Əsas Səhifə > Ana xəbər / Güney Press > Quru sərhədləri ONA GÖRƏ BAĞLIDIR Kİ...

Quru sərhədləri ONA GÖRƏ BAĞLIDIR Kİ...


Bu gün, 14:45

"Quru sərhədlərin absurd bəhanələrlə bağlı qalması məsələsini 5 ildir ki, ardıcıl olaraq gündəmə gətiririk. Sərhədlərin bağlı olması məntiqsizdir, Konstitusiya pozuntusudur.
Amma, hər dəfə bu məsələni gündəmə gətirəndə böyük bir kəsm yazır-deyir ki, hər şey AZAL-a görədir, sərhəddi ona görə bağlayıblar ki, AZAL qazansın..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra bildirir: "Əvvəla, onu deyim ki, AZAL inhisarçı şirkət kimi müxtəlif tənqidlərə layiqdir, qiymət siyasətini, rəqabətin az olmasını dəfələrlə tənqid etmişəm-edəcəm də, amma, mənim ən inandığım məsələ məntiq və rəqəmlərdir.
Gəlin görək rəqəmlər nə deyir, sonra da məntiqi ardıcıllıq quraq:
- 2021-ci ildə, quru sərhədlər tam bağlı olsa da, AZAL 61 milyon 659 min manat xalis zərər etmişdi,
- 2022-ci ili AZAL 110 milyon 620 min manat xalis mənfəətlə başa vurub, amma, həmin il AZAL büdcədən alınmış subsidiyaların həcmi 108 milyon 809 min manat olub,
- 2023-cü ili AZAL 117,683 milyon manat xalis mənfəətlə başa vurub. Həmin il büdcədən 21,24 milyon manat subsidiya alıb,
- 2024-cü illə bağlı yekun nəticələr rəsmi olaraq dərc edilməyib. Amma, 2024-cü ildə 6 mln. manata yaxın büdcədən subsidiya alıb.
Çox güman, 2024 və 2025-ci ilin yekun nəticələri, 2023-cü ilə yaxın, yəni, xalis mənfəət 100-120 mln. manat civarında olacaq ki, bu da ilə 65-70 mln. dollar təşkil edir. Yəni, ildə cəmi 70 mln. dollara görə sərhədləri bağlı saxlamaq məntiqlidirmi ki, əsas səbəb AZAL olsun?!
Başqa məsələ də var: quru sərhədlər açıq olsa idi, AZAL yenə mənfəətlə işləyəcəkdi, ola bilər ki, mənfəəti ilə 70 mln. dollar yox, 30-35 mln. dollar olacaqdı, çünki, AZAL hələ də inhisarçıdır, Avropa və Asiya reyslərinə isə quru sərhədlərin heç bir aidiyyatı yoxdur. Quru sərhədlərin bağlı olmasına görə AZAL əsas Gürcüstan, qismən də Rusiya reyslərindən daha çox qazanır.
Amma, sərhədlər açıq olanda da hər iki istiqamətə təyyarələr uçurdu, kifayət qədər də uçanlar var idi – şəxsən mən, sərhədlər açıq olanda Gürcüstana tək gedəndə, çox vaxt təyyarə ilə gedirdim, çünki, maşından daha sərfəli idi. Tək gedəndə 200 manat civarında bilet alırdım, 50 dəqiqəyə Tiflisə çatırdım, maşınla tək gedəndə isə (elə də olub), gediş-dönüş benzin 120-130 manat olurdu, 2 dəfə radara düşsən, yolda yemək yesən gəlib elə 200 manatı keçirdi. Hələ mən 8-9 saat yol əziyyətini, əsas da, sərhəddə 2-3 saat növbə gözləməyi demirəm.
Beləliklə, “AZAL-a görə quru sərhədlər bağlıdır”, tezisi, məncə, yanlışdır, məntiqsizdir – özünə hörmət edən dövlət ildə 30-35 mln. dollara görə vətəndaşlar arasında bu qədər narazılıq yaradan, ölkəmizin dünyada biabır edən qərar verməz..."

Geri qayıt