Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistandakı rus səfirdən bölgəyə təhdid kimi mesaj verildi

Ermənistandakı rus səfirdən bölgəyə təhdid kimi mesaj verildi


Dünən, 09:59

Ukrayna “bataqlığı”ndan 4 ildir çıxa bilməyən Rusiya vaxtaşırı postsovet ölkələrini hədələməyindən də qalmır. Bu dəfə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin fərqlənib. “Cənubi Qafqazda baş verənlər bizim üçün çox mühümdür”. Bu barədə diplomat “Sputnik Armenia”ya müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya fiziki olaraq Cənubi Qafqazı tərk edə bilməz və etməyəcək, çünki “Rusiya Qafqaz dövlətidir”.

Əlbəttə ki, səfir bu hədələyici sözləri təmsil etdiyi Rusiyanın adından söyləyir. Odur ki, sual yaranır: səfirin belə bir mesaj- xəbərdarlığını necə oxumalı? Güney Qafqazın hansı ölkəsi bundan ən çox narahat olmalıdır? Belə bir bəyanatın məhz Rusiya hərbi qüvvələrinin legitim şəkildə yerləşdiyi Ermənistandan verilməsi təsadüfmü? Bu, Nikol Paşinyan hökumətinə ismarışmı?

Yada salaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin deyib ki, Moskva Zəngəzur dəhlizi (TRIPP marşrutu) təşəbbüsünün parametrləri və Rusiyanın mümkün iştirakı ilə bağlı İrəvanla məsləhətləşmələrə hazırdır. Rusiya Federasiyası TRIPP marşrutunda iştirak etmək üçün informasiya kampaniyasını və rəsmi təbliğatını Ermənistanla danışıqların önə çıxarılması kontekstində qurur.

Kreml əslində bütün maddələr üzrə qüvvəsini itirmiş 10 noyabr bəyanatında təsbit edilən öhdəliklərin köhnəldiyini qəbul edir.

Son iki yüz ilin tarixi göstərir ki, Cənubi Qafqazda xalqları bir-birinə qarşı qaldıran, münaqişələri dərinləşdirən və onları idarə olunan qarşıdurma vəziyyətində saxlayan əsas aktor məhz Rusiya olub. Çar Rusiyasından sovet dövrünə, oradan da müasir Kremlin siyasətinə qədər dəyişməyən bir xətt mövcuddur: “parçala, toqquşdur və nəzarətdə saxla”.

Ermənistanın regionda uzun illər Rusiyanın forpostu kimi çıxış etməsi, istər Azərbaycanla, istərsə də Türkiyə ilə münasibətlərdə alətə çevrilməsi bu strategiyanın birbaşa nəticəsidir. Kremlin tapşırıqları əsasında aparılan siyasət bölgəyə sülh yox, fəlakət, işğal və qan gətirib. Əgər Rusiya həqiqətən sülh yaradan tərəf olsaydı, Cənubi Qafqaz bu qədər uzunmüddətli münaqişələrin məkanı olmazdı.

Onu da deməliyik ki, 44 günlük Vətən müharibəsi Cənubi Qafqazın siyasi xəritəsində və regiondakı güc balansında köklü dəyişikliklərə səbəb oldu. Müharibədən sonra formalaşan yeni reallıq regionda münasibətlərin mahiyyətini, əsas aktorların rolunu və gələcək inkişaf perspektivlərini yenidən müəyyənləşdirdi. Bu kontekstdə Azərbaycan təkcə hərbi qələbə qazanan tərəf kimi deyil, eyni zamanda regionun siyasi, iqtisadi və təhlükəsizlik gündəmini formalaşdıran əsas güc mərkəzi kimi çıxış edir. Məhz bu yeni mərhələdə sülh, əməkdaşlıq və dayanıqlı inkişaf imkanlarının hansı şərtlər daxilində mümkün olduğu xüsusi aktuallıq kəsb edir.

Professor Qabil Hüseynli bildirib ki, Kopırkin köhnə narrativləri səsləndirib. Onun fikrincə, Rusiyanın Cənubi Qafqazda təsir imkanları xeyli dərəcədə azalıb və bundan sonra güclənməsi mümkün görünmür: “Çünki həm Ukrayna müharibəsi onu yorub, həm də Türkiyə, ABŞ və Avropa Birliyi bölgədə təsir gücünə malikdir. Ona görə Rusiyanın Cənubi Qafqazda dominant rolu yoxdur və əvvəlki hegemonluğa sahib deyil. Ümumiyyətlə, Azərbaycan Rusiyadan uzaqlaşma xəttini tutub. Ermənistan da bu yöndə siyasət yürüdür, amma onun vəziyyəti bizdən fərqlidir. Yəni Ermənistan keçmiş vassaldır, bir çox asılılıqları qalır. Ona görə Türkiyə və Azərbaycan İrəvanın Moskvadan uzaqlaşmasında dəstəyini artırmalıdır. Hazırda aparılan siyasət də buna hesablanıb. O baxımdan, Kopırkin növbəti dəfə çərənləyib. Rusiya Qafqazda gedib və əgər qalmaq niyyəti varsa, əməkdaşlığa söykənə bilər”.

Siyasi ekspert Murad Sadəddinov EDnews-a bildirib ki, bu gün Cənubi Qafqazda Azərbaycanın mövqeyi təkcə güclənməyib, istisna səviyyəyə çatıb. Onun sözlərinə görə, hazırda Cənubi Qafqazın siyasətini və gələcəyini məhz Azərbaycan formalaşdırır.

Onun fikrincə, Azərbaycanın siyasəti çox dəqiq və düzgün qurulub. Azərbaycan regiona mühüm qlobal oyunçuları cəlb etməyə nail olub: “Bu gün Türkiyənin regiondakı təsiri artıb, Pakistanın təsiri artıb. Bundan əlavə, avqustun 8-də Ermənistan və Azərbaycan arasında ABŞ prezidentinin iştirakı ilə sənədlərin imzalanmasından sonra ABŞ amili də Cənubi Qafqazda kifayət qədər ciddi faktora çevrilib. Bütün bu məqamları nəzərə alaraq, Rusiyanın regionda əvvəlki təsirini bərpa etməsi ehtimalını zəif qiymətləndirmək olar. Hazırda Cənubi Qafqazda kommunikasiya xətləri, nəqliyyat dəhlizləri və region ölkələri arasında əməkdaşlıq baxımından yeni reallıq formalaşır.

Artıq tranzit yüklərin Azərbaycan ərazisindən keçməsinə icazə verilib ki, bu da xoş niyyət jesti kimi dəyərləndirilir. Qazaxıstandan Ermənistana taxıl daşınması, neft məhsullarının tranziti həyata keçirilib. Gələcəkdə qaz və elektrik enerjisi tədarükü də mümkün ola bilər. Bütün bunlar Ermənistana təsir edən xarici qüvvələrin rolunu minimuma endirmək məqsədi daşıyır. Çünki indiyədək bəzi xarici oyunçular Ermənistanın zəifliyindən istifadə edərək strateji resurslar üzərindən onun xarici siyasətinə təzyiq göstərirdilər. Bu proseslər Azərbaycan və Türkiyə tərəfindən həyata keçirildikcə, regionda sülh və sabitlik daha da möhkəmlənəcək".

Politoloqun fikrincə, sülh müqaviləsindən sonra Türkiyə ilə münasibətlər bərpa olunacaq, sərhədlər açılacaq, iqtisadi əlaqələr inkişaf edəcək və bu amillər uzunmüddətli xarakter daşıyacaq: “Türkiyə biznesinin və Azərbaycan enerji təchizatının Ermənistan bazarına daxil olması Rusiyanın təsirini sıxışdırıb çıxaracaq. Artıq müşahidə olunur ki, əvvəllər Rusiyaya məxsus olan enerji infrastrukturu Ermənistanda milliləşdirilib və bu sahədə türk şirkətləri ilə danışıqlar aparılır”.

“Yeni Müsavat” 


Geri qayıt