Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvan sərhədi açmaq istəyir, amma bank qapıları bağlıdır
İrəvan sərhədi açmaq istəyir, amma bank qapıları bağlıdırBu gün, 11:42 |
|
Xəbər verdiyimiz kimi, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistan-Azərbaycan sərhədinin açılmasının vaxtının çatdığını deyib: “Fikrimcə, Ermənistanla Azərbaycan arasında quru sərhədinin açılması və dəmir yolu ilə Ermənistan sərhədinə gələn yüklərin oradan multimodal şəkildə yük maşınlarına daşınması və Ermənistan-Azərbaycan quru sərhədindən keçməsi üçün çox yaxşı vaxtdır”. Papoyan Ermənistanın Azərbaycana ixrac edə biləcəyi malların olduğunu da qeyd edib: “Kənd təsərrüfatı məhsulları, alüminium folqa, qızıl-zinət əşyaları, ferromolibden, balıq məhsulları”. Bəs pul köçürmələri, bank əməliyyatları və sığorta mexanizmləri olmadan ticarətin genişlənməsi mümkündürmü? İki ölkə arasında iqtisadi münasibətlərin formalaşması üçün hansı hüquqi və institusional addımlar atılmalıdır? Özəl sektorun bu prosesdə rolu nə qədər həlledici ola bilər? Azərbaycan şirkətləri Ermənistan bazarına maraq göstərə bilərmi, yoxsa risklər hələ də yüksəkdir? Mövzu ilə bağlı iqtisadçı alim Vüsalə Əhmədova Musavat.com-a danışıb. Onun fikrincə, hazırkı mərhələdə iqtisadi əlaqələrin inkişafı üçün təkcə hər hansı bir faktiki ticari əməliyyatın icrası kifayət etmir: “Real və davamlı iqtisadi əməkdaşlıq üçün kompleks şərtlər ödənməlidir. Bu tələblər ödənilmədən iqtisadi əlaqələr etibarlı və məqbul səviyyədə genişlənə bilməz. İki ölkə arasında rəsmi sülh müqaviləsi hələ imzalanmayıb və bu o deməkdir ki, iqtisadi əməkdaşlığın hüquqi bazası yoxdur. Yəni müqavilələrin icrası, mülkiyyət hüquqlarının və investisiyaların qorunması kimi standart beynəlxalq hüquqi mexanizmlər təmin olunmayıb. Məhz hüquqi qeyri-müəyyənlik investorlar üçün böyük risk faktorudur. Həmçinin gömrük prosedurlarının uyğunlaşdırılmaması və texniki standartların fərqliliyi də potensial əngəldir. İkitərəfli əlaqələr üçün bu kimi mexanizmlər uyğunlaşdırılmalıdır. Eləcə də iki ölkə arasında birbaşa bank hesablaşmaları və maliyyə infrastrukturu formalaşmayıb. Bu vəziyyət ticari əməliyyatların üçüncü ölkələr vasitəsilə həyata keçirilməsini tələb edir ki, bu da əlavə vaxt itkisi, xərclər və valyuta riskləri deməkdir. Bundan əlavə, quru sərhədlərin bağlı olması fiziki infrastruktur maneələri yaradır, nəqliyyat xərclərini artırır. Ən əsası, heç kimə sirr deyil ki, hər iki tərəfin ictimai rəyində hələ də böyük etimadsızlıq mövcud olaraq qalır”. Vüsalə Əhmədova qeyd edib ki, ticarətin məhdud həcmdə genişlənməsi texniki olaraq mümkündür, lakin iqtisadi baxımdan dayanıqlı və səmərəli deyil: “Bank ödənişləri və sığorta mexanizmləri olmadan ticarət epizodik və yüksək riskli olacaq. Klassik beynəlxalq ticarət üç fundamental sütuna söykənir. Bunlar ödəniş sistemi, risklərin bölüşdürülməsi və hüquqi icra mexanizmləridir. Bu üçlükdən biri yoxdursa, ticarət institusional iqtisadi fəaliyyət forması almayacaq. Hazırkı mərhələdə bank köçürmələri olmadan bir sıra alternativ mexanizmlər nəzəri olaraq işləyə bilər. Məsələn, nağd hesablaşmalar, üçüncü ölkələr üzərindən ödənişlər, barter və quasi-barter mexanizmləri. Hansı ki, nağd hesablaşmalar yalnız kiçik həcmli əməliyyatlar üçün uyğundur. Orta və böyük biznes üçün praktiki olaraq qəbulolunmazdır. Bu zaman pulun təhlükəsiz daşınması, valyuta nəzarəti, qanunvericilik riski yaranır. Üçüncü ölkələr üzərindən ödənişlərdə də ticarət faktiki olaraq dolayı xarakter alır, xərclər 10-30% arta bilir, dövlət statistikası və vergi uçotu çətinləşir. Barter və quasi-barter mexanizmlərinə gəlincə, bunlar müasir bazar iqtisadiyyatı üçün geriyədönük modeldir. Xüsusilə də quasi-barter kənd təsərrüfatı mallarının pul olmadan mübadilə edildiyi qeyri-rəsmi mexanizmdir. Həmçinin sığorta mexanizmləri olmadan ticarət zamanı, yükün zədələnməsi və ya müsadirəsi, ödənişin gecikməsi və ya ödənilməməsi, siyasi və fors-major hallar kimi bir sıra risklər yaranır. Qısası, bank əməliyyatları və sığorta mexanizmləri olmadan ticarət, dövlətə yaxın şirkətlər, yüksək mənfəət marjası olan mallar və qısa müddətli spekulyativ əməliyyatlar üçün məqbuldur. Real sektor üçün bu model yararsızdır. Tammiqyaslı ticarət üçün bank kanalları, valyuta əməliyyatları, kredit və sığorta mexanizmləri zəruridir”. İqtisadçının sözlərinə əsasən, siyasi və hüquqi çərçivə olmadan iqtisadi münasibətlərə başlanılmamalıdır: “Məsələn, sülh və ya minimum əməkdaşlıq sazişi təkcə siyasi yox, həm də iqtisadi-hüquqi baza rolunu oynayar. Sərhədlərin toxunulmazlığının tanınması və güc tətbiqindən imtina iqtisadi fəaliyyətə təhlükəsizlik zəmanəti verir. Bundan əlavə, hansı malların hansı rejimlə və hansı marşrutlarla hərəkət edəcəyini müəyyənləşdirən ticarət və tranzit üzrə çərçivə razılaşması tələb olunur. Bura tranzit azadlığı, gömrük prosedurlarının sadələşdirilməsi, qeyri-tarif maneələrinin məhdudlaşdırılması daxildir. Həmçinin investisiyaların qarşılıqlı qorunması sazişi olmadan heç bir ciddi investor bazara daxil olmaz. Ticarət problemlərinin operativ həlli, texniki baryerlərin aradan qaldırılması və biznes şikayətlərinin müzakirəsi məqsədilə birgə texnokratik iqtisadi və ticarət komissiyasının qurulmasını da əlavə edə bilərik. Eləcə də gömrük, standartlaşdırma və sertifikatlaşdırma uyğunluğu həyata keçirilməlidir. Bunun üçün texniki standartların qarşılıqlı tanınması, fitosanitar və sanitar normaların uyğunlaşdırılması, elektron gömrük məlumat mübadiləsi kimi zəruri addımlar atılmalıdır. Ticari mübahisələrin siyasi yox, hüquqi müstəvidə həll edilməsi üçün beynəlxalq (ICC, ICSID) və regional arbitraj mexanizmləri müəyyənləşdirilməlidir”. İqtisadçı vurğulayıb ki, hazırkı mərhələdə Azərbaycan şirkətlərinin Ermənistan bazarına marağı mümkündür, amma hələ ki, risklər yüksək olaraq qalır: “Xüsusilə, böyük və strateji layihələr üçün risklər daha yüksəkdir, kiçik və vasitəçi ticarət subyektlərinin isə maraqları məhduddur. Potensial maraq sahələri yanacaq və enerji məhsulları, tikinti materialları və avadanlıqlar, kənd təsərrüfatı məhsulları üzrədir. Bu sahələrdə qısa müddətli və pilot xarakterli əməliyyatlar həyata keçirilə bilər. Qısası, Azərbaycan şirkətləri Ermənistan bazarına selektiv maraq göstərə bilər. Xüsusilə, kiçik həcmli, qısa müddətli və yüksək mənfəət marjası olan sahələrə. Böyük və strateji layihələr üçün risklər hələ də yüksəkdir. İnvestisiya qərarları yalnız siyasi-hüquqi zəmin möhkəmlənəndən sonra effektiv ola bilər. Hazırkı mərhələdə əməliyyatlar pilot və test xarakterli olacaq, sistemli və genişlənən ticarət deyil”. Musavat.com Geri qayıt |