Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan “əxlaqsız” II Qaregini necə və nə vaxt devirəcək?

Paşinyan “əxlaqsız” II Qaregini necə və nə vaxt devirəcək?


Bu gün, 07:42

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələri bildiriblər ki, dekabrın 28-də Eçmiədzində keçiriləcəyi ehtimal olunan liturgiyada iştirakları barədə onlara rəsmi şəkildə heç bir məlumat verilməyib. Baş nazir Nikol Paşinyanın mətbuat katibi isə qeyd edib ki, onların iştirakı ilə baş tuta biləcək liturgiyanın hansı kilsədə keçiriləcəyi hələlik məlum deyil. Bu barədə “Qraparak” qəzeti yazır.

Yayılan şayiələrə əsasən, Nikol Paşinyan kilsə və katolikosla bağlı məsələni nəyin bahasına olursa-olsun həll etmək niyyətindədir. İddiaya görə, o, satqın yepiskoplar və tərəfdarları ilə birlikdə Kafedral kilsəyə daxil olmağı, bundan öncə isə güc strukturlarının vasitəsilə kilsəni ruhanilərdən “təmizləməyi” planlaşdırır. Zərurət yaranacağı təqdirdə, bütün ermənilərin katolikosuna yaxın digər şəxslərin də həbs edilməsi istisna olunmur. Məqsəd katolikosun “diz çökməsinə” nail olmaqdır.

Paşinyan bu məsələni seçkilərə qədər istənilən yolla həll etmək istəyir. Xarici qüvvələrin tələbindən əlavə, o özü də hesab edir ki, planını həyata keçirə bilsə, cəmiyyətdə apatiya daha da dərinləşəcək və seçkilərdə qələbə qazanmaq üçün ciddi səyə göstərməyə ehtiyac qalmayacaq. Sadə vətəndaşlar təkcə kilsəni diz çökdürən Paşinyana deyil, eyni zamanda bütün bunların qarşısını ala bilməyən aciz müxalifətə də nifrət etməyə başlayacaq.

Paşinyan ötən həftə 10 satqın yepiskopun köməyi ilə sınaq xarakterli addım atdı, Patriarx iqamətgahının müdafiəsi baxımından müxalifətin resurslarını, ona qarşı çıxacaq insanların sayını, eləcə də Patriarx iqamətgahının ələ keçirilməsi üçün tələb olunan qüvvənin həcmini qiymətləndirməyə çalışdı”, – nəşr iddia edir.

Azadlıq Radiosu isə yazır ki, Ermənistan müstəqillik əldə etdikdən sonra kilsə ilə dövlət arasında ən ciddi qarşıdurma mərhələsi ilə üz-üzədir. Baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin rəhbəri, katolikos II Qaregin arasında gərginlik durmadan artır.

Qeyd olunur ki, bu mübahisə həbslərə, açıq ittihamlara, eləcə də erməni kimliyi, idarəetmə sistemi, ölkənin geosiyasi istiqaməti və baş nazirin konstitusiyaya münasibəti ilə bağlı bir-birinə zidd mövqelərin yaranmasına səbəb olub.

Bu qarşıdurma gələn ilin iyununda keçiriləcək parlament seçkiləri ərəfəsində Ermənistanın siyasi mənzərəsini, həmçinin ölkənin diasporla münasibətlərini dəyişə bilər. Yəni kilsə ilə dövlət arasındakı münaqişə Ermənistan üçün son dərəcə həssas bir dövrə təsadüf edir.

Hökumətin addımlarını tənqid edənlər bildirirlər ki, ruhanilərin həbsi və kilsə ilə bağlı aparılan istintaqlar konstitusiyanın kilsə ilə dövlətin bir-birindən ayrı olması prinsipini təsbit edən normasını pozur.

Buna baxmayaraq, baş nazir təzyiqləri zəiflətməyib. O, bu yaxınlarda Milli Təhlükəsizlik Xidmətinə kilsə ayinlərinə nəzarət edilməsi ilə bağlı göstəriş verdiyini təsdiqləyib və ruhanilərə liturgiyalar zamanı II Qareginin adını çəkməməyi tapşırıb.

Bəs baş verənlərin mahiyyəti necə izah etmək olar? Doğrudanmı Paşinyan ən yaxın günlərdə II Qaregini devirmək niyyətindədir?

Tanınmış erməni analitik və publisist İşxan Verdiyan bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Mən, Robert Koçaryanın media qrupunun flaqmanı sayılan və materiallarında heç vaxt dürüst analitikaya rast gəlinməyən “Qraparak” qəzetinin ehtimallarına və ifadələrinə əsaslanmıram. “Katolikosun ümumxalq dəstəyi” barədə sitat açıq-aşkar feykdir və bunu Ktriç Nersisyanın xarici səfərdən sonra Ermənistana qayıdışı zamanı çəkilmiş real kadrlar asanlıqla ifşa edir: hava limanı boş idi və katolikos özü də təəccüblənərək “bəs xalq haradadır?” sualını verdi.

Bu fakt Nikol Paşinyanın əsas problemlərindən birini üzə çıxarır: o, beynəlxalq media ilə kommunikasiya qurmağı bacarmır. Məhz buna görə də, xarici nəşrlər “Qraparak” kimi tamamilə nüfuzdan düşmüş mənbələrə istinad etməyə məcbur qalırlar”, – ekspert bildirib.

Onun sözlərinə görə, bu gün Ermənistan vətəndaşlarının mütləq əksəriyyəti baş nazirin tərəfdarıdır və Ktriç Nersisyanın uzun müddət taxtda qalmaq şansı yoxdur. “Ermənidilli media məkanında onun cinayətləri və Erməni Apostol Kilsəsinin katolikosuna yaraşmayan əxlaqsız davranışları geniş şəkildə məlumdur və faktiki olaraq sübuta yetirilib. Böyük ehtimalla, bu hallar artıq cinayət müstəvisinə keçirilib. Bu baxımdan Nersisyanın həbsi də istisna deyil.

Mən hesab edirəm ki, onun gedişi parlament seçkilərindən xeyli əvvəl baş verəcək – bu, artıq həftələrin, hətta günlərin məsələsidir. Nikol Paşinyan, şübhəsiz ki, qalib gələcək, çünki Ermənistan vətəndaşlarının böyük əksəriyyəti onu dəstəkləyir və özləri də Müqəddəs Taxtın mümkün qədər tez “təmizlənməsini” istəyirlər”, – İşxan Verdiyan yekunlaşdırıb.


Geri qayıt