Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda internetin bahalaşması haqda xəbər yayıldı
Azərbaycanda internetin bahalaşması haqda xəbər yayıldıBu gün, 06:03 |
|
2026-cı ildə internet tariflərinin artırılması nəzərdə tutulur. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc internet tariflərinin bahalaşmasının təkcə ölkəmizlə bağlı olmadığını bildirib. Onun sözlərinə görə, 2025-ci ildə ciddi bahalaşma baş verdiyi üçün növbəti ildə kəskin artım gözlənilmir. Sitat: “Ehtimal edirəm ki, artım təqribən 20 faiz civarında ola bilər. Məsələn, 25 manatlıq paketlərin 30 manata, 30 manatlıq paketlərin isə 35 manata yüksəldilməsi mümkündür”. Qiymətlərin artırılmasının əsas iqtisadi səbəbləri nələrdir və bu artım obyektiv bazar şərtləri ilə nə dərəcədə əsaslandırıla bilər? Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, qiymət artımının baş verməsinin əsas səbəbi ölkədə internet tariflərinin rəqabətli mexanizmlərlə formalaşmamasıdır: “Rəqabətsiz mühit mövcud olduğu halda, qiymətləri artırmaq imkanı yaranır və bu da faktiki olaraq tətbiq edilir. Bu proses qeyri-şəffafdır. Hazırda internet qiymətləri şəffaf bazar prinsipləri əsasında formalaşmır. Halbuki tariflərin şəffaf müəyyənləşdirilməsi Azərbaycan üçün təkcə inflyasiyanın qarşısının alınmasında deyil, ümumilikdə iqtisadi inkişafda mühüm resurs ola bilər. Təəssüf ki, hökumət hələlik bu imkanlardan istifadə etmir. Əgər bu resursdan səmərəli şəkildə yararlanılsa, inflyasiya təzyiqlərini azaltmaqla yanaşı, ÜDM-in artımına da töhfə vermək mümkündür. Həm də bu, yeni bir neftdir”. İqtisadçı bildirib ki, müxtəlif provayderlərin eyni tariflər tətbiq etməsi kartel razılaşmasının mövcudluğuna işarə edir: “Bu isə istehlakçıların və ümumi iqtisadiyyatın maraqlarına zidd olan kartel xarakterli sövdələşmələrin olduğunu göstərir. Bu səbəbdən qiymət artımı obyektiv bazar şərtləri ilə əsaslandırıla bilməz. Əgər real rəqabət və şəffaflıq təmin edilsəydi, həm iqtisadiyyat, həm də qiymətlərin formalaşması baxımından daha əlverişli mühit yaranardı”. Geri qayıt |