Əsas Səhifə > Ana xəbər / Güney Press > Ramiz Mehdiyev həbsdən mütəşəkkil dəstəsini idarə edir
Ramiz Mehdiyev həbsdən mütəşəkkil dəstəsini idarə edirBu gün, 13:46 |
|
Müsahibimiz Şabrandan olan sahibkar Mansur İbrahimovdur. O, illərdir şimal zonasında kənd təsərrüfatı və istehsal sahəsində fəaliyyət göstərən, biznesini sıfırdan quran, ailə zəhməti və şəxsi vəsaiti hesabına bağlar salan, şirkətlər yaradan sahibkarlardandır. Mansur İbrahimovun məhz bu uğurlu fəaliyyəti onu Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin və onun ətrafında formalaşmış mütəşəkkil şəbəkənin hədəfinə çevirib. Sahibkarın sözlərinə görə, Ramiz Mehdiyev bu gün həbsdə olsa da, onun şimal zonasında, xüsusən Şabranda qurduğu şəbəkə hələ də fəaliyyətdədir. -Mansur bəy, Ramiz Mehdiyev həbsdədir. Siz isə deyirsiniz ki, onun dəstəsi hələ də fəaliyyətdədir. Buna əsasınız nədir? -Ramiz Mehdiyevin həbsindən artıq 2 ay 14 gün keçir. Amma ona sədaqət andı içmiş, onun xeyir-duası ilə kürəkəni İlham Əliyevin yaratdığı mütəşəkkil dəstə bu gün də Şimal zonasında aktivdir. Ən təhlükəlisi odur ki, bu dəstənin tərkibində vaxtilə Rusiyada axtarışda olmuş şəxslərlə yanaşı, bu gün də rayonda rəhbər vəzifələrdə oturan məmurlar var. -Mehdiyevin kürəkəni hazırda Şabranda görünürmü? -Xeyr. Ramiz Mehdiyev oktyabrın 14-də saxlanıldıqdan sonra kürəkənin ayağı Şabrandan kəsilib. Amma bu, dəstənin dağıldığı anlamına gəlmir. Əksinə, indi daha açıq fəaliyyət göstərirlər. Mənim zəbt olunmuş bağlarımdan yığılan yüz tonlarla meyvəni Rusiyaya göndərirlər, pulları isə geri qaytarmırlar. Bunların əvvəlki planlarından əl çəkmək fikirləri yoxdur. -Bu işləri konkret kimlər icra edir? -Mehdiyevin kürəkəninin Şabranda və ətraf rayonlarda bütün işlərini idarə edən əsas şəxs Kərim Məmmədovdur. Onun Rusiya ilə ciddi əlaqələri var. İlham zəbt etdiyi bağlarımın və şirkətlərimin 50 faizi onun adına rəsmiləşdirilib. İndi İlham özü görünmür, amma göstərişlərini Kərimin əli ilə yerli icra strukturlarına çatdırır. -Bu məsələlərlə bağlı dövlət qurumlarına rəsmi müraciət etmisinizmi? -Ramiz Mehdiyev həbs olunan günün səhəri Dövlət Təhlükəsizliyi Xidmətinə şimal zonasında və şəxsən mənə qarşı törədilən cinayətlərlə bağlı geniş dosye təqdim etmişəm. Hazırda araşdırma aparılır. Əvvəllər mənə qarşı açıq şəkildə, inzibati üsullarla təzyiq göstərirdilər. İndi isə bu fəaliyyət gizli formaya keçib və daha aqressiv xarakter alıb. -Bu aqressiya nədə özünü göstərir? -Barəmdə tam əsassız məlumatlar rəsmi sənədlərə salınaraq yuxarı instansiyalara göndərilir. Özlərinin dələduzluqlarını, cinayətlərini rəsmi sənədlərə salıb mənim adıma çıxmağa, məni gözdən salmaqla cinayətlərinin araşdırılmasını önləməyə çalışırlar. Halbuki mən dəfələrlə Mehdiyevin kürəkəni tərəfindən torpaqlarımın və şirkətlərimin zəbt olunması ilə bağlı rəsmi şikayətlər etmişəm. Hamı bilir ki, bu gün Ramiz Mehdiyevin kürəkəninin zəbtində olan bağları, şirkətləri mən sıfırdan qurmuşam. Tam olaraq sənədlər məndədir. -Biznes fəaliyyətiniz nə vaxtdan başlayıb? Baxın, bu fotoda bir quş damı görünür. Mən ilk şirkətimi bu damda 2006-cı ildə yaratmışam və Türkiyə-Azərbaycan dostluğuna hörmət əlaməti olaraq adını “Tur Az” MMC qoymuşam. Tədricən işi böyütmüşəm, bağçılıqdan əldə etdiyim vəsait hesabına 2010-cu ildə “Zaman MN” MMC-ni, 2011-ci ildə isə “Dostluq MK” MMC-ni təsis etmişəm. Bütün bunlar özümün, ailə üzvlərimin və qardaşlarımın zəhməti hesabına başa gəlib. -Kürəkən İlham 2011-ci ildə şərik olmaq adı ilə gəldi. Ondan öncə mənə qarşı yerli orqanlardan hücumlar başlamışdı. O günlərdə İlham peyda oldu və təzyiqlər dayandı. Sonradan başa düşdüm ki, bu, əvvəldən qurulmuş bir iş olub. Şərik gəlmək üçün mənə təzyiqlər göstərilməklə əsas yaradılıb. Əsl məqsəd şirkətləri və bağları ələ keçirmək idi. İlham şirkətlərimi əlimdən alandan sonra ilk işi mühasibləri işdən çıxarmaq oldu. Açıq deyirdi ki, “mənə mühasib yox, uçotçik lazımdır”. -Meyvələrin satışından əldə olunan pullar hara gedirdi? -Meyvələri Rusiyaya göndərirdilər, pulları isə geri qaytarmırdılar. Etiraz edəndə deyirdilər ki, belə lazımdır, sən bu işlərə qarışma. İlhamın yanında Vüqar adlı bir hüquqşünas vardı. Deyirdi ki, İlham elə bir vəzifəyə gedəcək ki, hamı ona təzim edəcək. Onların telefon ekranlarında Mehdiyevin kürəkəni İlham Əliyevin fotosu, fonunda isə Azərbaycan bayrağı olurdu. Ramiz Mehdiyevin xəyanətləri üzə çıxandan sonra bu qrupun nə planlar qurduğunu anladım. -Məhkəməyə nə vaxt müraciət etdiniz? -2019-cu ildə Şabran Məhkəməsinə müraciət etdim. Məhkəmənin sədri Çingiz İsgəndərov sübutları görəndən sonra məni otağına çağırdı və dedi ki, Ramiz Mehdiyev şəxsən ona zəng edərək kürəkəninin xeyrinə qərar çıxarılmasını tələb edib. Hətta ağlayaraq yalvarıb ki, “elə et, məni məhv etməsinlər”. -Sonra nə baş verdi? -O gündən düz 8 ildir məhkəmə qapılarındayam. Vicdanlı hakimlər azdır, böyük bir hakim ordusu Ramiz Mehdiyevin göstərişlərini icra edib. -Ötən illər ərzində sizə qarşı baş verənlər araşdırılmayıb? -Daxili İşlər Nazirliyi araşdırma aparıb və təsdiqləyib ki, torpaqlarım və şirkətlərim zəbt olunub. Amma Ramiz Mehdiyev istintaqın sonadək aparılmasına imkan vermədi. Faktlar, sübutlar gizlədildi, iş bağlandı. -Hazırkı vəziyyət necədir? -Bağlarım bu gün də zəbt altındadır. Meyvələr mənim puluma tikilmiş soyuducu anbarlardan çıxarılıb Rusiyaya daşınır. Yəni Ramiz Mehdiyev həbsdən Şabrandakı adamları vasitəsilə talançılığı davam etdirir. Yerli orqanlar hər şeyi görür, amma tədbir görmürlər. Çünki buna mane ola biləcək vəzifəlilərin günü Qəndov kəndindəki “Xəzər” restoranında, Kərimin süfrəsi arxasında keçir. -Həyatınıza təhlükə olduğunu da deyirsiniz? -Mənə konkret məlumatlar daxil olur ki, həyatıma real təhlükə var. Bir mərhələdə Şabrana məni öldürmək üçün killer də gətirilmişdilər. Məni müdafiə edən “Şimal xəbərləri” qəzetinin baş redaktoru Müqəddəs Mehdiyev də silahlı şəxslər, konkret olaraq Naxçıvandan olan komandan Kərəm Mustafayevin bacanağı Habil tərəfindən silahla hədələnib. -Sonda nə demək istəyirsiniz? Bu gün Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə həbsdə olması illərlə baş verənlərin mahiyyətini tam çılpaqlığı ilə üzə çıxarır. Şükür Allaha ki, möhtərəm cənab Prezidentin “Dəmir yumruğu” daxildəki ermənilərin, dövlətə xəyanət edənlərin başına endirdi. Təəssüf edirəm ki, bu gün də Ramiz Mehdiyevin və onun ətrafındakıların müdafiəçiləri tapılır. Bununla bağlı bir daha ölkə rəhbərliyinə müraciət edirəm, xahiş edirəm ki, əmlakımın talançılığını dayandırsınlar, Ramiz Mehdiyevin dəstəsinə nəhayət ki, “dur” desinlər! Musavat.com Geri qayıt |