcrübəsində rast gəlinir. Əmək haqqı ilə bağlı institusional sektorların qərarları, məhsuldarlıq və iqtisadi artım səviyyəsi bilavasitə inflyasiyanın səviyyəsinə mühüm təsir göstərən amillərdir".
Geri qayıt
|