Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan alıcısı erməni malını alacaq?
Azərbaycan alıcısı erməni malını alacaq?Bu gün, 15:18 |
|
Ermənistandan Azərbaycana ixrac mümkündür. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan 28 dekabrda jurnalistlərə bildirib. "Təkcə idxal deyil, həm də ixrac mümkündür. Sadəcə gözləyin, hər şey mümkündür. Biz Gürcüstan Dəmir Yollarından kifayət qədər rəqabətli qiymət aldıq, ona görə də bir çox imkanlar var. Düşünürəm ki, Gürcüstan və Azərbaycan tərəfləri tezliklə daha bir uğurlu müqavilə elan edəcəklər və biz bunu təsdiqləyəcəyik", - deyə nazir bildirib. Ermənistanın Azərbaycana nə təklif edə biləcəyi ilə bağlı suala Papoyan belə cavab verib: "Malların siyahısı var: alüminium, heyvandarlıq məhsulları, meyvə-tərəvəz, bəzi içkilər və müxtəlif tekstil məhsulları. Beləliklə, iş gedir, danışıqlar aparılır". Qeyd edək ki, uzun illərdir Ermənistandan Azərbaycana heç bir məhsul idxal edilmir. Son vaxtlar isə Azərbaycandan Ermənistana tranzit qaydada taxıl ixrac edilir. Eyni zamanda, Azərbaycanın neft məhsulları da artıq Ermənistan bazarındadır və erməni tərəfinin dediyinə görə, benzin üçün uzun növbələr yaranır. Bəs Azərbaycan istehlakçıları Ermənistandan idxal edilən məhsulları qəbul edəcəkmi? Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, Ermənistandan idxal prosesi tezliklə baş verməyəcək: “Qısa zamanda psixoloji baryerləri aşmaq asan məsələ deyil. Ancaq biz qalib ölkə və qalib xalq kimi bu məsələlərdə də daha rahat davranmağa öyrənməliyik. Çünki Azərbaycanın bütün istəkləri yerinə yetirilib. Azərbaycan bütün hədəflərinə çatıb. Artıq ticarət əlaqələrində ilk addımı da Azərbaycan atıb. Həm Azərbaycan neftinin Ermənistana ixracı, həm Qazaxıstandan taxılın bizim ölkəmiz üzərindən tranziti Azərbaycanın ilk addımı atdığını göstərir. Ancaq çox asan və tez olmayacaq. Ermənistan iqtisadiyyat naziri hazırda öz arzu və istəklərini bildirib. Çünki Ermənistanda da bir diskurs yaranıb ki, biz Azərbaycandan neft alırıq, bəs biz niyə onlara heç nə satmırıq? Ermənistandakı seçkiöncəsi diskursu öz lehinə çevirmək üçün Paşinyan komandası belə açıqlama verir. Ancaq bunun infrastrukturu qurulmalıdır. Bizim dövlətlər hələ ki, bir-birini tanıyıb, diplomatik münasibətlər qurulmayıbsa, demək banklararası münasibətlər, pulköçürmələr, müqavilələrin sığortası yoxdur. Ona görə də çox güman ki, buna zaman lazım olacaq. Ancaq Gürcüstan üzərindən müəyyən məhsulların alınması mümkündür”. Ekspertin fikrincə, Ermənistanın elə bir məhsulu yoxdur ki, Azərbaycan ancaq oradan almağa məhkum olsun: “Ermənistanın satacağı məhsulları digər ölkələrdən də ala bilərik. Ancaq Ermənistanın Azərbaycan məhsulları, əsasən də enerji daşıyıcılarına kifayət qədər böyük ehtiyacı var. Çünki Ermənistan təbii qazdan, yanacaqdan, neft məhsullarından çox asılıdır. Ona görə də Azərbaycandan alması daha məntiqlidir. Çünki alternativləri çox azdır. Ancaq Ermənistanın satacağı məhsulların alternativləri həmişə var. Gələcəkdə bu münasibətlərin yaranması, əlaqələrin genişlənməsi Azərbaycanda da bu məsələyə münasibətin dəyişməsinə səbəb olacaq. Psixoloji baryerləri anlayıram. Ancaq qalib dövlət başqa cür davranmağı da yavaş-yavaş öyrənməlidir. Biz unutmamalıyıq ki, Türkiyə və Azərbaycanın Ermənistan iqtisadiyyatında nə qədər çox rolu olacaqsa, bizdən iqtisadi asılılığı nə qədər artacaqsa bu, bizim hamımızın xeyrinədir”. Ekspert bildirib ki, problem Azərbaycanın istehsalındadır: “Bizdə daxili istehsal çox azdır. Ərzaq məhsullarını götürsək, özümüzü cəmi 25 faiz təmin edir, qalan hissəni xaricdən idxal edirik. Bu, daha böyük problemdir. Ermənistan olub-olmamasından asılı olmayaraq, yerli istehsalın artması üçün Azərbaycan hökumətinin konkret addımlarına ehtiyac var”. Geri qayıt |