Əsas Səhifə > Ana xəbər / Güney Press > Yeni müharibə olacaq, Paşinyanın istəyi reallaşacaq…

Yeni müharibə olacaq, Paşinyanın istəyi reallaşacaq…


Bu gün, 12:36

“2026-cı ildə Ermənistanda terror və hərbi çevriliş baş verməsə, Baş nazir Nikol Paşinyanın lideri olduğu partiyanın yenidən parlament seçkisində qələbə çalmaq ehtimalı yüksəkdir”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, seçkidən sonra yeni konstitusiyanın qəbulu Azərbaycanla sülh sazişinin imzalanmasına şərait yaradacaq:

“Üstəgəl “Tramp yolunun” (Zəngəzur dəhlizi) tikintisinə də başlanacaq. Yolun Donald Trampın ABŞ-da Prezidentlik müddətinin bitməsinə qədər işə düşməsində fayda var. Vaxtilə Cənubi Qafqaz ölkələrindən Gürcüstan Qərblə daha sıx əlaqələr qurmuş, Rusiyadan uzaqlaşmışdı. İndi isə tərsindədir, Azərbaycan və Ermənistan Rusiyadan məsafə saxlayaraq, Qərbin siyasi, iqtisadi və təhlükəsizlik institutlarıyla sıx əməkdaşlığa çalışır, Gürcüstan isə əksinə, bu qurumlardan uzaqlaşaraq Rusiyanın gizli tərəfdaşına çevrilir.

Halbuki, Gürcüstan hökuməti Rusiya ilə diplomatik münasibətləri bərpa etməyib. Ancaq bu, üzdə olan siyasətdir, alt qatda Gürcüstan hökuməti Moskva ilə münasibətlərdə tərs düşəcək addımlar atmır və bu siyasət Kremli məmnun edir. Bu, əsas pullarını Rusiyada qazanan gürcü oliqarx Bidzina İvanişvilinin hökumətə nəzarət etdiyi dövrə qədər davam edəcək”.

Politoloq qeyd edib ki, 2026-cı ildə Azərbaycanla İran arasındakı münasibətlər ikili xarakter daşıyacaq:

“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanla tərəfdaşlığa üstünlük verməsiylə yanaşı, qonşu ölkənin mühafizəkar dairələrinin anti-Azərbaycan siyasətində dəyişiklik olmayacaq. Halbuki, mühafizəkarları ölkədə ağırlaşan sosial problemlər və gələn il İsrailin növbəti dəfə İrana hücumunun qarşısını necə alacağı düşündürməlidir. Qonşuluğumuzda müharibə ehtimalı yüksəkdir”.

E.Şahinoğlu bildirib ki, Rusiya və Azərbaycan münasibətlərində 2026-cı ildə də müsbətə doğru dəyişiklik gözlənilmir:

“Əlbəttə, təmaslar, ticarət və ortaq iqtisadi layihələrin müzakirəsi davam edəcək, ancaq siyasi ab-hava dəyişməyəcək. Söhbət yalnız mülki təyyarəmizin raketlə vurulmasına görə gərginləşən münasibətlərdən getmir. Cənubi Qafqazda geosiyasi durum dəyişib, Azərbaycan Rusiyanın bölgəyə təsir imkanlarını azaltmağa çalışır, Ermənistan hökuməti də eyni yola üstünlük verir. Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi işğalçı müharibə bu prosesi daha da sürətləndirib”.


Geri qayıt