Əsas Səhifə > Ana xəbər / Güney Press > “Səhər TV”-nin qara üzü

“Səhər TV”-nin qara üzü


Bu gün, 12:32

Şər, böhtan, ölüm fitvaları çağırışları bunların qanına elə işləyib, elə bir türk düşmənçiliyi xəstəliyinə tutulublar ki, dava-dərmanla sağalan deyil.

Az adam tapılar ki, İranın “Səhər TV” kanalının Azərbaycan düşməni olduğunu bilməsin. Cənubi Azərbaycanın əhalisinin 95 faizi Azərbaycan türklərindən ibarətdir. Baxmayaraq ki, İranda 30 milyondan çox azərbaycanlı yaşayır, ancaq bu ölkədə fəaliyyət göstərən hər hansı televiziyanın efirində Azərbaycan dilində yayımlanan bir veriliş belə yoxdur. Lakin “Səhər” telekanalının efirində Azərbaycan dövlətinin və dövlətçiliyinin əleyhinə yönələn, Azərbaycan dilində verilişlər yayımlanır.

Bu telekanal Azərbaycan dövlətinin əleyhinə təbliğat aparmaq, beyinləri zəhərləməklə məşğuldur. Müstəqil Azərbaycan dövləti özü boyda daş olub düşüb bu televiziyanın başına. Bu şeytan dəyirmanı ölkəmiz, xalqımız haqqında, millətimizin seçmə övladları barədə yalan üyütməkdən yorulmur. Çünki suyu dərindən gəlir. İranla Azərbaycan Respublikasının əlaqələri möhkəmləndikcə bu televiziyanın da münasibətlərinin dəyişiləcəyinə ümid bəsləmək əbəsdir. Şər, böhtan, ölüm fitvaları çağırışları bunların qanına elə işləyib, bunlar elə bir türk düşmənçiliyi xəstəliyinə tutulublar ki, dava-dərmanla sağalan deyil. Uzun illərdir ki, onlar murdar ağızlarında Sabir Rüstəmxanlının da adını çeynəyə-çeynəyə qarayaxma kampaniyasını davam etdirirlər. İndi də Xalq şairinin AYB-nin Güney Azərbaycan Ədəbiyyatı Komissiyasına başçı seçilməsi bunları qəzəbləndirib. Sanki Sabir bəy İranın neft naziri təyin edilib. Ay bədbəxtlər, Yazıçılar Birliyinin komissiya sədrliyi sizin düşündüyünüz vəzifələrdən deyil. İctimai işdir, pulsuz-parasız bir işdir. Əksinə, öz imkanlarınla iki ölkənin ədəbiyyatlarını bir-birinə daha yaxşı tanıtdırmaq işidir.

Buna görə adama “sağ ol” deyərlər; yoldaşı ilə bərabər şəklini qoyub adət-ənənəmizə, kişiliyə, Şərq əxlaqına sığmayan bir şəkildə it-qurdun ağzına söz atmazlar… AYB-də belə bir komissiyanın olduğu heç kimin yadına düşmürdü, indi İrandan yazılan bir narazılıq məktubundan sonra, ömrünü Güney Azərbaycan dərdlərinə həsr edən Türk aydınından o komissiyaya başçılıq etmək xahiş ediləndə birdən hamı ayılıb ki, “Sabir Rüstəmxanlıya yeni vəzifə verildi…” Onsuz da Güneydən gələn bacı-qardaşlarımızın bir dərdi olanda, əlləri heç yerə çatmayanda Sabir bəyin üstünə qaçıblar. 30 il ərzində millət vəkili, DAK sədri kimi o, İranın yüzlərlə vətəndaşına təmənnasız, qardaşlıq borcu kimi kömək edib… Onlar farsdır, türkdür – fərqi yoxdur, İran vətəndaşıdır. Normal dövlət onun vətəndaşına əl tutan, onun təhsilinə, işinə kömək edən bir insana minnətdar olar, onun qədrini bilər. Sabir bəy bunu gözləməyib, heç buna ehtiyacı da yoxdur. Amma heç olmasa şərəfsizlik edib təhqir etməsinlər, ağızları çatmayan yeri qaşmasınlar!

Məni təəccübləndirən öz içimizdən müəyyən adamların da bu şərəfsiz kampaniyaya qoşulub “Səhər TV”-nin ağzını yalamalarıdır. Mən bu zümrəni başa düşmürəm. Görünür, bunların bir hissəsinin düşmənçilik yayan TV haqqında məlumatları yoxdur, ya da fars-İran rejiminin tulalarıdır. Başqa ad tapa bilmirəm…

“Qurani-Kərim”in ayələrində insanlar Yer üzündə mərhəmətin, şəfqətin, səmimi münasibətin və sülhün yarana və yaşaya biləcəyi model olaraq məhz İslam əxlaqına çağırılır. “Əl-Bəqərə” surəsinin 208-ci ayəsində belə deyilir: “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir”. Səhər TV zəhəri və qəhəri ilə İslamın, sülhün yox, şeytanın və düşmənçiliyin yolundadır…

Nəsimi Şərəfxanlı musavat.com


Geri qayıt