Əsas Səhifə > Ana xəbər / Güney Press > Ramiz Mehdiyev dindirildi: Başqa kimlər ifşa olunacaq?
Ramiz Mehdiyev dindirildi: Başqa kimlər ifşa olunacaq?Dünən, 15:45 |
|
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılan cinayət işi üzrə növbəti dəfə təqsirləndirilən şəxs qismində ifadə verib. Bu, onun ittiham olunandan sonra ilk ictimailəşən dindirilməsi kimi diqqət çəkib. Yerli mətbuatın məlumata görə, bu dəfə dindirmə Ramiz Mehdiyevin yaşadığı evində aparılıb. Buna səbəb onun səhhətində yaranmış problemlər olub. Məlumatda bildirilir ki, istintaq zamanı Ramiz Mehdiyevə AXCP sədri Əli Kərimli və baş nazirin sabiq birinci müavini Abbas Abbasovla bağlı suallar ünvanlanıb. Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini zorla ələ keçirməyə yönələn əməllər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. Görünən odur ki, istintaqın gedişində başqa şəxslərin də əməlləri ifşa oluna bilər. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, digər şəxslər də istintaqa cəlb olunacaq: “Faktiki olaraq, Əli Kərimli və Abbas Abbasovun Ramiz Mehdiyevlə sıx bağları olması barədə kifayət qədər məlumatlar var. Bununla bağlı Ramiz Mehdiyevə də suallar ünvanlandı. Ancaq bunların sonuncu olmadığını deyə bilərəm. İstintaq prosesində başqalarının da əməlləri üzə çıxacaq”. Ədalət Partiyasının sədri Mütəllim Rəhimli isə açıqlamasında qeyd edib ki, keçmiş və indiki deputatların da arasında Ramiz Mehdiyevə çalışmış şəxslər ola bilər: “Əslində, “Ramiz Mehdiyev işi” ictimaiyyətin kifayət qədər diqqət mərkəzində olan məsələdir. İnsanlar daha kimlərin istintaq prosesinə cəlb olunacağını gözləyirlər. Çünki ortada vətənə xəyanət və dövlət çevrilişi kimi böyük ittihamlar var. Əlbəttə ki, Ramiz Mehdiyev bu işləri təkbaşına edə bilməz. Bu səbəbdən onunla çalışan şəxslər də istintaqa cəlb olunmalıdırlar. Hesab edirəm ki, istintaq prosesində keçmiş və indiki deputatlar arasında da Ramiz Mehdiyevə çalışmış şəxslərin əməlləri ifşa olunacaq. Ramiz Mehdiyev uzun müddət onları istintaqdan gizlədə bilməz və kimlərinsə adlarını çəkməlidir. O, mütləq şəkildə kimlərlə işlədiyini açıqlamalıdır. Məncə, yaxın zamanda bu prosesə siyasi partiya nümayəndələri, deputatlar, icra başçıları, komitə sədrləri və hətta nazirlər də cəlb oluna bilər”. “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov da saytımıza açıqlamasında söyləyib ki, ölkədə çox genişmiqyaslı cinayət hadisəsi baş verib: “Dövlətə xəyanət Cinayət Məcəlləsinin ən ağır maddəsidir. Belə bir ağır maddə ilə kiməsə ittiham olunması onun arxasında geniş bir qruplaşmanın olduğunu deməyə əsas verir. Ona görə də hesab edirəm ki, başqa şəxslərin adını istintaq üzə çıxaracaq. Dövlət çevrilişi və hakimiyyəti zorla ələ keçirmək təkbaşına ola bilməz. Yəqin ki, Ramiz Mehdiyev özünə arxayın olduğu üçün bu fikrə düşüb. Həmin qruplaşmaların fəaliyyəti ifşa olunacaq. Hətta ola bilər ki, Ramiz Mehdiyevə çalışanların bir-birindən xəbəri olmayıb, amma vahid mərkəzdən idarə olunublar. Yəni bu məsələ olduqca ciddidir. Qarşıdakı dövrdə başqa şəxslərin də istintaqa cəlb olunmasına şahid ola bilərik. Ümumiyyətlə, vətəninə, dövlətinə qarşı çıxan hər kəs sərt şəkildə cəzalandırılmalıdır”. Geri qayıt |